“CareerLAB” şəbəkəsi bu dəfə ADPU-da keçirilib
13-may, 10:48 63 GündəmGənclərin İnkişaf və Karyera Mərkəzi paytaxt və regionda yaşayan gənclər üçün “CareerLAB şəbəkəsi” layihəsini uğurla davam etdirir.
Gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək məqsədilə baş tutan layihə bu dəfə "Gənclər üçün pedaqoji karyera planlaması və müasir çağırışlar" mövzusu üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş tutub.
İlk olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Kərimzadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli çıxış edərək, iştirakçılara tədbir haqqında ümumi məlumat verib, layihənin gedişatında onlara uğurlar arzulayıblar.
Layihə çərçivəsində panel müzakirələr keçirilib. Moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Ləman Harunova, panelistlər qismində ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, 157 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, psixoloq Sevinc İsmayılova, 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, pedaqoq Günel Əkbər, Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbin ibtidai sinif müəllimi, pedaqoq Leyla Şıxəlizadənin iştirak etdiyi panel müzakirəsində “İmtahanın test və müsahibə mərhələsində uğurlu nəticənin yolları”, “Şagird psixologiyası, şagirdlərlə iş zamanı nəzərə alınmalı olan əsas psixoloji məqamlar”, “Tələbə gənclər üçün universitet illərinin düzgün dəyərləndirilməsi və vaxtın idarə olunması”, “Müasir dövrün müəllimdən tələbləri” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Daha sonra gənclərin sualları cavablandırılıb.
Məlumat üçün bildirək ki, “CareerLAB” şəbəkəsi bundan əvvəl Bakı Dövlət Universiteti, həmçinin BDU-nun Qazax filialı, UNEC-in Zaqatala filialı, Azərbaycan Texnologiya Universitetində müxtəlif mövzular üzrə həyata keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri "CareerLAB" şəbəkəsinin əsas tərəfdaşlarıdır.