Canlı əfsanəyə çevrilən fenomen şəxsiyyət

Müasir Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin güclənməsində, onun daha da inkişaf etdirilməsində, dünyada analoqu olmayan bir səviyyəyə qaldırılmasında ümummilli lider Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri vardır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkənin daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü, qayğı və diqqət göstərdiyi, canından çox istədiyi Azərbaycanı bir dövlət kimi zamanın sərt və ağır sınaqlarından çıxarmışdır. O, böyük siyasət və dövlət xadimi, sağlığında canlı əfsanəyə çevrilmiş, fenomen insan kimi həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının layiqli lideri ola bilmişdir. Onun bütün ömrü Azərbaycanımızın inkişafı, xalqımızın xoş gələcəyi və firavan həyatı uğrunda mübarizəyə həsr olunmuşdur. 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycanın inkişafının böyük bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zaman ötdükcə onun Azərbaycanın inkişafı naminə gördüyü işlərin miqyası daha dərindən dərk olunur. Prezident İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev ili" elan etməsi barədə imzaladığı sərəncam Azərbaycan xalqı, bütün dünya Azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. Ədliyyə  Nazirliyi tərəfindən Bakı şəhərində vətəndaşların istəyilə "Heydər Əliyev ili" çərçivəsində Heydər Əliyev Mərkəzində doğum haqqında şəhadətnamələrin  təntənəli şəkildə təqdimatı, yeni ailə həyatı quran gənclərin nigahının, yeni dünyaya gəlmiş uşaqların doğumlarının təntənəli şəkildə qeydiyyat mərasimləri keçirilir, onlara müvafiq doğum haqqında şəhadətnamələr təqdim olunur. "Heydər Əliyev ili"nə təsadüf edən vətəndaşların xahişi ilə doğumun təntənəli qeydiyyatının Heydər Əliyev Mərkəzində keçirilməsini yeni ailə quranlar və yeni dünyaya gələn körpələrin valideynləri həyatlarının ən xoş anları kimi daim xatırlayacaqlar. Bu yenilik ümummilli liderimizin əziz xatirəsinə əbədi ehtiramın təzahürü olacaq. Bu gün ulu öndərin ruhu şaddır. Qarabağ işğaldan azad edilib. Üçrəngli Azərbaycan bayrağı Şuşada, Cəbrayılda, Zəngilanda, Laçında, ümumilikdə işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələrindən biridir.  Ədliyyə işçiləri olaraq hər birimiz əminik ki, "Heydər Əliyev ili" Azərbaycanda müstəqil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcəkdir. Bu,  həm də ümummilli lider Heydər Əliyevin əbədiyaşarlığınım təntənəsi deməkdir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi qərarı bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq. Zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın ümummilli lideri Heydər Əliyev hər birimizin qəlbində əbədi yaşayacaq. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev hamımızın qəlbində, ədliyyə işçisi olaraq ürəyimizdə əbədi yaşayır və daim yaşayacaqdır.

Gültən Abdllayeva
3 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri