Xətai rayonunda "mygov" platformasının təşfiqinə dair maarifləndirmə tədbirləri davam edir

SQ_95-2.jpg
Xətai rayonunda "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi vətəndaşların rəqəmsal xidmətlərə çıxışını asanlaşdırmaq, dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq və platformadan istifadə fəallığını artırmaqdır.
Tədbirdə "mygov" platformasının vətəndaşlar üçün yaratdığı geniş imkanlardan bəhs edilib. Qeyd olunub ki, yenilənən rəqəmsal hökumət platforması vətəndaş-dövlət münasibətlərində şəffaflığı təmin edir, vaxt itkisini minimuma endirir və kağız dövriyyəsini azaldır. İştirakçılara platforma vasitəsilə şəxsi məlumatlara baxış, müxtəlif növ rəqəmsal sənədlərin (şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, sürücülük vəsiqəsi və s.) əldə edilməsi və dövlət xidmətlərindən onlayn istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Həmçinin maarifləndirmə işlərinin miqyasını genişləndirmək və daha çox vətəndaşı məlumatlandırmaq məqsədilə rayon ərazisində genişmiqyaslı vizual təbliğat kampaniyasına da start verilib. Kampaniya çərçivəsində rayonun mərkəzi küçələrində, insanların sıx toplaşdığı parklarda, dayanacaqlarda və ictimai məkanlarda "mygov" platformasının funksiyalarını və yükləmə bağlantılarını əks etdirən maarifləndirici posterlər yerləşdirilib.
Bu addım vətəndaşların platforma ilə daha yaxından tanış olmasına və mobil tətbiqi rahatlıqla telefonlarına yükləyərək rəqəmsal xidmətlərdən faydalanmasına şərait yaradacaq.
Xətai rayonunda rəqəmsal savadlılığın artırılması və elektron xidmətlərin təşviqi istiqamətində bu növ tədbirlərin və layihələrin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.