“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”

narkotik-asililigi-qarsisi-alina-ve-mualice-oluna-bilen-xestelikdir
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov 26 iyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində “Qafqazinfo”nun suallarını cavablandırıb. 
Həmin müsahibəni təqdim edirik:
- Respublika Narkoloji Mərkəzinin rəhbəri kimi ölkədə narkotiklərlə mübarizə sahəsində vəziyyəti necə qiymətləndirsiniz?
- Psixoaktiv maddə asılılığı həm tibbi, həm sosial, həm də psixoloji problemdir. Ona görə də, mübarizə üç əsas istiqamətdə aparılır. Bunlar profilaktika, müalicə-reabilitasiya və hüquqi nəzarətdir. Bu yanaşma beynəlxalq təcrübədə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu qurumların tövsiyələrinə əsaslanan kompleks mübarizə modelidir.
Profilaktika asılılıq ilə mübarizənin vacib və iqtisadi cəhətdən ən səmərəli istiqamətidir. Bu mərhələnin əsas məqsədi insanların, xüsusilə də uşaqların, yeniyetmələrin və gənclərin psixoaktiv maddələrin sui-istifadəsinə başlamasının qarşısını almaqdır. Buraya təhsil müəssisələrində maarifləndirmə tədbirləri, sağlam həyat tərzinin təbliğ olunması, risk qruplarının müəyyən edilməsi, ailələrlə və icmalarla işlərin aparılması, sosial və psixoloji dəstək proqramları aiddir.
Müalicə və reabilitasiya isə psixoaktiv maddə asılılığından əziyyət çəkən şəxslərə tibbi, psixoloji və sosial yardımın göstərilməsinə əsaslanır. Müalicə mərhələsinə diaqnostika, detoksifikasiya, dərman müalicəsi, psixoterapiya, psixoloji məsləhət xidməti daxildir. Reabilitasiya isə şəxsin cəmiyyətə yenidən inteqrasiyasını hədəfləyir. 
Hüquqi nəzarət və hüquq-mühafizə tədbirləri psixoaktiv maddələrin qanunsuz istehsalı, daşınması, saxlanılması və satışına qarşı dövlət nəzarətini əhatə edir. Buraya narkotik qaçaqmalçılığına qarşı mübarizə, sərhəd və gömrük nəzarəti, qeyri-qanuni dövriyyənin aşkarlanması, cinayətkar qrupların fəaliyyətinin qarşısının alınması, qanunvericiliyin təkmilləşdirilməsi daxildir. Bu tədbirlərin məqsədi psixoaktiv maddələrin əlçatanlığının azaldılması və cəmiyyətin təhlükəsizliyini qorunması prinsipinə əaslanır.
- Sizin mərkəzdə narkomaniya ilə mübarizədə daha effektiv nəticələr əldə etmək üçün hansı yeni üsullardan, müalicə metodlarından istifadə olunur?
- Respublika Narkoloji Mərkəzinin asılılıq ilə mübarizədə effektivliyin artırılması üçün yanaşma prinsipi yalnız klassik detoksifikasiya modelinə deyil, biopsixososial modelə əsaslanmaqdadır. 
Farmakoloji müdaxilə asılılığın müalicəsində dərman vasitələrinin elmi əsaslarla tətbiqi deməkdir. Məqsəd yalnız “maddə istifadəsini dayandırmaq” deyil, həm də beynin və orqanizmin asılılıq nəticəsində pozulmuş funksiyalarını tənzimləmək və residiv riskini azaltmaqdır. Asılılıqda farmakoloji müalicə 3 əsas məqsədə xidmət edir: detoksifikasiya (toksinlərin bədəndən çıxarılması), əvəzedici terapiya (Bu metod xüsusilə opioid asılılığında istifadə olunur), antikravinq və relapsın (yenidən istifadənin) qarşısının alınması.
