YAP-ın təhsildəki namizədləri... - Direktor da var, müəllim də
18-iyl, 10:52 50 GündəmXəbər verdiyimiz kimi, YAP-ın İdarə Heyəti Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar partiyanın namizədlərini elan edib. Namizədlər sırasında xeyli yeni adlara rast gəlmək olur ki, onların da bir neçəsi təhsil sektorundandır.
“Qafqazinfo” həmin namizədlərdən bir neçəsini təqdim edir:
121 saylı Laçın seçki dairəsindən namizəd olan Muradov Rövşən Şahbaz oğlu iqtisadiyyat üzrə elmlər doktorudur. 1970-ci ildə Bakıda anadan olub.
UNEC-in “Menecment” kafedrasının professorudur.
4 monoqrafiya, 70-dək elmi-metodiki əsərin müəllifidir. Evlidir, iki övladı var.
116 saylı seçki dairəsindən deputatlığa namizəd olan Tağıyeva Ədilə Əli qızı da təhsil sektorundandır. O, Qəbələ şəhər 3 saylı məktəbin direktorudur.
95 saylı Zərdab - Kürdəmir - Ucar seçki dairəsindən namizəd olan İsmayılova Səliqə Oruc qızı da müəllimdir. O, 1963-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub. Zərdabda Həsən bəy Zərdabi adına 1 saylı məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısıdır.
Sumqayıt Dövlət Universitetinin iqtisadi məsələlər üzrə sabiq prorektoru Hacıyev Naib İsmixan oğlu da YAP-ın yeni namizədlərindəndir. Onun namizədliyi 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən irəli sürülüb.
16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Mirzəyev Həbib Adil oğlu isə AzTU-da Humanitar fənlər kafedrasının müdiridir. O, 1961-ci ildə Yardımlıda anadan olub. 2001-ci ildən YAP-ın üzvüdür.
27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd olan Qasımova Səbinə Məmmədağa qızı da təhsil sektorundandır. O, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı məktəbin direktorudur. 1986-cı il təvəllüddü namizəd Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur.
123 saylı Kəlbəcər seçki dairəsindən namizəd olan Əhmədova Aidə Ələsgər qızı da məktəb direktorudur. O, Kəlbəcər rayon 56 nömrəli məktəbin rəhbəridir.
Qeyd edək ki, yuxarıda adları çəkilənlər iş yerlərini dəqiqləşdirə bildiyimiz namizədlərdir. Təhsil sektorundan başqa namizədlərin də olması istisna deyil.
Emin Səfərov