Prezident bu mərkəzləri ləğv etdi (SƏRƏNCAM)
22-noy, 10:53 23 GündəmPrezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsin ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görsün;
2.2. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. bu Sərəncamın 1-ci hissəsi və 2.1-ci bəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.