Hakimi məhkəmə qarşısına çıxacaq
25-fev, 08:42 4 İdman
Fransanın PSJ klubunda çıxış edən Mərakeş millisinin üzvü Əşrəf Hakimi təcavüz ittihamı ilə məhkəmə qarşısına çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Fransanın Nanter prokurorluğu 2023-cü ildə futbolçu barəsində təcavüz iddiası ilə bağlı başladığı istintaqın yekununda işin məhkəməyə göndərilməsi barədə qərar qəbul edib.
Hakimi sosial şəbəkə hesabında yayımladığı açıqlamada ittihamları rədd edib. O qeyd edib ki, irəli sürülən iddiaların böhtan olduğunu sübut edən faktlar təqdim etməsinə baxmayaraq, işin məhkəməyə çıxarılması qərara alınıb.
“Bu vəziyyət həm günahsız insanlar, həm də real qurbanlar üçün ədalətsizdir. Həqiqətin üzə çıxacağı günü gözləyirəm”, – deyə ulduz futbolçu bildirib.
Hakiminin vəkili məsələ ilə bağlı mediaya şərh verməyib.
Qeyd edək ki, futbolçu 2023-cü ilin fevralında evində baş verən zorlamada şübhəli bilinir. 24 yaşlı qızın dediyinə görə, o, futbolçu ilə sosial şəbəkədə tanış olub və sonra onun evinə gedib. Qız bildirib ki, onun imtinasına məhəl qoymayan Hakimi zorakılıq hərəkətləri edib. Əgər Hakimi təqsirli bilinərsə, onu 15 ilədək həbs cəzası gözləyir.





