Prezidentin köməkçisi: “Ermənistanın yeni yol ayrıcında konsepsiyası utopiyadır”
21-noy, 12:00 193 Gündəm / Siyasət“Ermənistanın yeni yol ayrıcında konsepsiyası utopiyadır”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfrans çərçivəsində xarici jurnalistlərə deyib.
Onun sözlərinə görə, Ermənistan yeni yol ayrıcında konsepsiyası irəli sürmüşdü:
“Bu, onun öz qərarıdır, ancaq utopik xarakter daşıyır. Biz son üç ildə müzakirə apardıq, nəticə olmadı. Ona görə də Ermənistan müzakirə etməli, bunun nə dərəcədə effektiv olduğunu düşünməlidir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulsun. Artıq İran və Azərbaycan arasında hökumətlərarası sənədlər imzalanıb. Digər tərəfdən, Qars-İğdır dəmiryolunun qurulması üçün qardaş Türkiyə ilə əlaqələrimiz davam edir. Bununla da regionumuz ətrafında dairəvi dəmir yolu xətti qurulmuş olacaq. Ancaq Ermənistan son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözləyə bilmərik. Orta Dəhliz yeni reallıqlar ortaya çıxarır”.