Arvadını bıçaqladı, 11 il sonra daha iki nəfəri öldürdü - Azərbaycanda
23-noy, 11:06 227 KriminalŞabran rayonunda iki nəfəri qətlə yetitməkdə təqsirli bilinən Nahid İsmayılovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
“Ötən ilin 11 aprel tarixində Şabran rayonu Zeyvə kəndində 1986-cı il təvəllüdlü İslamov Nahid Eynulla oğlunun həmkəndliləri: 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu güllələyərək qətlə yetirib.
İş üzrə dindirilmiş Nahid İslamov bildirib ki, Zeyvə kəndində babasına məxsu evdə yaşayıb. 2006-cı ildə Dinara Hacıağayeva ilə ailə həyatı qurub. 2008-ci ildə Rusiya Federasiyasına işləməyə gedib. Orada olduğu müddətdə qardaşı zəng vuraraq yoldaşının Məhəbbət Məmmədovla sevgili olduğunu və onu aldatdığını bildirib. Bunu eşidən kimi Nahid rayona qayıdıb yoldaşı Dinaranı bıçaqla ürəyindən vuraraq öldürüb və məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub.
2019-cu ilin yanvarında azadlığa çıxan Nahid kəndə qayıdaraq babasının evində yaşamağa başlayıb. O, həmin vaxt həyat yoldaşının ona xəyanət etdiyini düşündüyü Məhəbbətlə görüşüb. Görüş zamanı Məhəbbət Nahiddən baş verənlərə görə üzr istəyib və bağışlamasını xahiş edib. Nahid də həmkəndlisini bağışlayıb.
Bundan sonrakı dövrdə babasının evində yaşamağa davam edən Nahid İslamov babasından qalan ov tüfənginin lüləsini kəsərək yeni silah hazırlayıb. 2020-ci ilin aprel ayının 11-də isə o, silahı götürərək meşəyə yollanıb. Meşəyə özü ilə apardığı yarım litrlik arağı içən Nahid axşam saatlarında geri qayıdıb. Kəndin kənarına çatanda o, Məhəbbətin bir qrup gənclə voleybol oynadığını görüb. Onlara yaxınlaşanda Məhəbbət uşaqların yanında onun ünvanına ağır ifadələr işlədib. Məhəbbətin atdığı topun onun qabağına düşdüyünü görüb silahdan atəş açıb topu partladıb. Bu zaman Məhəbbət ona tərəf gələrək tüfəngi əlindən almaq istəyib.
“Evə gəlirdim gördüm arsız-arsız voleybol oynayır. İçkili idim hər şey yadıma düdşdü.Top da gəlib qabağıma düşən kimi dahada əsəbiləşdim. Bir dənə güllə topa, top partladı. O da qəfil camaatın içindən çıxdı gəldi yapışdı tüfəngdən. İki üç dəfə dedim, ala, tüfəngi burax. Gördüm xeyri yoxdur, buraxmır, bərk yapışıb. Elə bir güllə qoydum e, yıxıldı yerə. İkincisini də başından vurdum. Sonra gördüm o tərəfdən anası gəlir, ona da bir güllə vurdum”, - Ölkə.Az-ın istintaqdan əldə etdiyi materialda belə qeyd olunub.
Nahid İslamov ifadəsinin davamında bildirib ki, daha sonra qızını görmək üçün qayınanası Mayanın evinə qaçıb. Bir daha qızını görə bilməyəcəyini düşünən Nahid onunla görüşdükdən sonra kəndin yaxınlığındakı tikinti materialları mağazasına gələrək oradakı şəxsin telefonu ilə 102-yə zəng edib. Əraziyə gələn polislər Nahid İslamovu şöbəyə aparıblar.
Məhkəmə iclasında Nahid İslamov ittiham üzrə özünü tam təqsirli bilib.
Məhkəmə nəticəyə gəlib ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən cinayət məcəlləsinin 120.2.10 (təkrar adam öldürmə), 221.3 (xuliqanlıq – silah tətbiq etməklə törədildikdə), 228.1 (qanunsuz odlu silah saxlama) maddələri ilə düzgün ixtisaslaşdırılıb.
Sonda məhkəmənin hökmü ilə Nahid İslamov ömürlük azadlıqdan məhrum edilib.