ÖMRÜMÜZÜN UNUDULMAZ İLLƏRİ - MƏKTƏB İLLƏRİ
20-okt, 12:42 92 CəmiyyətHər bir insan Uca Tanrının onun üçün ayırdığı bir ömür payını yaşayır. Elələri də var ki, kediyi çətin və məşəqqətli ömür yolu sonradan minlərlə insanlara örnək olur. Onların keçdiyi bu şərəfli ömür yolunu qələmə almaq ücün bəzən cild- cild kitablar da azlıq edir. Belə insanlardan biri də Lənkəran rayonunun Qədir Hüseynov adına Moloja kənd tam orta məktəbin direktoru işləmiş Rəna Hüseynova olub. Mənə doğma anam qədər əziz olan bu sevimli müəlllimimlə bağli yazı bu gün yazmaq qəlbin yarasını qopartmaq, üzərinə duz səpmək kimidir. Bəli, məhz bu gün-17 oktyabr tarixi. Yaddaşımıza qəm-kədərlə yazılıb bu tarıx. Əlimizdən tutub bizi xoşbəxt və uğurlu gələcəyə aparan yolun yolçusu olan Rəna müəllim məhz bu tarixdə bizi tərk edərək haqq dünyasına qovuşub. Hər dəfə onunla bağlı məktəb illərimin xatirələrini vərəqlədikcə göz yaşlarıma sahıb ola bilmirəm. Mənimlə yanaşi dərs dediyi şagirdlərin və onu tanıyan hər bir insanın dərin sevgisini qazan, yaşadığı ömrün hər gününü bizim üçün bir ibrət , bir tarix olan, qəlbimizdə əbədiyaşar Rəna müəllimi unutmaqmı olar?
Hər dəfə yaddaşımda ömrün həzin, şirin, kövrək xatirələrlə dolu məktəb illərini vərəqlədikcə ilk öncə gözümün önündə Rəna müəllimin mənə dərs dediyi gün canlanır.
1984-cü ilin ilk dərs günü idi. Paytaxt Bakı şəhərinin Nizami rayonundakı 201 nömrəli tam orta məktəbdə ibtidai sinfi başa vurduqdan sonra, təhsilimi Moloja kənd səkkizillik məktəbində davam etdirməyə başladım. İlk dərs günu olduğü ücün hələ bizə dərs keçən müəllimləri tanımırdım. Həmin gün sonuncu dərsimiz ədəbiyyat fənnindən idi. Hava həddinən artıq isti olduğundan, sanki yer-göy od tutub yanırdı. Havanın olduqca isti olması bizim tez acmağımıza da təsir etmişdi . Bu səbəbdən də, demək olar ki, dərsə hec bir həvəsimiz qalmamışdı. Birdən qapı açıldı və şux qamətli, ağbəniz, ortaboylu, dolubədənli, şəvə kimi qara və qıvrım saçları, həmçinin çöhrəsində xoş təbəssüm olan bir xanım sinfə daxil oldu. Bu məqamda mənlə bir partada oturan Xəyal Hüseynov bildirdi ki, bəs bu, məktəbimizin direktoru Rəna Hüseynovadır. O, dərsə başlamazdan ilk öncə bütün şagirdlərlə salamlaşdı və sinfə göz gəzdirib mənalı baxışları ilə hamımızı diqqətlə süzdü. Elə ilk baxışdan üzümüzdəki gərginliyi hiss edib, bizdə xoş əhval-ruhiyyə yaratmağa çalışdı. Daha sonra tədris edəcəyi fənn və həmin fənnin önəmli olması barədə olduqca dolğun və əhatəli izahlar verməyə başladı. Müəllimənin şirin, məlahətli danışığını dinlədikcə, bizdə olan aclıq da yox olub getdi və yorğunluğumuzdan əsər-əlamət qalmadı. Həmin gün dərs o qədər mənalı kecdi ki, qırx beş dəqiqənin necə gəlib ötdüyünü özümüz də hiss etmədik. Beləcə sonrakı günlərdə biz artıq Rəna müəllimənin dərs deyəcəyi saatları səbirsizliklə gözləməyə başladıq.
Günlər, həftələr, aylar keçdikcə Rəna müəllim bizim ücün daha da doğmalaşırdı, hər birimizin qəlbində ona sevgi hissi baş qaldırmışdı. Sinfimizin bütün şagirdləri Rəna müəlliməni ürəkdən sevirdilər, sanki ona olan sevgini bildirmək ücün Rəna müəllimənin tədris etdiyi fənni dərindən öyrənməyə çalışırdılar. Onda olan yüksək insani keyfiyyətlər, müəllim peşəkarlığı, sənətinə olan böyük həvəsi bizi onun dərsinə həvəslə hazirlaşmağa sövq edirdi. Üzündəki nur, mehriban baxışlar, çöhrəsindəki təbəssüm bütün gərginliyimizi unutdururdu. O, dərsini tədris etdiyi illərdə bizə ən yaxın sirdaş oldu. Bəzən valideynlərimizə çəsarət edib deyə bilmədiklərimizi Rəna müəlliməyə deyirdik, onunla məsləhətləşirdik. Şən və mənalı, həmçinin həyəcanlı illərimiz sürətlə ötüb keçməkdə idi. Bir də xəbərdar olduq ki, artıq məktəbin məzunlarıyıq.
Məktəb illəri arxada qalmışdı. Ömrümüzün ən şirin və ən xoş, həmçinin mənalı anları məktəb illəri oldu ki, həmin illərlə bağlı yaddaşımızı vərəqlədikcə gözümüzün önündə məhz məzunu olduğumuz bu təhsil ocağına ilk qədəm basdığımız günlər canlanır. Sanki orta məktəb illəri həyatımızın ayrıca bir dünyasıdır. İlk günlərdə valideynlərimiz əlimizdən tutub bizimlə birgə addımladılar, bizi giriş qapısında işıqlı və nurlu gələcəyə aparan yolun yolçusuna - müəllimizə tapşıraraq bizdən ayrıldılar. Bundan sonra müəllimlərimizin əlindən yapışdıq, pilləkənləri astaca və ehmalca qalxaraq sevgi və qayğı dolu bir dünyaya varid olduq. Bəli, həmin illər bizim üçün çox şən və mənalı kecdi. Müəllimlərimiz ilk dəfə olaraq bizə “Ana”, “Vətən” sözlərini yazmağı öyrətdilər. İllər keçdikcə onlar bizlərə həyatın nə olduğunu, necə yaşamağın yollarını da öyrədirdilər. Müəllimlərin əxz etdiyimiz bilgilər sayəsində arzularla, xəyallarla dolu olan dünyamızın varlığını daha dərindən dərk edirdik.
Günlərin birində isə bir zəng vuruldu və həmin zəng bizi məktəb illərinə əlvida söyləmək məcburiyyətində qoyan sonuncu zəng oldu. Bu zəng həm də yeni həyatın başlanğıcı idi. Həmin gün bizim - məktəblə sağollaşan şagirdlərin ğözləri bahar buludutək dolmuşdu. Müstəqil və xoşbəxt ğələcəyə aparan yolda sevimli müəllimlərimizdən ayrılmaq bizim ücün olduqca çətin idi. Xüsusilə də hər zaman diqqət və qayğısına sığındığımız, sevgisi qəlbimizin dərinliyinə kök atan, hər bir addımı, hər bir hərəkəti bizim ücün örnək olan, bütün şagirdlərin dərin sevgisini, sonsuz məhəbbətini qazanan, bir sözlə, hər birimiz ücün əziz olan Rəna müəllimədən ayrilmaq, söz yox ki, hər birimiz ücün daha çox cətin idi. Arada böyük bir sükut yaranmışdı. Həmin gün Rəna müəllimə cox pərişan görünürdü. Bizə baxdıqca göz yaşları al yanağından gilələnib yerə düşürdü. Nəhayət, o özünü ələ alıb kövrək və titrək səslə nitqinə başladı:
- Əziz şagirdlərim və övladlarım, siz bu təhsil ocağına gədəm qoyduğunuz ilk gunləri xatırlayırsınızmi? O vaxt hər biriniz fərqli ailə mühitindən gəlmişdiniz. Hər biriniz ayrı-ayrı xarakterlərdə, həm də cox dəcəl və şıltaq idiniz. Dərs aldığınız bu təhsil ocağında biz müəllimlərin sizə verdiyimiz bilgilər nəticəsində tamamən mükəmməl, ağıllı-kamallı, cəmiyyətə, xalqa və dövlətə fayda verə biləcək dəyərli və layiqli vətəndaş kimi yetkinləşmisiniz. İndi isə müstəqil halda işıqlı və xoşbəxt gələcəyə gedən yolun yolçususunuz. Bu şərəfli yolda mən sizə uğurlar arzulayıram.
Sonra Rəna müəllimə biz məzunlarla bir-bir görüşdü, övladıtək bağrına basıb xeyir-dua verdi.
Biz məktəbi bitirdikdən sonra daima Rəna müəlliməni ziyarət edib onun dəyərli məsləhətlərindən yararlanardıq. O, həyatımızın ən dəyərli, xoş anlarında həmişə bizimlə birgə olardı. İndi aramızda olmasa da, qəlbimizdə əbədi olaraq ğzünə məskən salıb və həmişə yaşayır.
Zahid SƏMƏDOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü