Prezident İlham Əliyev– alternativsiz lider, qüdrətli sərkərdə


Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir.

Ümummilli liderimizin layiqli davamçısı,   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şanlı qələbəsinə  həsr olunan bu dəyərli kitab Azərbaycan üçün zəfər dolu bir dövrə təsadüf edir. Müzəffər Ali Baş Komandan Azərbaycanın işğalda olan torpaqlarının bərpasının müəllifi kimi adını tarixə yazdırdı. Bu qələbənin mühüm amili Prezident İlham Əliyevin 44 gün ərzində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqləri ləyaqətlə dəf etməsi oldu. Bu gün haqlı olaraq Azərbaycan ictimaiyyəti İlham Əliyevin qətiyyətini böyük zəfərimizin ən əsas şərtlərindən biri kimi dəyərləndirir. 

44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının vətən, torpaq, bayarq sevgisi kimi əzəli keyfiyyətlərini bütün çılpaqlığı ilə ortaya çıxartdığı, onu bir kəs daha bütün dünyaya tanıtdığı şübhəsizdir. Bu müharibədə həyatını vətənin təhlükəsizliyi, toxunulmazlığı, bütövlüyü kimi ali məqsədlərlə fəda edən minlərlə şəhid, on minlərlə qazi xalqımızın özündə əxz etdiyi cəsarət, mübarizlik, qələbə əzmi kimi keyfiyyətləri qanları və canları bahasına nümayiş etdirdi. Hansı ki, bu insanların hər birinin ölkə gəncliyi üçün qüsursuz nümunə, əsl vətənpərvərlik simvolu olduğu şübhəsizdir. Lakin bu da bir həqiqətdir ki, dar məqamda Azərbaycan xalqını öz ətrafında dəmir yumruq kimi birləşdirən, xalq-ordu, xalq-dövlət birliyini təmin edən, ona zəfərə gedən yolu nişan verən, bu yolda xalqa öncüllük edən bir insan var ki, məhz o insan Azərbaycan xalqının vətənpərvərlik və milli mənlik şüurunun ali, ümumiləşmiş obrazıdır. Xalqın canlı əfsanəsinə, tarixi qəhrəmanına, əbədi qürur mənbəyinə çevrilən bu şəxs Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevdir. Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.

44 günlük Vətən müharibəsində   uğurlarımız Qarabağın işğaldan azad edilməsi prosesində qələbəmiz üçün müstəsna əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyev sübut etdi ki, dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. O həm də sübut etdi ki, Azərbaycan kimi çətin coğrafi mövqedə yerləşən türk-müsəlman dövlətinin taleyi onun liderindən çox asılıdır.

Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.