Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)
09-yan, 11:11 2 Gündəm / Təhsil"Bu qərarın müsbət tərəfləri çoxdur. Düşünürəm ki, Azərbaycan vətəndaşları üçün xaricdə təhsil almaq baxımından geniş imkanlar yaradacaq qərardır".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılmasından danşarkən deyib.
Təhsil eksperti bildirib ki, təqaüdlərin artırılması Azərbaycan vətəndaşlarının dünyanın bütün nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün imkanların genişləndirilməsi deməkdir:
"Bəzi hallarda təqaüdün az olması dünyanın bir sıra universitetlərdə təhsil almağa imkan vermirdi. Təqaüdlərin artırılması vacibdir. Dövlət başçısının 28 fevral 2022-ci il tarixli sərəncamı ilə dünyanın nifuzli ali təhsil müəssisələrində Azərbaycan gənclərinin təhsil alması üçün 2022-2026-ci illəri əhatə edən dövlət proqramı təsdiq olunub. Sonra isə bu müddət iki il də uzadılıb. Burada daha çox magistratura, sonra isə bakalavr pilləsində təhsil almaq imkanı vardı. Sonrakı artırılan iki il isə doktorantura pilləsində təhsil almaq imkanı qazandırıb".
Elçin Əfəndi qeyd edib ki, proqramın icra müddəti hər il 400 nəfər olmaqla, ümumilikdə 2 min nəfərə kimi Azərbaycan vətəndaşlarının xaricdə təhsil almaq hüququ verir:
"İki il əlavə edildiyi üçün düşünülür ki, xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2500-3000 həddinə kimi qaldırıla bilər. Bunlarla yanaşı əsas vacib amil təqaüdün çox olmasıdır. Dövlət tərəfindən təqaüd nə qədər çox ayrılarsa dünyada tanınan birinci onluqda, yaxud da ilk iyrimilikdə yer alan universitetlərdə təhsil almaq imkanları daha real ola bilər. Vəsaitin konkret məbləği nə qədərdir, yaxud da nə qədər artırıla bilər bu barədə tam informasiya verə bilməyəcəm. Çünki qiymətlər universitetdən universitetə dəyişir".
Qeyd edə ki, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib ki, 2025/2026-cı tədris ili üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır.
Bahar Rüstəmli