KƏLBƏCƏRİN ŞƏHİDLİK ZİRVƏSİNƏ 18 YAŞINDA UCALMIŞ FƏXRİ


İkinci Qarabağ  müharibəsindən bizi qısa müddət ayırsa da, 44 günlük şanlı qələbələrlə bol o hadisələr tariximizə və insanlarımızın ömür yoluna qızıl hərflərlə həkk olunduğundan müzakirələrə, analizlərə, araşdırmalara ehtiyac var.
Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin başçılığı altında çağdaş hərb tarixində unikal əməliyyatlara, qalibiyyətə imza atmış qəhrəman hərbçilərimiz sözlə deyil, əməlləri və qanları-canları ilə Vətənimizin bütövlüyünü, torpaqlarımızın müqəddəsliyini bərpa etdilər.
Günü bugün də bütün dünya ictimaiyyəti, “müharibəşünaslar” Şuşanı əliyalın azad etmiş gənclərdən ibarət peşəkar hərbçilərimizin şücaətindən heyrətləndiklərini bildirir. 2020-ci ilin 44 günü tariximizin 44 qələbəsinə bərabər oldu. Bu müqəddəs mübarizədə dövlət–rəhbər–ordu–xalq birliyi qalib gəldi: dünyaya səpələnmiş 60 milyonluq soydaşımız bir dəmir yumruq kimi birləşdi, qalibiyyət əldə etdi.
Vətənpərvərliyi, xalqsevərliyi Prezident İlham Əliyevdən nümunə götürən gənclərimiz – peşəkar hərbçilər və könüllülərdən ibarət Silahlı Qüvvələrimizin bu tarixi fəaliyyəti heç vaxt unudulan deyil.
O şanlı Vətən müharibəsində gənc ömürlərinə qıyaraq igidlik göstərmiş, qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış millət övladlarının hər birinə ehtiram, sevgi və sayğı hisslərimiz sonsuzdur.
Belə igidlərimizdən biri də Elnur Nəcəf oğlu Mustafayevdir. O, 9 fevral 2002-ci ildə Bakı şəhərində anadan olub. Elnur 2008-ci ildə Bakı şəhərindəki 135 saylı tam orta məktəbin1-ci sinfinə daxil olub2019-cu ildə oranı bitirib. 18 yaşı tamam olandan, 2020-ci il mayın 7-si Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olarkən əvvəlcə Sumqayıt şəhərində, sonra isə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə nümunəvi xidmət edib.
27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda Elnur da Azərbaycanın minlərlə igid gəncinə qoşulur, elə hərbi hissədən müharibəyə yollanır. Xain qonşularımızın növbəti təxribatından sonra şanlı Azərbaycan Ordusu yağı düşmənə qarşı genişmiqyaslı əməliyyatlara başlayır. İlk gündən müharibədə göstərdiyi cəsarət və şücaəti ilə seçilən Elnur əvvəlcə Füzuli rayonu, daha sonra Cəbrayıl, Xocavənd istiqamətindəki döyüşlərdə fəal iştirak edir. Savaşın ilk günlərindən döyüşə atılan atıcı-pulemyotçu kimi Elnur Mustafayev son döyüşdən sonra atası ilə telefonla danışıb sevinclə xəbər verir ki, içərisi düşmənlə dolu olan iki maşın ermənini məhv edib...
...Elnurun atası Kəlbəcərin Ağcakənd kəndindən, ata babası Abbas Mustafayev Kəlbəcər elinin tanınmış söz ustadlarından olan şair, bir neçə kitabı işıq üzü görmüş, vətənpərvər insan, “Dəmirçi” təxəllüsü ilə yazıb-yaradan Dəmirçi Abbasın nəvəsidir. Anası isə Oruclu kəndindəndir. Ana babası Zakir Rüstəmov uzun illər Kəlbəcər rayon 18 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb, həmçinin ingilis dili müəllimi kimi fəaliyyət göstərib.
Valideynlərinin, qohumlarının erməni terrorçularının işğalı nəticəsində öz yurdlarından məcburi köçkün düşməsi Elnurun həyatında dərin iz qoymuşdu. Kiçik yaşlarından valideynlərindən, qohumlarından, xüsusən də Firuzə nənəsinin dilindən düşmən tapdağı altında qalan yurdu barədə xoş xatirələri eşidə-eşidə böyümüşdü. Bu da onun körpəlikdən ailəsinə, vətəninə, dininə və xalqının etnik-mənəvi dəyərlərinə olan bağlarını daha da qüvvətləndirirdi. Onun doğma məmləkətinə, qəhrəmanlarımıza olan sonsuz sevgisinin formalaşmasında xüsusi rol oynayırdı.
