Binəqədi rayonundakı 177 saylı uşaq bağçasında Novruz şənliyi keçirilib -VİDEO


Bakının Binəqədi rayonunda yerləşən 177 saylı körpələr evi-uşaq bağçasında Azərbaycan xalqının milli adət ənənələrini özündə birləşdirən, xalqımızın qədim bayramı olan Novruz bayramı qeyd olunub.

Bağçanın direktoru Lalə Hüseyinova çıxış edərək uşaqları, onların valideynlərini, bağçanın kollektivini bayram münasibətilə təbrik edib, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb. Qeyd edib ki, bu günkü gün uşaqlar daha xoşbəxt, daha sevinclidirlər. Çünki onlar qalib ölkənin vətəndaşlarıdırlar.

Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın şəninə şeirlər, mahnılar, rəqslər ifa edilib, səhnəciklər göstərilib.

Direktor Lalə Hüseyinova şənliyin təşkilində əmək sərf edən tərbiyəçi-müəllimlər Elvira Teymurova, Sevinc Nəbiyeva, Samirə Abbasova və Rəmziyyə Sadıqovaya, texniki işçilər Nüşabə Zalova və Şəlalə Həsənovaya valideyinlər adından təşəkkürünü bildirib.

Şənliyin ən maraqlı anları isə azyaşlıların “Novruz bayramı”na, yazın və baharın gəlişinə, keçəl ilə kosaya aid şeirlər söylənilməsi olub.

Tədbirdə uşaqların rəngarəng rəqsləri maraqla izlənilib.