Məzahir Əfəndiyev: “İndiyə qədər Azərbaycan və gürcü xalqlarını ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb”
10-okt, 15:35 93 Gündəm / Siyasət“Əsrlər boyu Cənubi Qafqaz regionunda dinc şəkildə yaşayan Azərbaycan və Gürcüstan xalqları arasında formalaşan möhkəm tarixi, mədəni əlaqələr, iqtisadi-ticari münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu dostluğa köklənib”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O qeyd edib ki, müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var.
“İndiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizi qarşı duran tərəflər deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir.
Hər zaman qonşuluğumuzda olan və tarixin ən mürəkkəb anlarında bir-birinə əl tutan bu iki dövlətin bütün sahələrdə əməkdaşlığının qarşılıqlı faydalılıqla inkişafını müşahidə etmişik. Bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında” Müqavilə ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir”
Deputat həm də dövlət başçısı İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də vurğuladığı kimi, Sovet İttifaqı dönəmində ulu öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunu məhz Azərbaycan-Gürcüstan münasibətlərinin bariz nümunəsi olduğunu qeyd edib.
Müstəqilliyini əldə etdikdən sonra hər iki xalqın əvəzolunmaz liderlərinin müstəqil dövlətlərinin quruculuğuna və müstəqilliyinin möhkəmlənməsinə yönəlik birgə fəaliyyəti bugünkü münasibətləri nəinki daha da inkişaf etdirir, eləcə də bu gün Cənubi Qafqazın ictimai-siyasi həyatında yeni üfüqlərin, habelə xalqların rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.
“Bu gün keçirilən ənənəvi görüşlər Azərbaycanla Gürcüstanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə şərait yaradır. Bu görüşlər Azərbaycan Prezidentinin və Gürcüstan baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb.
8 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Respublikasına sayca 11-ci səfəri qardaş Gürcüstan xalqına, eyni zamanda, bu gün Gürcüstan hökumətinin siyasi hakimiyyətinə göstərilən davamlı diqqətin və qardaşlığın növbəti təzahürü idi. Ölkə başçısı səfər çərçivəsində keçirdiyi görüşdə, habelə mətbuat qarşısında etdiyi çıxışda da Cənubi Qafqazda sülhün tam bərqərar olunması üçün artıq bütün imkanların olduğunu və bu tarixi fürsətdən region xalqlarının istifadə etməsi üçün məqamın yetişdiyini bildirdi: “Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq”.
Eyni zamanda, Prezident İlham Əliyev Gürcüstan hökuməti tərəfindən Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək diqqəti qeyd etməklə, Azərbaycanın regionda bundan sonra da həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığının olacağına ümidvar olduğunu bildirdi, ölkəmizin bu istiqamətdə bütün tədbirləri həyata keçirdiyini xüsusi olaraq vurğuladı.
30 ildən sonra Azərbaycan torpaqlarını işğaldan azad edən Ordumuz bu gün Cənubi Qafqazın hər üç subyektinin yeni siyasi düzəndə, müasir çağırışlar əsasında birgə gələcəyi təmin etmək kimi tarixi missiyasını düzgün dəyərləndirir və tam təhlükəsiz, xoşbəxt, rifahlı həyatın Cənubi Qafqazda çiçəklənməsinə nail olacaqdır”.