Elnur xasiyyətcə çox mehriban, gülərüz və dostcanlı idi. Özünü dərk edəndən daim avtomat, tapança, tank kolleksiyası yığıb, hətta taxtadan da silahlar düzəldərdi. O, sevdiyi anasına bağlı bir uşaq idi. Hər dəfə Qarabağdan söz düşəndə anasına deyərmiş ki, qanıqara dayanma, mən böyüyəndə mütləq erməniləri bu avtomatlarla doğma torpaqlarımızdan təmizləyəcəyəm, Kəlbəcərdəki evimizi düşməndən xilas edəcəyəm, düşmən ayağı dəymiş pilləkənləri yenisi ilə əvəz edəcəyəm.
Elnur uşaqlıqdan Allaha ibadət yolunu seçib. Səkkiz yaşından idmanın sərbəst güləş növü ilə məşğul olmağa başlayıb. “Lokomotiv” Güləş Federasiyasının üzvü olub.  Güclü bədən quruluşu ona bu sahədə tez bir zamanda uğurlar qazanmağa imkan verib. O, yerli, həmçinin xarici ölkələrdəki (Türkiyə, İran, Dağıstan, Rusiya, Gürcüstan) yarışların iştirakçısı olub, müxtəlif vaxtlarda yüksək nailiyyətlər əldə edib. Yeddi ölkədən qızıl medal qazanıb. İran İslam Respublikasında 1-ci yerə layiq görülərkən müəllimindən Məşhəd ziyarətini istəyib və Məşhədi ziyarət edib. 2017-ci ildə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş turnirdə də 1-ci yerə layiq görülüb. O zaman Elnur evə gələrək böyük sevinc hissi ilə anasına deyib: "Ana, bilirsənmi, mən bu medalı müqəddəs şəhidlərimiz üçün qazandım..."
Elnur o tarixi müharibədə 33 gün döyüşüb: 30 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirən zaman Xocavənd rayonunda yerləşən Qırmızı bazar istiqamətindəki iştirakçısı olduğu şiddətli döyüşlər vaxtı şəhid dostunun meydanda qalan nəşini götürüb geri qayıdarkən xain düşmənin snayper atəşi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. 
...Sanki o, şəhid olacağını çox-çox əvvəlcədən hiss edirmiş kimi hər fürsətdə ailəsini buna hazırlayırdı. Hələ şəhidlik zirvəsinə ucalmamışdan əvvəl, döyüşdə yaralı olarkən anasına zəng edib söyləmişdi: “Ana, şəhid olsam, mənim üçün ağlasan, haqqımı sənə halal etmərəm, başını dik tut, ağlayıb məni utandırmayasan ha...”
Yaralananda dostuna bunları deyib: “Anama söz vermişdim ki, səni görməmiş şəhid olmayacağam. Amma sözümü tuta bilmədim, alınmadı...”
Və ölümün üzünə dik baxaraq gülə-gülə şəhadətə çatıb. Nəşi həmin günlərdə ailəsinə təhvil verilib və 31 oktyabrda Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər məzarlığında torpağa tapşırılıb...
Döyüşlərdə igidlik göstərmiş Elnur subay idi, bir bacısı var. O, Kəlbəcərin ən gənc şəhidi sayılır. Atası Nəcəf müəllim deyir: “...Elnur Vətən savaşında kəndimizin şəhidlik zirvəsinə ucaldı, nur üzlü övladım şücaəti ilə Ağcakəndin ən qürurlu, ən nüfuzlu sakini oldu. Bu gün Elnur cismən aramızda yoxdur, ancaq həmişə qəlbimizdədir. Elnur əyninə hərbi forma geyinərək ximətə yollandı, şəhid qəhrəman kimi bayrağa bükülüb geri qayıtdı...”
Anası Ulduz xanım bildirir ki, bir dəfə bir xeyli dəst hərbi geyim, paltar alıb Füzuliyə yola saldıq. Bir dəsti isə xüsusi parçayla hazırladıb Elnurun ölçüsünə uyğun seçdik. Zəng etdik, parolla, obrazlı danışanda anladıq ki, həmin vaxt Şuşadadı. Dözmədim, dedim, ay Elnur, bəlkə Füzuliyə gedəsən, formanı dəyişəsən?! O dəqiqə onun bərk acığına getdi: “Oradakılara verin, kimdənsə artıq deyiləm!”
Ulduz xanım deyir, atası bildirir ki, Elnur sağdı, o, hər gün sübh tezdən yuxudan oyanan kimi Elnurun otağının qapısını açıb deyir: “Elnur, salam, sabahın xeyir, necəsən, mən evdən çıxıram, özünə yaxşı bax!” Axşam evə gələndə yenə Elnurun otağının qapısını açıb deyir:“...Elnur, gecən xeyrə qalsın, yuxun şirin olsun, bala...”

“Şəhid atası” şeirimi Elnurun ziyalı atasına ithaf etdim:

Başını uca tut, şəhid atası, 
Sən qürur yerisən elin-obanın.
Cəsur böyütdüyün oğluna görə
Ruhu dinclik tapır ata-babanın.

Başını uca tut, buna haqqın var,
Sən oğul itirdin Vətən yolunda!
Bir oğul deyirəm – çinar duruşlu,
Dağlar gücü vardı onun qolunda!

Başını uca tut, ucadan-uca,
Oğlun qazandırıb bu ucalığı!
Onlar bu Vətənin qan yaddaşıdı, 
Şəhidlər millətin məhək daşıdı!

Nəcəf müəllim deyir: “...Elnur bizim alnımızdan xəcalət tərini silib atdı, ikinci oğlum olsaydı, onu da Vətən üçün qurban verərdim...”
Bir dəfə hansısa təşkilat tərəfindən 11 min  manat pul göndərilir, Nəcəf müəllimin acığı tutur, vəsaitdən imtina edib deyir ki, o qədər ehtiyac içərisində olan imkansız ailələr var, aparıb onlara yardım edin...”
Zaur Laçın oğlu Nağızadə dostu və döyüş yoldaşı Elnur haqqında xatirələrini bizimlə bölüşür: “Elnurla mən mülki həyatdan bir-birimizi tanıyırdıq. Qismət elə gətirdi ki, hərbi xidmətin ilk üç ayını eyni yerdə keçirdik və hər gün bir yerdə olurduq deyə Elnurla münasibətimiz daha da dərinləşdi. O dövrdə əsgərlərə günə bir pay yemək verilirdi, boyum hündür, çəkim çox idi deyə məni iki pay yeməklə təmin edirdilər. Əsgərlərə bir gün toyuq, o birisi gün kotlet verilirdi. Kotleti mən xoşladığım üçün Elnur öz kotlet payını mənə ötürürdü. Növbəti gün toyuq yeməyi veriləndə mən də payımı ona ötürürdüm. Çünki o da toyuğu xoşlayırdı. Üç ay ərzində biz bir yerdə qalırdıq: birlikdə yeyir, bir yerdə yatır, birgə dururduq. Hətta bir yerdə məşq də eləmişik.
Sonra Qusara göndərildik. İkimiz də piyada-motoatıcıydıq, burada da üç aya kimi bir yerdə xidmət elədik. Sonralar taburlara bölündük, ayrı-ayrı binalarda qalırdıq, yenə də yeməyimiz, idmanımız, xidmətimiz bir yerdə idi. Həftə sonu saç qırxdıranda görüşür, söhbət edirdik. Uşaqlıqdan bir yerdə böyüdüyümüzə görə xidmət yoldaşlarımız elə bilirdilər  ki, biz həm də sinif yoldaşıyıq.
27 noyabrda Füzuli istiqamətindən döyüşlərə qatıldıq, aramızda haradasa iki kilometr məsafə var idi. Bundan sonra onu görə bilmədim: yalnız müharibənin 33-cü günü rabitədən xəbər tutdum ki, yaralanıb, təxminən iki saat sonra şəhidlik məqamına ucalıb. Elnurun şəhidlik məqamına yüksəlməsi xəbərini mən növbəti gün eşitdim. O, təkcə əsgər yoldaşı kimi yox, mənə qardaş əvəzi idi. Bu hadisədən iki il keçsə də, özümü onsuz təsəvvür etmirəm. Elnursuz çox darıxıram. Onun bir sözü vardı: “Qardaşım, ən azından hər ailədən bir əsgər olmalıdır!”
Sanki bu gün üçün deyirmiş o sözləri...”
Şəhidin təhsil aldığı orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Şəhidə Zeynalova danışır: “Elnurun birinci sinfə qəbulunu bugünkü kimi xatırlayıram. Həm qonşusu, həm də dostu Əli Heydərovla bir sırada dayanmışdı. Mən hamıya Azərbaycan bayrağını payladım. Əlində gül dəstəsi olduğu üçün ona bayraq vermədim. Az keçmədi, gördüm, kimsə məni ətəyimdən dartır. Baxdım ki, balaca bir oğlan şirin ləhcə ilə “Mənim bayrağımı verin”dedi. Əlindəki gülü arxa sırada duran anasına verib, bayrağı məndən götürməyə gəlibmiş...
O zaman balaca Elnur bilmirdi ki, vaxt gələcək, əlində fərəhlə tutduğu o bayrağa bürünərək torpağa tapşırılacaq. O torpağa ki, onun uğrunda canından, qanından keçdi.
Elnur zarafatı çox sevən biri idi. Həmişə bununla bağlı sinif yoldaşları ilə anlaşılmazlıqlar olurdu. Sonralar biz də buna alışdıq. Məsələn, çox zaman məni görəndə “Salam, xala!” deyirdi.
Bir dəfə yanıma çağırıb dedim: “Elnur, bura məktəbdir, burada müraciət forması var. Bunları istifadə etməlisən, belə olmaz”.
O, mənə hazırcavablıqla söylədi: “Bəs siz mənə niyə “ay bala” deyirsiniz?
Hər ikimiz gülüşdük. İdmanı çox sevirdi. Deyirdi ki, İdman Akademiyasına qəbul olunacağam. İmtahanlardan sonra küçədə rastlaşdıq. Salamlaşdıq. Soruşdum ki, qəbul olundun? Yenə hazırcavablıqla cavab verdi: “Müəllim, akademiya qaçmır, mənim ayrı planlarım var. Əsgərliyə gedəcəyəm, ermənilərin başına od ələyəcəyəm!”
Burada “Od ələyəcəyəm” cümləsi mənim həmişə oğlanlara əsəbiləşəndə dediyim “Başınıza od ələyəcəm” fikrimə işarə idi. Yenə hər ikimiz güldük, beləcə ayrıldıq...
Xəyalıma gəlməzdi ki, bir neçə aydan sonra Elnurun şəhidlik xəbərini alacağam. Həm də dostu, qonşusu, sinif yoldaşı Əli ilə birlikdə. Əvvəlcə Əlinin şəhid olması xəbəri gəldi. İki həftə sonra isə Elnurun...
Onun dilində bir şirinlik var idi. Bəzi sözləri özünəməxsus tərzdə tələffüz edirdi. O qədər şirin danışırdı ki, adam istəyirdi onunla saatlarla söhbət etsin. Xoşbəxt bir müəlliməm ki, Elnur kimi şağırdlərin yetişməsində, az da olsa, mənim əməyim olub. Nə yaxşı ki, Elnur mənim şagirdim olub...”
Elnurun göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən də layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə şəhadətindən sonra Elnur Mustafayev “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamına əsasən Elnur Mustafayev ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Son vaxtlar şəhidlərimizin əziz və müqəddəs xatirəsi yüksək səviyyədə uca tutulur. Elnuru sevənlərin, doğmalarının, kəlbəcərlilərin bir arzusu var: Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, fin evi-85 ünvanında, Mustafayevlər ailəsinin yaşadığı evin qarşısındakı adsız küçəyə Elnurun adı verilsin. Şəhidin xatirəsinin əbədiləşdirilməsi ən azından ailəsi üçün böyük təsəlli olardı.
Bəli, igid şəhidimizin ailəsi və doğmaları dövlətdən nəsə ummurlar, sadəcə, qəhrəmanımızın əziz xatirəsini əbədiləşdirməyi diləyirlər. Elnur kimi igidlərin gənc nəslə nümunəsini bu cür nümayiş etdirmək olar. Həqiqətən də gənc nəslin milli-mənəvi ruhda böyüməsi istiqamətində bu cür addımların təsiri çox böyükdür.

Cəmilə ÇİÇƏK
Tədqiqatçı jurnalist
Prezident təqaüdçüsü