Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulu keçirdi

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbulda Moskva prospekti, Alı Mustafayev,  20 Yanvar,  Hüseyn Seyidzadə,  Asif Məhərrəmov küçələrində yerləşən binaların sakinləri iştirak etmiş və onların müraciətləri dinlənilib.
Sakinlərdən Şükürov Əhməd, Şıxıyeva Turanə, Rzayev Əfqan, Süleymanov Təşkilat, Hacıyev Namiq və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın dam örtüyünün təmiri, həyətin abadlaşdırılması, ağacların budanması, kanalizasiya və su xəttinin təmiri, binanın giriş qapılarının təmiri, istilik təchizatının yaxşılaşdırılması, profilaktik dezinfeksiyə işləri ilə bağlı tədbirlər görülməsi barədə müraciətlər etdilər.
Qəbul zamanı sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verildi.
Sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Fərid Faiqoğlu