Millimiz dünya çempionatını birinciliklə başa vurdu

Azərbaycan millisi Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə dünya çempionatında birinci yeri tutub.
“Qafqazinfo” xəbər verir ki, 3 qızıl medal qazanan yığmamız 85 xalla dünya çempionu olub.
Titulunu qoruyan komandamız ardıcıl 2-ci dəfə bu uğura imza atıb. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb.
Millimiz bu uğurla Azərbaycan güləşində birdən-birə 2 rekordu yeniləyib.
Pəhləvanlarımız ikinci dəfə dünya kubokunu qazanmaqla böyüklər arasında güləş növləri arasında ilkə imza atıb. Eyni zamanda yunan-Roma millimiz turnirdə 3 qızıl medal qazanmaqla ilki gerçəkləşdirib.
Qeyd edək ki, Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub. Onların hər biri komandanın hesabına 25 xal yazdırıb. Dünya çempionatında debüt edən Qurban Qurbanov (82 kq) 5-ci yeri tutub və millimizə 10 xal qazandırıb.