Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüb

Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçlə görüşüb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviçi salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, cənab Prezident. Sizi yenidən görməyə çox şadam. Çox şadam ki, VIII Qlobal Forumda iştirak edirsiniz. Biz dəfələrlə görüşmüşük. Həmçinin bu yaxınlarda telefonla tərəfdaşlığımız, əməkdaşlığımız və millətlərimiz arasında sıx dostluq əlaqələri barədə danışmışıq. Ölkələrimiz hər zaman bütün məsələlərdə bir-birini dəstəkləyib. Bu qarşılıqlı dəstək tərəfdaşlığımızı çox xüsusi edir. Mən Azərbaycanın ötən il torpaqlarının azad edilməsi uğrunda apardığı müharibə zamanı dəstəyinizə görə şəxsən Sizə çox minnətdaram. Ölkələrimiz arasında çoxlu oxşarlıqlar var və xalqlarımız bir-birini daha yaxşı tanıyır. Demək olar 50 ildir ki, Bakı və Sarayevo qardaşlaşmış şəhərlərdir. Sözsüz, bu elə bir vaxt idi ki, ölkələrimiz müstəqil deyildilər. Lakin biz müstəqillik illərində bu sıx əməkdaşlığı davam etdiririk. Əminəm ki, Sizin səfəriniz siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığımızla bağlı müxtəlif məsələləri müzakirə etmək üçün yaxşı fürsət olacaq. Bir daha xoş gəlmisiniz.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç dedi:

– Cənab Prezident, dəvətinizə və VIII Bakı Forumunda iştirak etmək və orada çıxış etmək imkanına görə təşəkkür edirəm. Ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi var və ümidvaram ki, gələcəkdə biz buna əsaslanaraq dostluq əlaqələrini davam etdirəcəyik. Mən telefon danışığımız zamanı artıq Sizi təbrik etmişəm, lakin indi şəxsən Sizi Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə bir daha təbrik etmək istərdim. Siz beynəlxalq hüququn qaydaları çərçivəsində torpaqlarınızın azad edilməsi uğrunda müharibə aparmısınız və hazırda öz ərazinizin bir hissəsini yenidən qurmağa çalışırsınız. Mən hətta müharibə zamanı bu barədə dəfələrlə danışmışam. Ümidvaram ki, biz siyasi, iqtisadi, mədəniyyət məsələlərində əməkdaşlığımızı davam etdirəcəyik.