“Üst geyimlərinizi havaya uyğun seçin” - Nazirlik
19-mar, 11:30 2 Cəmiyyət
Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, müraciətdə yazda havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artmasının müşahidə oluna biləcəyi diqqətə çatdırılıb.
“Bu il Novruz və Ramazan bayramlarının eyni dövrə təsadüf etməsi səbəbindən qarşıdakı həftələrdə bayram şənliklərinin və müxtəlif kütləvi tədbirlərin keçirilməsi gözlənilir.
Ölkə əhalisinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşlara kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyi, əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi və gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin məhsullar daxil etməyi tövsiyə edir.
Eyni zamanda yaz mövsümündə havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin hava şəraitinə uyğun seçilməsi məsləhət görülür.
Hər bir vətəndaş öz sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, həm özünü, həm də ətrafındakı insanları qorumalıdır”, - müraciətdə qeyd olunub.