Mərkəzdə yalnız tibbi müdaxilə deyil, eyni zamanda elmi əsaslı psixoterapiya metodları geniş tətbiq edilir. Buraya Koqnitiv-davranış terapiya (CBT) – asılılıq davranışının dəyişdirilməsi, Motivasional müsahibə (Motivational Interviewing) – daxili motivasiyanın gücləndirilməsi,qrup terapiyaları və ailə terapiyası aiddir. Reabilitasiya və sosial reinteqrasiya proqramlarının əsas məqsədi şəxsin cəmiyyətə geri qaytarılmasıdır. Buraya sosial adaptasiya proqramları, ailə ilə reinteqrasiya aiddir.
- Narkotik asılılıqdan əziyyət çəkənlərin sağalma müddəti nə qədərdir? Ümumi götürsək, sağalma faizi neçədir?
- İlk öncə qeyd edilməlidir ki, maddə asılılığında “dəqiq sağalma müddəti” və “sabit sağalma faizi” universal şəkildə verilə bilmir, çünki bu xəstəlik xroniki, residivləşən və çoxfaktorlu xarakter daşıyır. Asılılığın müalicəsində “sağalma” anlayışı adətən tam və birdəfəlik müalicə kimi yox, uzunmüddətli remissiya kimi qiymətləndirilir. Beynəlxalq və regional statistikaya görə, asılılıq üzrə “tam sağalma faizi” deyil, remissiya və relaps göstəriciləri əsas götürülür. Müalicədən sonra ilk dövrlərdə yenidən istifadəyə qayıtma riski mövcud olsa da, müasir müalicə və reabilitasiya proqramlarında mütəmadi iştirak edən şəxslərdə uzunmüddətli sabit remissiya əldə etmək mümkündür. Təcrübə göstərir ki, davamlı tibbi və psixososial dəstək nəticələrin əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək edir. Müalicə proqramlarında iştirak edənlərdə nəticələr 3–4 dəfə daha yüksək remissiya ehtimalı ilə müşahidə olunur.
- Bölgələrdə narkoloji xəstəxana və dispanserlərin vəziyyəti qənaətbəxsdirmi? Bir müddət əvvəl ixtisaslı həkim çatışmazlığı ilə bağlı problemlər var idi, hazırda bu aradan qalxıbmı?
- Regionlarda narkoloji xidmətlərin təşkili və inkişafı dövlətin səhiyyə siyasətinin mühüm istiqamətlərindən biridir. Bölgələrdə fəaliyyət göstərən narkoloji xəstəxana və dispanserlərin vəziyyətini ümumilikdə qənaətbəxş hesab etmək olar. Bəzi regionlarda əlavə təkmilləşdirmə və modernləşdirmə ehtiyacı mövcuddur. Lakin ümumi mənzərəyə baxdıqda, narkoloji xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb və vətəndaşların bu xidmətlərə çıxışı təmin olunur.
Kadr təminatı məsələsi təkcə narkoloji xidmətlərin deyil, ümumilikdə səhiyyə sisteminin qarşısında duran vacib məsələlərdən biridir. Etiraf etməliyik ki, son illərdə bu istiqamətdə mühüm addımlar atılır.
- Son vaxtlar özəl narkoloji reabilitasiya müəssisələri çoxalıb və onlardan tez-tez şikayətlərə rast gəlirik. Hətta ölüm hallarına da təsadüf olunur. Belə mərkəzlərin çoxalması sizin işinizi asanlaşdırır, yoxsa sonda oradan da ağır vəziyyətdə sizin mərkəzə müalicəyə gəlirlər?
- Asılılıq ilə bağlı reabilitasiya mərkəzlərinin fəaliyyəti dünyanın inkişaf etmiş ölkələrində asılılıqla mübarizə sisteminin mühüm tərkib hissəsidir. Yəni söhbət reabilitasiya müəssisələrinin mövcud olub-olmamasından deyil, onların hansı standartlarla fəaliyyət göstərməsindən gedir. Bu baxımdan, ölkəmizdə də belə mərkəzlərin fəaliyyət göstərməsi təbii və zəruridir. Lakin onların fəaliyyəti elmi əsaslara, peşəkar kadrlara və beynəlxalq standartlara söykənməlidir.
