Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir


Azərbaycanın xarici siyasətində MDB dövlətləri ilə əməkdaşlıq əsas istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Belorus ilə Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur.

Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanır. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Belorus və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. 

Qeyd edilməlidir ki, Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı siyasi etimadın formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqe və Azərbaycanın və Belarusun təmsil olunmadığı beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləmələridir. Məsələn, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü məsələsində Azərbaycanın mövqeyini dəstəkləyib. Həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.

Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib: “Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”. Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Geniştərkibli görüş zamanı Belarus lideri Aleksandr Lukaşenko qeyd edib ki, Azərbaycanın azad edilən ərazilərində dirçəliş dövrü başlayıb. Bildirib ki, ölkəsi azad edilmiş ərazilərin bərpasına kömək göstərə və bu prosesdə iştirak edə bilər: "Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər”.

Sonradan Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi keçirilib. Mərasimdə bir sıra mühüm sənədlərin, o cümlədən   “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”nı, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu” imzalanıb.

Mərasimdə həmçinin “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında, “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında, “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumlar”ı imzalanıb.

Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan son illərdə böyük uğurlara nail olub. Onun sözlərinə görə, Azərbaycan son illərdə, hər şeydən əvvəl, əsas problemini həll etməklə (uzun müddət ərzində sadəcə səhraya çevrilən torpaqlarını qaytarmaqla) çox böyük uğura nail olub.

Qeyd edilib ki, Belarus və Azərbaycan sənaye sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır. “Biz bütün məsələləri müzakirə etdik, açıq qalan məsələlər yox idi. Buraya təkcə MAZ avadanlıqlarının deyil, həm də yanğınsöndürmə texnikasının birgə istehsalı daxildir. Üstəlik, buraya lift avadanlığının istehsalı (sovet evlərində köhnə liftlərin dəyişdirilməsinə ehtiyac var) daxildir. Biz bu istehsalı saxlamışıq və azərbaycanlı dostlarımızla burada bu avadanlığı istehsal etməyə hazırıq”, - o bildirib.

Həmçinin Prezident Aleksandr Lukaşenko Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib. “Əczaçılıq məhsullarına gəlincə, biz hətta sabah belə, sizə lazım olan dərmanların tədarükünə başlamağa və Belarusda istehsal edə biləcəyimiz dərmanlar və baytarlıq preparatları üçün burada birgə istehsal yaratmağa hazırıq. Bu da çox böyük proqramdır. Bu, Azərbaycanda heç kimin işləməsinə mane olmayan proqramdır. Biz bu zaman burada heç kimlə rəqabət aparmırıq. Baxmayaraq ki, bu sahədə rəqabət olmalıdır”, - o bildirib.

Əminliklə bildirmək olar ki, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun gələcək tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü