“Onların səsvermə otağında çəkiliş aparması qanunsuzdur”
01-sen, 13:41 33 GündəmSəsvermə günü seçki məntəqələrində internet televiziyaların, sayt və bloqların nümayəndələrinin səsvermə otağında çəkiliş aparmaları, seçki prosesinə müdaxilə etmələri, müşahidəçiləri sorğu-suala tutmaları hallarına rast gəlinir.
MSK tərəfindən müvafiq qeydiyyata alınmayan media təmsilçilərinin səsvermə otağında bu cür davranışlarına icazə verilirmi?
“Qafqazinfo” xəbər verir ki, Faktyoxla Lab. bu məqamı araşdırmağa çalışıb.
Bu barədə Azərbaycan Respublikasinin Seçki Məcəlləsinin 7-ci fəslinin (“Seçkilərin (referendumun) hazırlanması və keçirilməsi zamanı aşkarlıq") 40.15 maddəsində deyilir: “Səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin, o cümlədən məntəqə seçki komissiyası üzvlərinin bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin, media subyektləri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən etməyə imkan verən, soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkli olan lövhəcik olmalıdır”.
Bu maddədə qeyd olunan “Məcəllənin 40.2-ci maddəsində” yazılıb: “Seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri yaxud onların vəkil edilmiş şəxsləri, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər”.
Beləliklə, səsvermə günü səsvermə zalında (məntəqədə) Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən etməyə imkan verən (soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkil) lövhəcik olmayan media subyektləri nümayəndələrinin iştirakına Qanun yol vermir. “MeydanTV”, “Abzas Media”, “Mikroskopmedia”, “Azad söz” və digər bloqların təmsilçilərinin səsvermə otağında olması, çəkiliş aparması qanunsuzdur.