Asılılığın müalicəsi çox mürəkkəb prosesdir və burada yalnız bir metod və ya bir mütəxəssislə nəticə əldə etmək mümkün deyil. Müasir tibdə narkotik asılılığının müalicəsi multidissiplinar yanaşmaya əsaslanır. Bu prosesdə psixiatr, klinik psixoloq, narkoloq, sosial işçi, bəzən isə digər mütəxəssislər bir komanda şəklində fəaliyyət göstərməlidirlər. 
Müşahidələr göstərir ki, bəzi müəssisələrdə multidissiplinar yanaşmanın daha da gücləndirilməsinə ehtiyac mövcuddur. Xüsusilə ixtisaslaşmış mütəxəssislərin sayının artırılması və elmi əsaslı metodların geniş tətbiqi müalicənin effektivliyinin yüksəldilməsinə xidmət edə bilər. Nəticədə bəzi pasiyentlər əlavə tibbi və psixoloji dəstəyə ehtiyac duyaraq ixtisaslaşmış tibb müəssisələrinə müraciət edirlər.
- Son illər xüsusən yeniyetmələr arasında narkotik asılılığından əziyyət çəkənlərə tez-tez rast gəlinir. Gənclərin bu bəladan yan keçmələri üçün əsas məsuliyyəti kim daşıyır? Ailələrə, valideynlərə nə tövsiyə edərdiniz?
- Yeniyetmələr və gənclər arasında narkotik vasitələrdən istifadə hallarının qarşısının alınması daim diqqətdə saxlanılan məsələlərdən biridir. Bu yaş qrupu profilaktik tədbirlərin xüsusi əhəmiyyət daşıdığı həssas dövr hesab olunur, çünki yeniyetməlik dövründə beynin tam inkişaf etməsi prosesi hələ başa çatmamış olur. Xüsusilə qərarvermə, impuls nəzarəti və risklərin qiymətləndirilməsinə cavabdeh olan prefrontal korteksin inkişafı 20–25 yaşlara qədər davam edir. Bu isə gənclərin emosional təsirə daha həssas, riskli davranışlara isə daha meylli olmasına səbəb olur.
Bu baxımdan məsuliyyət tək bir tərəfin üzərində deyil, kompleks şəkildə cəmiyyətin bütün institutlarına aiddir. Lakin xüsusi olaraq ailə institutu burada əsas rol oynayan ən mühüm sosial mühitdir. Ailə uşağın ilkin sosiallaşma mühitidir və davranış modelləri, dəyərlər sistemi və nəzarət mexanizmləri ilk növbədə orada formalaşır. 
Ailədaxili ünsiyyətin gücləndirilməsi, uşaqlarla etibarlı münasibət qurulması və onların sosial mühitinə diqqət yetirilməsi profilaktik baxımdan mühüm əhəmiyyət daşıyır. Valideynlərin maarifləndirilməsi və övladları ilə açıq dialoq qurması risklərin azalmasına kömək edən əsas amillərdəndir. Ümumilikdə isə gənclərin bu bəladan qorunması yalnız bir qurumun və ya bir tərəfin deyil, ailə, təhsil sistemi və səhiyyə strukturlarının birgə və koordinasiyalı fəaliyyətinin nəticəsi ola bilər.
Qeyd etmək istərdim ki, narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir. Vaxtında müraciət, peşəkar tibbi yardım, ailə dəstəyi və reabilitasiya proqramlarında iştirak insanların sağlam həyata qayıtmasına imkan yaradır. Bu səbəbdən profilaktika, erkən müdaxilə və maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət daşıyır.
Gülnar Əliyeva
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub.