“Konstitusiya və Suverenlik İli” beynəlxalq arenada mövqeyimizi daha da möhkəmləndirəcək
08-yan, 14:32 5 GündəmMəşhur Məmmədov,
Millət vəkili
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Bu qərar Azərbaycanın dövlət müstəqilliyinin, hüquqi və siyasi suverenliyinin daha da gücləndirilməsinə xidmət edir və tarixi bir neçə əsas kontekstdə dəyərləndirilir.
Azərbaycanın müstəqil dövlət quruculuğunda Konstitusiyanın rolu əvəzsizdir. 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiya ölkənin hüquqi sisteminin əsasını qoymuş və insan hüquqlarının qorunmasını təmin etmişdir.
Bu sənəd Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün, xalqın iradəsinin və demokratik prinsiplərə əsaslanan dövlət idarəetməsinin təminatçısı kimi mühüm əhəmiyyət daşıyır. Konstitusiya qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyətini tənzimləyir. Dövlət idarəetməsinin demokratik prinsipləri, vətəndaşların hüquq və azadlıqları bu sənəddə müəyyən edilib.
Konstitusiya xalqın hakimiyyətin mənbəyi olduğunu bəyan edir. Seçki hüququ, siyasi plüralizm, söz və vicdan azadlığı kimi prinsiplər onun əsas tərkib hissələridir.
1995-ci ildən etibarən həyata keçirilən hüquqi islahatlar məhz Konstitusiyaya əsaslanıb. Bu islahatlar müstəqil məhkəmə sisteminin qurulması, iqtisadi azadlıqların genişləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafına təkan verib.
Konstitusiya həm də dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumağı hüquqi norma kimi təsbit edib. Bu, Ermənistanın təcavüzünə qarşı mübarizədə mühüm hüquqi dayaqlardan biri olub.
Qlobal inteqrasiyanın dəstəklənməsində əvəzsiz rol oynayan Konstitusiya Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq siyasətini dəstəkləyir. İnsan hüquqları, qanunun aliliyi və demokratik dəyərlər kimi prinsiplər Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub.
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi-siyasi inkişafı və vətəndaş cəmiyyətinin formalaşması baxımından Konstitusiya öz aktuallığını daim qoruyur. O, dövlətçilik prinsiplərinin müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etdirilməsinə şərait yaradır.
2025-ci ildə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyi qeyd olunur, bu isə hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi baxımından mühüm mərhələdir.
Suverenliyin qorunması və beynəlxalq mövqelərin gücləndirilməsi baxımından bu qərarın böyük əhəmiyyəti var.
Azərbaycan öz suverenliyini gücləndirmək və beynəlxalq səviyyədə təsdiq etmək üçün davamlı siyasət yürütməkdədir. 2025-ci ilin “Suverenlik İli” kimi qeyd olunması, ölkənin ərazi bütövlüyü məsələlərinin tam həll edilməsi, Qarabağ və Şərqi Zəngəzurun reinteqrasiyası istiqamətində atılan addımların dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir.
Məsələyə ülobal və regional kontekstdən yanaşsaq görürük ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan regional gücə çevrilmiş, enerji layihələri, tranzit xətləri və beynəlxalq əməkdaşlıq çərçivəsində qlobal əhəmiyyətli bir ölkəyə çevrilmişdir. Bu qərar Azərbaycanın hüquqi və siyasi təsisatlarının gücləndirilməsinə, milli maraqların qorunmasına daha böyük diqqət yetirilməsini təmin edir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində hüquqi maarifləndirmə, gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi, vətəndaşların hüquq və vəzifələrinin təbliği prioritetlərdən biri ola bilər. Bu isə hüquqi cəmiyyətin formalaşdırılmasında mühüm rol oynayır.
Cənab Prezidentin bu təşəbbüsü Azərbaycan tarixində dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, hüquqi dövlətin inkişaf etdirilməsi və xalqın milli birlik ruhunun gücləndirilməsi istiqamətində mühüm addımdır. Bu, həm də Azərbaycanın beynəlxalq arenada müstəqil və suveren dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək.
www.AzadMedia.az