Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalanıb


Azərbaycan - Slovakiya biznes forumu çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti və Slovakiya İxrac və İdxal Bankı (EXIMBANKA), həmçinin Slovakiyanın “SEAK Energetics” şirkəti və “ITECH GROUP” MMC arasında əməkdaşlıq memorandumları imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.
Bildirilib ki, sənədlərin icrası tərəflər arasında biznes, rabitə və kibertəhlükəsizlik, smart texnologiyalar kimi sahələrdə əməkdaşlığın inkişafını təmin edəcək.

10:10
“Hazırda Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması nəzərdən keçirilir”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Slovakiya biznes forumda deyib.
O vurğulayıb ki, ötən illər ərzində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm səylər göstərilib:
“Bizim hüquqi bazamız genişlənib, ölkələrimiz arasında 11 sənəd imzalanıb. 2021-ci ilin oktyabrında iki ölkə arasında sənaye, tikinti, nəqliyyat, logistika, investisiyaların təşviqi, enerji və digər sahələri əhatə edən “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş” imzalanıb”.
Nazir qeyd edib ki, bu saziş iki ölkə arasında iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin yaradıb.