Qalmaqallı boksçu ilə bağlı daha bir iddia
05-noy, 08:16 11 İdmanParis-2024 Yay Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışında ən çox danışılan idmançılardan olan İman Xelifinin bioloji olaraq kişi olduğu müəyyənləşib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Reduxx” adlı feminizm hərəkatı fransız jurnalistlə birlikdə Xelifinin xayalarının olduğunu təsdiqləyən hesabat əldə edib.
Məlumata görə, hesabat 2023-cü ilin iyun ayında Fransanın paytaxtı Parisdəki Kreml-Bicetre xəstəxanası ilə Əlcəzairdə yerləşən Mohamed Lamine Debaghine xəstəxanası arasında əməkdaşlıq nəticəsində hazırlanıb.
Bu hesabat, Xelifin məşqçisi Georges Kazorlanın daha əvvəl verdiyi etirafı ilə üst-üstə düşür. Belə ki, əlcəzairli boksçu 2023-cü ilin martında Beynəlxalq Boks Assosiasiyası (ABB) tərəfindən qadın boksundan diskvalifikasiya edildikdən sonra Kreml-Bicetre Xəstəxanasında müayinədən keçib. Avqust ayında verdiyi müsahibədə Kazorla yumşaq bir şəkildə Xelifin xromosomlarında səhv bir şey olduğunu etiraf etsə də, onun hələ də qadınlarla rəqabət aparmağa icazə verilməli olduğunu bildirmişdi.
Qeyd edək ki, daha öncə Ümumdünya Boks Təşkilatının vitse-prezidenti və Beynəlxalq Boks Assosiasiyasının keçmiş baş katibi İştvan Kovaç transgender idmançı ilə bağlı açıqlama vermişdi. Onun sözlərinə görə, əlcəzairli boksçu İman Xelifin 2022-ci ildə keçirdiyi cinsiyyət testi onun bioloji olaraq kişi olduğunu göstərib:
“Mən şəxsən Ümumdünya Boks Təşkilatına bu barədə məlumat verdim, lakin təəccüblüdür ki, bu günə qədər cavab verməyiblər”.
Xatırladaq edək ki, Xelif bir il əvvəl Hindistanda keçirilən Dünya Çempionatında gender testindən keçə bilməyib. Buna baxmayaraq, Beynəlxalq Olimpiya Komitəsi onun Paris-2024-də iştirakını təsdiqləyib və nəticədə boksçu Olimpiadanı qızıl medalla başa vurub.