Qarşılıqlı etimada əsaslanan münasibətlər
20-may, 17:09 74 Gündəm / SiyasətMəşhur Məmmədov
Milli Məclisin deputatı
Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə yaradılmışdır. 2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə Səfirliklər açılmışdır. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olmuşdur. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. Azərbaycanla Belarus arasında iqtisadi əlaqələrin davamlı inkişaf meylləri müşahidə olunur. İkitərəfli münasibətlərin iqtisadi və humanitar sahələrinin perspektivlərini əhatə edən sənədlər “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında Müqavilə” və onun tərkib hissəsi olan, iki ölkə arasında bu sahədə əməkdaşlığın istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı”dır. Bu Proqramda nəzərdə tutulmuş tədbirlərin ardıcıllıqla həyata keçirilməsi iki ölkə arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etməsinə imkan yaradır. Ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədi ilə Minsk şəhərində “Azərbaycan Ticarət Evi”, Azərbaycanda isə Belarus mağazalarının şəbəkəsi fəaliyyət göstərir. İki ölkə arasında mədəniyyət, turizm, idman, elm və təhsil sahələrində əməkdaşlıq uğurla inkişaf edir. Qarşılıqlı olaraq Azərbaycan nümayəndə heyətləri Belarusda, Belarus nümayəndə heyətləri Azərbaycanda keçirilən bir sıra humanitar tədbirlərdə iştirak edir. Gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik.
Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir.
Münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək Prezident İlham Əliyevin cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri zamanı birgə imzaladıqları “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”; “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”; “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”; “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”; “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”; “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”, “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” bundan sonra da əlaqələrimizin şaxələnməsində böyük rol oynayacaq.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mətbuata verdiyi bəyanatında - Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik, - deməsi bunun bariz nümunəsidir. Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər.
www.AzadMedia.az