Vətəndaşlıq Vəziyyəti Aktlarının qeydiyyatı sahəsində elektron xidmətlər


Müasir Azərbaycana rəhbərlik edən ali baş komandanımız İlham Əliyev tərəfindən bütün sahələr nəzərə çarpan formada inkişaf etmişdir. Bütün sahələrdə olduğu kimi Ədliyyə sistemində də bir çox işlər görülmüş, müasir Ədliyyəmizin beynəlxalq normalara uyğunlaşdırılması üçün dövlət proqramı qəbul edilmişdir.                                                                    

        Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biri olan Vətəndaşlıq Vəziyyəti Aktlarının dövlət qeydiyyatı sahəsində 2008-ci ilin iyulun 1-də “Vətəndaşlıq Vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılmış və tam gücü ilə istifadəyə verilmişdir.

         23.09.2020 -ci il tarixdə Azərbaycan Respubliksının Prezidenti vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi” haqqında Fərman imzalamışdır. Müvafiq Fərmanda doğumun və ölümün qeydə alınması üçün elektron qaydada müraciət edilməsi, doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsi, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələrin və arayışların elektron qaydada verilməsi və s. nəzərdə tutulmuşdur. 

Hazırda Ədliyyə Nazirliyinin informasiya sistemlərinin digər qurumların informasiya resursları ilə inteqrasiyası nəticəsində doğum və ölüm faktlarının avtomatlaşdırılmış qaydada, vətəndaşın müraciəti gözlənilmədən qeydə alınması imkanı yaradılmışdır. Belə ki, tibb müəssisəsində doğum faktı baş verdikdə bu barədə məlumat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə ötürülür və uşağa avtomatlaşdırılmış qaydada təkrar olunmayan və həyatının sonunadək dəyişməyən fərdi identifikasiya nömrəsi (FIN) verilir. Bu uşaqları eyniləşdirməyə, doğumu qanunvericiliklə müəyyən olunmuş müddətdə qeydə alınmayanları vaxtında aşkarlamaya, doğumun dövlət qeydiyyatının məcburiliyi barədə bildiriş göndərilməklə valideynləri qeydiyyat şöbəsinə dəvət etməyə, qeydiyyatdan yayınanları inzibati məsuliyyətə cəlb etməyə əsas verir.

Bu məlumatlar Azərbaycan Respublikasının Ailə Məcəlləsinin  166 və 194-cü maddələrində də öz əksini tapır: Doğum və ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 

15.07.2022-ci il tarixli 269 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  qərarına əsasən Azərbaycan Respublikasının Ailə məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na dəyişikliklər olunmuşdur. Belə ki doğumun, ölümün və atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə getmədən elektron müraciət əsasında həyata keçirilə bilər. Şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər.

Belə ki, vətəndaşlar hər hansı sadə bir əməliyyat aparmaq üçün bilavasitə dövlət orqanlarına gəlmələrinə və əlavə vaxt itkisinə ehtiyac qalmır. Hazırda hər bir vətəndaş çox rahat və sadə şəkildə evdən çıxmadan elektron xidmətlərdən istifadə edə bilirlər. Elektron xidmətlərin vətəndaşların həyatında rolu danılmazdır. 

Ədliyyə nazirliyinə elektron müraciət etmək üçün www.exidmet.justice.gov.az elektron portalına daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan –xidmətlərin siyahısından “Ədliyyə nazirliyinə elektron müraciət” xidməti seçərək vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin elektron qaydada qəbulu mümkündür. 

Elektron xidmətlər vastəsilə vətəndaşların nikaha daxil olmaq üçün ərizəni və doğumun qeydiyyatı ilə bağlı zəruri sənədləri qeydiyyat orqanına elektron qaydada göndərmək, həmçinin bu xidmətlər vasitəsilə nikah gününü müəyyən etmək artıq reallığa çevrilmişdir. 

Həmçinin məhkəmə orqanları tərəfindən çıxarılmış qərar və qətnamələrin Ədliyyə nazirliyinə ötürülməsi də məhz elektron qaydada aparılır.

Bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə də dəyişikliklər olunmuşdur. Doğum, atalığın müəyyən edilməsi, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi, vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür

Bu gün ölkəmizdə vətəndaşların elektron müraciətlərinə baxılması ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi əməl olunur. Onların haqlı tələblərinin yerinə yetirilməsinə diqqət gücləndirilir.  O cümlədən şəhid ailələrinin, qazilərin və xüsusi qayğıya ehtyacı olan digər şəxslərin  müraciətlərinə də xüsusi həssaslıqla yanaşılır.

Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımızın ədliyyə xidmətlərindən istifadəsinin asanlaşdırmaq məqsədi ilə ölkəmizin xaricdəki konsulluqlarının da bu sistemlərdən istifadə imkanları yaradılmışdır. 

Elektron müraciətlərin təkminləşdirilməsi dövlətin qarşısına qoyduğu əsas məqsədlərdən biridir. Çünki bu xidmətlər dövlət qurumlarına edilən müraciətlərin şəfaflıqla həllinə, vətəndaşların keyfiyyətli, vaxt itirməməklə rahat xidmət almasına yönəlmişdir.


Nurlana Rəşidova

Qaradağ rayonu qeydiyyat 

şöbəsinin rəisi vəzifəsini icra edən