44 günlük zəfər tariximiz
07-noy, 17:18 350 Gündəm / CəmiyyətAzərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik.
Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi...
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda bütün Azərbaycan xalqı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Xalq öz Liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu. Möhtərəm Prezidentimiz öz qətiyyəti, sarsılmaz iradəsi, cəsarəti, Azərbaycana edilən bütün təzyiqlərə məharətlə sinə gərməsi və son dərəcə mürəkkəb, çətin müharibə şəraitində hərbi meydanda, siyasi arenada, informasiya müharibəsində parlaq qələbələr qazanaraq xalqına söz verdiyi kimi sona qədər getdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Vətən torpağı uğrunda şəhid olan bütün oğul-qızlarımızın qisasını aldı. Əminliklə deyə bilərik ki, İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi.
Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Şərq torpaqlarına birləşməsi, dünya Azərbaycanlılarının yumruq kimi bir olması ilə tarixə yazıldı. 28 il yarım işğal altında qalan Şuşanın işğaldan azad olunması, ulu öndər Heydər Əliyevin “Azərbaycan üzükdür, Şuşa onun qaşı” sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır.
2020-ci ilin payızını Azərbaycan polisinin imtahan dönəmi də adlandıra bilərik. Belə ki, Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları cəbhədə bir düşmənə qarşı döyüşürdüsə, polis əməkdaşları eyni anda ikinci bir düşmənlə mübarizə aparırdı. Söhbət COVID-19 virusundan gedir. Gözlə görünməyən bu düşmən hər yerdə idi. Qürurla deyə bilərik ki, bu imtahandan da asayiş keşikçilərimiz üzüağ çıxdılar.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Bir-birinin ardınca azad olunan rayonlarımıza, kəndlərimizə ilk ayaq basanların, o torpaqlarda bayrağımızı dalğalandıran oğullarımızın arasında Daxili İşlər Nazirliyinin şəxsi heyəti də var idi. Ağır döyüşlərdə onlardan 66 nəfər şəhid oldular. 346 hərbi qulluqçu yaralandı, 4 nəfər Vətən müharibəsi qəhrəmanı adına layiq görüldü. Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Ali dövlət mükafatları ilə təltif edilənlər arasında Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları da var idi.
Müharibə zamanı və post-müharibə dönəmində Daxili İşlər Nazirliyinin əməkdaşları bütün şəhər və kəndlərimizdə, o cümlədən işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqdadır. Bu mühüm məsələnin əsas məsuliyyəti məhz onların üzərinə düşür. Bir sözlə polis və hərbi qulluqçular işğaldan azad edilmiş ərazilərdə öz xidmətlərini yüksək səviyyədə həyata keçirir, təhlükəsizliyimizi möhkəmləndirirlər. Təmkinli, cəsur, daim ayıq-sayıq xidmətdə olan polislərimiz işğaldan azad edilən torpaqlarda Azərbaycan qanunlarının keşiyindədir. Otuz ilə yaxın düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Sevindirici haldır ki, artıq həmin şəhər və rayonlarımızda polis əməkdaşları illərdir həsrətində olduqları ərazilərdə xidmət aparırlar. Bu gün əsasən məqsədlərindən biri vətəndaş məmnunluğunu təmin etmək olan Azərbaycan polisi cəmiyyətin hər bir üzvünün güvənc yeri, əminliklə kürəyini söykədiyi bir dayaqdır. Azərbaycan polisi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkənin tərəqqisinə, inkişafına layiqli töhfələr vermək üçün bu gün də yorulmadan, ayıq-sayıq dövlətə və dövlətçiliyə xidmət edir.
“Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini qələbəmizin rəmzinə çevirən Prezident, Ali Baş Komandan İlham Əliyevin fəxrlə söylədiyi bu ifadə həyatda təsdiqini tapdı. Ölkə başçımız ötən il noyabrın 10-da xalqa verdiyi Ermənistan üzərində tam və qəti qələbə xəbəri illərdən bəri aparılan məqsədyönlü siyasətin, xalq-iqtidar birliyinin nəticəsi olaraq bütün Azərbaycan xalqını qürurlandırdı. “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi” söyləyən dövlət başçısı İlham Əliyev diplomatik uğurları ilə də sübut etdi ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır.
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş, bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Dövlət başçısının qardaş ölkə və bu birliyin perspektivi haqqında bu sitatını xüsusi vurğulamaq istərdim: “Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.
Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğul və qardaşlarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaq.
İndi Azərbaycan işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri görür.. Müharibə vaxtı biz birləşərək zəfər qazandıq, bu gün də birləşərək, bir millət olaraq Qarabağın yenidən quracağıq.
Azərbaycan xalqının Zəfəri, qələbəmiz əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaq.
Fəqan Azadəliyev
Sumqayıt Şəhər Polis İdarəsinin rəisi,
polis polkovniki
Hazırladı:
Natiq Zabitoğlu
“Ədalət və Qanun” qəzetinin baş redaktoru