Leyla Əliyevanın ictimai-siyasi fəaliyyəti və Azərbaycanın dünya miqyasında təbliği işindəki fəaliyyəti gənclərə ən mükəmməl örnəkdir -Könül Nəbizadə
29-dek, 14:24 105 Gündəm / CəmiyyətNəciblik, həmrəylik, dostluq və əməkdaşlıq missiyasının daşıyıcısı, dəyərli Azərbaycan qadını, ictimai xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, “Bakı” jurnalının baş redaktoru, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) sədri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla xanım Əliyeva “İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik”- bu fikirləri həm də onun fəaliyyətini, həyat missiyasını dəqiqliklə ifadə edir.
Leyla xanımın təşəbbüsü ilə reallaşan tədbirlər, ilk növbədə, insanlığa, sülhə, əməkdaşlığa xidməti ilə seçilir. Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi bu qəbildəndir. Özü bu barədə deyir:"Əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm”.
Leyla Əliyeva özündə Azərbaycan gənclərinin ən yaxşı keyfiyyətlərini birləşdirir. Bu o insanlardır ki, ölkəmizin gələcəyi üçün narahatdırlar və onun çiçəklənməsi naminə çalışmağa hazırdırlar.
Leyla xanımın fəaliyyəti müxtəlif sahələri əhatə edir. Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı Leyla Əliyevanın və onun ideyaları ətrafında birləşdirir.
Azərbaycan cəmiyyətinin istəyi və Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti sanki bir uyğunluq təşkil edir. Leyla Əliyevanın gördüyü işlər, reallaşdırdığı layihələr cəmiyyətin fikrini ifadə edir və buna görə də bizim hamımıza ruhən çox yaxındır.
Leyla Əliyevanın çoxşaxəli fəaliyyətində başlıca məqsədi Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini dünya çapında ən mükəmməl formada təbliğ etməkdir.
Azərbaycan ictimaiyyəti bu günə qədər Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən bir çox mühüm layihələrə şahidlik edib. Bu layihələrin hər birini xarakterizə edən ən mühüm cəhətlərdən biri də onların yeniliyi, unikallığı və doğma vətənə bağlılığı ifadə etməsi ilə seçilməsidir.
Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə işıq üzü görən “Baku” jurnalı da belə təşəbbüslərdən biridir.
2007-ci ildə Moskvada nəşr olunmağa başlayan “Baku” jurnalının 2011-ci ildə ingilis dili versiyası da təqdim olunub. Jurnal qarşısına Azərbaycanı dünyada tanıtmaq, sevdirmək və ölkəmizin geniş turizm potensialını təbliğ etmək missiyasını qoyub. Buna görə də jurnal beynəlxalq auditoriyaya Azərbaycan və onun paytaxtı Bakı şəhəri, xalqımızın zəngin adət və ənənələri, ölkənin dolğun mədəni həyatı, tarixi şəxsiyyətləri və bizim müasirlərimiz – öz əməyi, istedadı və sənəti ilə doğma diyarımızı dünyada şöhrətləndirən ədəbiyyatçılar, şairlər, rəssamlar, musiqiçilər, memarlar haqqında, nadir milli mətbəximiz, xalq sənətləri barədə genişhəcmli informasiya təqdim edir.
Bu nəşr geniş oxucu auditoriyasını Azərbaycanın qədim tarixi, mənzərəli guşələri ilə tanış edir, xalqımızın humanizmi, milli-mənəvi dəyərləri, ölkədə bərqərar olmuş və artıq Azərbaycanın brendinə çevrilmiş nadir multikultural ab-hava barədə söhbət açır. Jurnalın hər nömrəsi çapdan çıxandan sonra oxucular Azərbaycanı daha yaxşı tanıyır, ölkəmizə səyahət edir, onun təklif etdiyi reseptlər əsasında yeməklər hazırlayır, Azərbaycanın tarixini yenidən dərk edir, dünyanın müxtəlif guşələrində yaşayan istedadlı bakılılarla tanış olurlar. Jurnalın nömrələrində təqdim edilən materiallarda Azərbaycana, xalqımıza, doğma Bakımıza sonsuz sevgi tərənnüm edilir, dünya insanı bu qədim, qədim olduğu qədər də müasir, əsrarəngiz gözəlliklərə və səxavətli, mehriban insanlara sahib ölkəyə baş çəkməyə çağırılır. Baş redaktor Leyla Əliyevanın söylədiyi kimi, Bakıya gələnlərin sayı artdıqca jurnalın oxucularının sayı da artır və əksinə: “Baku” jurnalını oxuyan hər kəs gec-tez, qısa müddətə də olsa, şəhərimizə gəlmək imkanı axtarmağa başlayır və belə bir imkan tapır.
Leyla Əliyevanın fəaliyyətinin daha bir uğurlu istiqaməti ekologiya və heyvanların müdafiəsi sahəsində işdir. Onun təşəbbüsü ilə 12 iyul 2011-ci ildə yaradılmış IDEA İctimai Birliyi Azərbaycanın unikal təbiətinin mühafizəsinə, ümumilikdə ölkənin ekoloji vəziyyətinin yaxşılaşmasına mühüm töhfə verib, 5 milyondan çox müxtəlif növ ağac əkilmişdir.IDEA Azərbaycanın yaşıllaşdırılması üzrə də aktiv fəaliyyət göstərir. IDEA və Leyla Əliyeva sayəsində ölkəmizin ekologiyası etibarlı müdafiə olunur.İstedadlı insan hər sahədə istedadlıdır. Bu mənada, Leyla Əliyevanın rəhbərlik etdiyi bütün layihələr onun fərdi liderlik keyfiyyətləri, məqsədyönlülüyü, iradəsi və zəhmətsevərliyi sayəsində uğur qazanır.
Leyla Əliyeva həm də yaradıcı insandır. O, hərtərəfli istedada malikdir: Leyla xanım şeirlər yazır, rəsm çəkir, o, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib. Leyla Əliyevanın müəllifi olduğu mistik rəsmlər düşünməyə vadar edir, onun şeirləri sevgi, işıq və səmimiyyətlə doludur, gözəl gələcəyə ümid verir.
Leyla Əliyevanın ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyətindən söz açarkən bir məqama xüsusi diqqət yetirmək lazımdır: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilir. Qayğıya ehtiyac duyan uşaqların görüşünə təkcə bayram günlərində deyil, adi vaxtlarda da müntəzəm olaraq gedən Leyla xanım onların arzu və istəklərinə əməl etməkdən, sözün əsl mənasında, zövq alır.
Leyla xanımın vaxtaşırı olaraq həvəslə yollandığı ünvanlar psixonevroloji sosial xidmət müəssisəsi, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi internat məktəbi, uşaq evləri, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Talassemiya, Daun mərkəzləri və bu kimi onlarca digər müəssisələrdir. O, hər ziyarəti ilə həmin ünvanlardakı uşaqlara bir dünya sevinc bəxş edir. Onların sağalmaları, fəal həyata qovuşmaları üçün əlindən gələni əsirgəmir.
Bu gün Azərbaycanda xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı böyük layihələrin həyata keçirilməsi, ilk növbədə, birinci vitse-prezident Mehriban Əliyevanın və Leyla Əliyevanın adı ilə bağlıdır. Babasına, ata və anasına xas olan nəciblik, insanpərvərlik, böyüyən nəslə qayğı kimi özəl keyfiyyətlər Leyla xanıma da dərindən sirayət edib və ona böyük rəğbət qazandırıb.