Prezident Türkiyənin Diyanət İşləri İdarəsinin sədrini qəbul edib - FOTO
29-okt, 12:14 179 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşı qəbul edib.
Prezident İlham Əliyev Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırıb, türk xalqına xoşbəxtlik və rifah arzulayıb.
Söhbət zamanı Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın ölkəmizə bu yaxınlardakı səfəri məmnunluqla xatırlanıb, bu səfərin Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq münasibələtlərinin növbəti nümunəsi olduğu və əlaqələrimizi daha da möhkəmləndirdiyi vurğulanıb.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaşın işğaldan azad olunmuş torpaqlarımıza səfər etməsinin önəminə toxunularaq, onun işğal dövründə bütün tarixi-dini abidələrin ermənilər tərəfindən məhv edildiyinin şahidi olduğu qeyd edilib.
Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.