Azərbaycanla Ermənistan arasında yeni müharibə: Blef, yoxsa reallıq?
27-iyl, 14:35 53 Gündəm"Təxribat xarakterli addımlar istisna olmaqla dərinləşmiş müharibə ehtimalı yaxın perspektivdə görünmür".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev payz və ya qış aylarında Ermənistanla Azərbaycan arasında yeni bir müharibənin alovlana biləcəyi barədə "Yeni Şafak" qəzetinin baş redaktoru İbrahim Karagül X sosial şəbəkəsindəki ehtimalını şərh edərkən deyib.
Ekspert bildirib ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi ləng gedir. Çünki bölgədə öz geosiyasi məqsədləri olan dövlətlər də prosesin içində olmağa çalışırlar:
"Onlar sülhün öz şərtləri əsasında olmasını istəyir. Normallaşma prosesi Qərblə Rusiya kimi fərqli hərbi qütblərin sanki mübarizəsi əsasında gedir. İrəvanın da bu məsələdə dediyi ilə əməli arasında böyük fərqlər var. Sözdə sülhdən danışır, işdə isə onun əksinə fəaliyyət göstərir. O, marionet ölkə rolunda çıxış edir".
Üzeyir Şəfiyev qeyd edib ki, Ermənistanın yaxın müddət üçün müharibə aparmaq qüdrəti yoxdur. Psixoloji və hərbi baxımdan buna hazır deyil:
"Ermənistan İran, Hindistan və Fransa tərəfindən silahlandırılsa da, Azərbaycan özünün iqtisadi və hərbi potensialına görə İrəvandan müqayisə olunmaz dərəcədə güclüdür. Bu mənada İrəvan başa düşür ki, hər hansı bir təxribata yol versə, daha ağır duruma düşəcək. Ona görə də bu sayaq açıqlamalar sadəcə olaraq Azərbaycanı çəkindirmək və kompromisə vadar etməyə və Qərbin geosiyasi maraqlarının diqtəsinə hesablanıb. Yaxın müddətdə böyük müharibə ehtimalı yoxdur. Sadəcə, sərhəd təxribatları ola bilər. Azərbaycan və müttəfiqləri vəziyyəti nəzarətdə saxlayır".
Qeyd edək ki, Türkiyənin hakim partiyasına yaxın "Yeni Şafak" qəzetinin baş redaktoru İbrahim Karagül X sosial şəbəkəsində üzümüzə gələn payız, ya da qışa doğru Ermənistanla Azərbaycan arasında növbəti böyük müharibənin başlaya biləcəyini ehtimal edib. Karagülün fikrincə, bunu önəmli xarici amillər, Türkiyə və Pakistanın Azərbaycana verdiyi hərbi dəstəyə qarşı Hindistan, İran və Fransanın Ermənistana ağır silahlar göndərməsi diktə edir. Karagülə görə, bu dəfə Ermənistan Zəngəzuru və İranla sərhəd əlaqəsini itirə bilər.
Rüfət Sultan