Cəmil Əmirov: Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi
07-noy, 12:09 187 Gündəm / CəmiyyətYasamal Rayon Polis İdarəsinin rəisi Cəmil Əmirov - Bütün zamanlarda Azərbaycan xalqı daim sülhün və əminamanlığın tərəfdarı olaraq çıxış edib. Lakin daha bir həqiqət budur ki, düşmən xalqımıza, dövlətimizə qarşı öz mənfur niyyətini həyata keçirməyə cəhd edəndə, düşmən sülh dilini anlamayanda ona layiqli cavab verilir. Çünki səbrin də bir həddi-hüdudu vardır. 2020-ci ilin sentyabrına qədər işğalçı və təcavüzkar Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Əvvəlcə Tovuzda baş verən təxribatın ardınca sonrakı vaxtlarda digər ərazilərimiz, mülki əhalimiz atəş altına alındı. Buna isə artıq dözmək, səbr göstərmək olmazdı.
Lakin danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. 2020-ci ilin sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsi də məhz belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu savaş özündə inam hissi ilə yanaşı, həm də ədalət faktorunu əks etdirdi. Torpaqlarımız 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı!
Məhz həmin andan etibarən Azərbaycan xalqının ürəyi eyni anda döyündü, Vətənin azadlığı üçün ölçüyəgəlməz mütəşəkkillik, xalq-dövlət birliyi dünyanı heyrətə gətirdi. Belə ki, xalq öz Prezidentinin, Ali Baş Komandanının, Müzəffər Sərkərdəsinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib.
Digər tərəfdən, Prezident İlham Əliyevin son 19 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu. Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Bununla da düşmənin “yenilməzlik” stereotipləri yerli-köklü olaraq məhvə məruz qaldı. Halbuki Azərbaycan dövləti və xalqı 30 il səbrlə gözləyirdi, danışıqlar prosesinə sadiq qalırdı. Düşmən bunu anlamadı və layiqli cavabını alması ilə məğlubiyyətə düçar oldu. Bu qələbənin daha bir reallığı isə inam idi. İnamı özündə birləşdirən ədalətli müharibə faktoru isə onu daim uca tutdu. Ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.
Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş etdirdi. Biz kimin kim olduğunu gördük və çoxları nəhayət, anladılar ki, Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir. Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz gücünə arxalandı, xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə vurdu. Bu da ondan irəli gəldi ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir. Onun hakimiyyətdə olduğu illər ərzində ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil edib - Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ölkənin ərazi bütövlüyünü bərpa etmək.
Yeri gəlmişkən, bu ilin iyununda Bakıda keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, Azərbaycan xalqı və dövləti üçün bu müharibəni başlamaq labüd idi: “Müharibə qaçılmaz idi və ədalətin, beynəlxalq hüququn, Azərbaycan xalqının milli ləyaqətinin bərpası ilə nəticələndi. Biz indi sülh barəsində danışırıq. Düşünürəm ki, bu dünyada unikal hallardan biridir ki, bu qədər uzun bir qarşıdurmadan sonra qısa müddət ərzində ədaləti bərpa edən və təcavüzkarı məğlub edən ölkə sülh təklif edir. Əgər müharibələr tarixinə nəzər salsanız, bu cür mənzərəyə çox da rast gələ bilməzsiniz”.
Bəli, bu müharibə ədalətli müharibə idi və sonsuz inamla, bir olan, vəhdət olan xalqımız, qüdrətli Silahlı Qüvvələrimiz, rəşadətli Ordumuz öz qalibiyyət təcəssümünü dünyanın hərb tarixinə yazmış oldu.