Trampın qadağasına hakim “yox” dedi - Ağ Evə qayıdırlar
25-sen, 09:57 12 Dünya
ABŞ Prezidenti Donald Trampın Ağ Evə girişini qadağan etdiyi CNN, “Politico” və MS NOW məhkəmə qərarından sonra yenidən prezident iqamətgahında fəaliyyət göstərə biləcək.
“Qafqazinfo”nun BBC-yə istinadən xəbərinə görə, federal hakim Timoti Kelli media qurumlarının Ağ Evə girişinin məhdudlaşdırılmasını müvəqqəti dayandırıb və onların mətbuat etimadnamələrinin dərhal qaytarılmasına qərar verib.
Hakim qadağanın media qurumlarının konstitusion hüquqlarını poza biləcəyini və onların girişinin məhdudlaşdırılması zamanı lazımi prosedurlara əməl edilmədiyini bildirib.
Qərara əsasən, qadağa 14 gün müddətinə dayandırılıb. Ağ Evin Əməliyyatlar üzrə rəhbəri məhkəməyə təqdim etdiyi sənəddə media qurumlarının mətbuat icazələrinin və müsadirə edilmiş giriş kartlarının səhər saat 09:45-də qaytarıldığını bildirib.
Tramp daha əvvəl CNN, “Politico” və MSNBC-ni administrasiyası haqqında “uydurma və ya yalan” xəbərlər yaymaqda ittiham edərək Ağ Evdən uzaqlaşdırdığını açıqlamışdı. Sonradan Ağ Ev giriş qadağasına səbəb kimi milli təhlükəsizlik məsələlərini göstərib. Lakin hakim Kelli milli təhlükəsizlik arqumentinin qadağanı əsaslandırmaq üçün kifayət qədər faktla dəstəklənmədiyini bildirib. O, prezidentin ilkin açıqlamasında milli təhlükəsizliklə bağlı narahatlıqların qeyd edilmədiyini də vurğulayıb.
Kelli qərarında media qurumlarının daimi giriş kartlarının ləğvinin milli təhlükəsizliyi qoruyacağını təsdiqləyən faktiki əsasın olmadığını qeyd edib.
Qeyd edək ki, CNN, Politico və MS NOW administrasiyanı konstitusion hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə müraciət etmişdi. Müxtəlif siyasi mövqeləri təmsil edən 50-dən çox media qurumu, o cümlədən “Fox News”, “New York Times”, “Washington Post” və “Wall Street Journal” məhkəmə prosesində media təşkilatlarına dəstək verib.





