Xatirələrdə yaşayan Nizami müəllim.
29-dek, 19:36 125 Gündəm / CəmiyyətHər millətin mövcudluğu və inkişafı onun ziyalılarının sayının nisbətindən asılıdır. Ziyalı mənsub olduğu millətın simasını müəyyənləşdirən şəxsdir. Hazırkı vəziyyətdə cəmiyyətimizdə peşəkar və ali savadlı kadrların sayı kifayət qədər olsa da, onların hamısını ziyalı zümrəsinə daxil etmək düzgün deyildir. Çünki yetərincə ali təhsili olan ziyasızlar da vardır .
Ziyalı o şəxsdir ki, taleyüklü məsələlərdə öz müdrikliyi və zəkası ilə xalq ücün cıraq tək yanaraq, öz ziyasının nuru ilə cəmiyyəti nurlandırır. Bu, danılmaz faktdır ki, belə ziyalılarımızın sayı lazım olduğu qədər deyildir. Dünyasını dəyişən həmən ziyalıların yerləri isə əksər hallarda boş qalır.
Məhz belə ziyalılarımızdan söz düşdükdə yaddaşımıza əbədi olaraq həkk olunmuş, cismən bizi tərk etsə də, ruhən həmişə qəlbimizdə yaşayan, Azərbaycan jurnalistikasının tanınmış, unudulmaz simalarından biri, tədqiqatcı-jurnalist Nizami Hüseynovla bağlı həzin və şirin xatirələr yaddaşımda canlanır.
Nizami müəllim haqqında yazmaq mənim ücün çox ağırdır. Dünənə qədər yoldaşlıq etdiyim, səmimi söhbətlərindən, dəyərli məsləhətlərindən mənən qidalandığım və doymadığım, dərdləşdiyim bir şəxsiyyət haqqında söz demək yaranın qaysağını qoparmaq kimidir. Hər dəfə onu xatırlayanda qəlbim dağlanır, gözlərim qan ağlayır. Onun ölümü ilə heç cür barışa bilmirəm. Bəzən öz-özümə deyirəm ki, yox, bu xəbər yalandır. Nizami müəllim ölməyib, yaşayır. Beləcə ürəyimlə danışa-danışa xəyalən onunla bağlı ən şirin, həzin xatirələrə dönmüş günlərə
qayıdıram.
2016-cı ilin fevral ayından "Qığılcım" qəzetində davamlı olaraq vətəndaşların üzləşdiyi sosial problemlərlə və məmurların qanunsuz əməlləri ilə bağli məqalələrim dərc olunmağa başladı. Jurnalist fəaliyyətinə yenicə başladığım ücün peşəkar və təcrübəli bir jurnalistə ehtiyacım var idi. Bir gün tanışım Nağı adlı bir şəxs mənə zəng edib bildirdi ki: - Qala xiyabanındakı çay evinə gəl, Azərbaycan Jurnalistlər Birliyinin rayon təşkilatının sədri Nizami müəllim səninlə görüşmək istəyir. Deyilən vaxtda getdim, onların əyləşdikləri stola yaxınlaşanda Nizami müəliim ən doğma adamı kimi mənə əl uzadıb mehribancasına görüşdü. Sonra əlindəki "Qığılcım" qəzetində dərc olunmuş məqaləmi ətrafdakı şəxslərə göstərərək xoş bir təbəssümlə mənə baxaraq dedi:
- Qələmə aldığın məqalələrində əsasən ictimai əhəmiyyət kəsb edən mövzulara müraciət etməyin təqdirəlayiqdir. Həm də bir mətbuat nümayəndəsi kimi mövqeyin və cəsarətin bəyəniləndir. Bu yolda sənə uğurlar arzulayıram. Yazılarında bir sıra qüsurlar və üslub səhvləri var. Çalış onları da düzəlt.
Həmin gündən etibarən mən Nizami müəllimlə tez-tez görüşürdüm. O, mənə mətbuatın incəlikləri ilə bağli dəyərli məsləhətlər verərək, diqqət və qayğısını bir an da əsirgəmirdi. Jurnalistika ilə bağlı paytaxtda və regionlarda keçirilən tədbirlərə məni də göndərirdi. Həmin tədbirlərdə, o cümlədən sonradan mətbuatda əldə etdiyim bilgilər və topladığım təcrübələr mətbuatda əldə etdiyim nailiyyətlər ücün böyük başlanğıc və təkan oldu.
Nizami müəllimin həyat və yaradıcılığına nəzər yetirdikdə görürük ki, o, çox çətin, məşəqqətli və sıldırımlı yollar aşaraq şərəfli və ləyaqətli bir ömür yaşayıb. Belə dəyərli, mənalı və yaddaşlara həkk olunan bir ömrü yaşamaq isə hər şəxsə nəsib olmur.
Nizami Aydın oğlu Hüseynov 1961-ci il aprelin 17-də Lənkəran rayonunun Boladi kəndində dünyaya göz acib. Bakı Dövlət Unversitetinin tarix fakültəsini bitirdikdən sonra AMEA-nın Tarix İnstitutunun dissertantı olub. Lakin ailə vəziyyəti ilə əlaqədar elmi axtarışlarını yarımcıq qoymaq məcburiyyətində qalıb.
Nizami Hüseynov ixtisasca tarixci olsa da, onda məbuata böyük həvəs var idi. Böyük istedada malik bu şəxs jurnalist fəaliyyətinə əvvəlcə infornativ yazılarla başlamış, sonralar cəmiyyətimiz ücün önəm kəsb edən və ictimai əhəmiyyət daşıyan analitik təhlilli yazılara maraq göstərmişdir. Onun qələmə aldığı məqalələr və araşdırma tipli yazılar "Sovet kəndi", "Lənkəran", "İdman", "Paritet", "Aşkarlıq", "Aydınlıq", "Cənub xəbərləri", "Bələdiyyə həyatı", "Günsəhər", "Zaman", "Obozrevatel", "Azerbaydjanskiye izvestiya", "İzvestiya", "Prizma", "Məşəl" və digər qəzet və jurnallarda, xəbər saytlarında isıq üzü görmüşdür. Nizami müəllim tədqiqat xarakterli yazıları ilə ölkə mətbuatında müxtəlif yazı müsabiqələrdə fəal iştirak edib.
2003-cü ildə Himayədar-Humanitar Təşkilatının "Neft və yoxsulluq" mövzusunda keçirdiyi müsabiqəyə qatılan N.Hüseynov qiymətli hədiyyəyə layiq görülüb. Bunun ardinca o, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, "Şahdəniz", "Bakı-Tiblisi-Ceyhan" və Cənubi Qafqaz Boru Kəməri layihəsindəki tərəfdaşları adından BP şirkətinin bioloji müxtəlifliyə həsr etdiyi "Ekologiya və iqtisadiyyat həmahəngdir" mövzusunda keçirdiyi dördüncü yazı müsabiqəsində uğurlu çıxışına görə üçüncü yeri tutmaqla müsabiqənin sertifikatını və pul mükafatını qazanıb.
2006-cı ildə Qafqaz Media Tədqiqatlar Mərkəzi tərəfindən Cənubi Qafqaz jurnalistləri arasında "Uşaq hüqüqlarının qorunması və uşaq əməyindən sui-istifadə halları" mövzusunda elan olunmuş müsabiqəyə təqdim etdiyi tədqiqat işinə görə N.Hüseynov ücüncü mükafata layiq görülüb.
2008-ci ildə Polşa-Azərbaycan Fondu (Other Spayse Fonundation), Polşa-Amerika Sülh Fondu və Polşa Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə "Doğru Doğuşa Doğru" aksiyasi çərçivəsində kecirilən jurnalist müsabiqəsində Nizami müəllim ikinci yeri tutmaqla müsabiqənin sertifikatını və pul mükafatını qazanıb.
2009-cu ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası
ilə birgə jurnalistlər arasında "Minadan zərərcəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri" mövzusunda keçirdiyi müsabiqənin iştirakçısı olan N. Hüseynov "Vətən eşqi ilə çırpınan ürək" yazısına görə diplom və qiymətli hədiyyə ilə təltif olunub.
2012-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ( ETSN) Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsi də ona uğur gətirib. Belə ki, 3-cü yeri tutan N. Hüseynova ETSN-nin diplom və pul mükafatı verilib.
Mətbuatda səmərəli fəaliyyətinə, vətəndaşlıq mövqeyinə və sənətkarlıq uğurlarına görə N.Hüseynov "Qızıl Qələm" mükatatına layiq görülüb. Həmcinin jurnalistika sahəsindəki uğurlarına görə Azərbaycan Jurnalislər Birliyi onu iki dəfə Həsən bəy Zərdabi diplomu ilə təltif edib.
Bütün bunlarla yanaşı tədqiqatcı-jurnalist mütəmadi olaraq mətbuatla bağlı keçirilən beynəlxalq seminar və konfranslarda fəal iştirak edib. ATƏT, Avropa Surası, İVPR və digər beynəlxalq təşkilatların bu istiqamətli treninq, seminar və konfranslarında Nizami müəllim ən fəal iştirakçılardan biri olub. Həmcinin Tbilisi, İstanbul, Kiyev, AntaIya şəhərlərində kecirilən KİV əməkdaşlarının beynəlxalq tədbirlərinin də iştirakçısı olub.
Nizami müəllim bir müəllim kimi həm pedaqoji sahədə, həm də bir jurnalist kimi zəngin təcrübəyə və yüksək təfəkkürə malik idi. Onun hər məsləhəti bizim ücün çox önəmli və düşündürücü idi. O, xaraktercə çox çiddi olsa da, amma həddən artıq ,diqqətcil, səmimi qayğıkeş və mehriban insan idi.
Nizami Hüseynovun Azərbaycan jurnalistikasındakı mövqeyi polad kimi möhkəm, dağlar qədər vüqarlı olub. Bəzən ehtiyac insanı nəyə isə göz yummağa, hansısa yanlışığa yol verməyə vadar edir. Amma Nizami müəllim yaşadığı illər boyu həyatın bütün sərt sınaqlarına çəkilsə də, heç zaman sınmadı, əyilmədi. Mənliyini, qürurunu həmişə qorudu. O, beşiyinin başında Mirzə Cəlilin və Həsən bəy Zərdabinin durduğu Azərbaycan jurnalistikasının ənənələrinə sadiq qalaraq, cəmiyyətdə baş verən neqativ hallara qarşı zamanında öz kəskin və iti qələmi ilə sərt mövqeyini bildirirdi. Azərbaycan ziyalısına xas olan bütün xüsusiyyətləri özündə cəmləşdirən Nizami müəllim diqqətə çarpan, mənalı və yaddaşlara həkk olunan bir ömür yaşadı. Onun həm həyatda, həm də Azırbaycan jurnalistikasında qət etdiyi yolun hər anı bizim ücün örnək və tarixdir.
N. Hüseynövun Azərbaycan jurnalistikasında özünəməxsus dəst-xətti vardı. İstər ənənəvi, istərsə də müasur üslübda qələmə aldığı yazılar dərin mənalı, qısa, lakonik, oxucunu daim düşündürən fikirlərin yer aldığı yazılar olub.
On ilə yaxın bir müddətdə Azərbaycan Jurnalislər Birliyinin Lənkəran təşkilatının sədri olduğu müddətdə N.Hüseyovun xalqın dəyərli ziyalılarının bu qurumda cəmləşməsində müstəsna xidmətləri danılmazdır. Cənub bölgəsinin jurnalistika tarixinə nəzər yetirdikdə ğörürük ki, həmin illər bölgəmizin jurnalistika tarixinin çiçəklənmə dövrü olub.
30 dekabr 2022-ci il...
Məhz bu tarixdə Azərbaycan mətbuatı yolunda ömrünü şam kimi əridən N.Hüseynov bizi həmişəlik olaraq tərk etdi. Azərbaycan mətbuatının Lənkəranda yanan çırağı əbədi olaraq söndü. Amma onun dünyasının dəyişməsinə hec kəs inana bilmirdi. Cünki, o, vaxtlı-vaxtında tibbi müayinədən keçərdi, sağlamlığı yerində idi. Hər dəfə Nizami müəllimi xatırladıqca , düşünürəm axi nə üçün xalqın dəyərli və ləyaqətli ziyalıları vaxtsız dünyadan köçür ?...Bəlkə də biz onları qoruya bilmirik və ya Uca Tanrının istəyi belədir.Amma heyif,cox heyif...
Bütün qəlbi və qələmi ilə jurnalistikaya vicdanla xidmət edən, jurnalistika tarixində gözəl izlər qoyan belə bir şəxsiyyətin - Nizami Hüseynovun ölümünə inanmaq, doğrudan da çətin idi. O, cismən aramızdan getsə də, ruhən qəlbimizdə əbədi yuva saldı.
Ruhun şad, məkanın cənnət olsun, əziz dost!
Zahid Həbiboğlu Səmədov.
AJB - nin üzvü, Xeber24.medianin təsisçisi və redaktoru,
müstəqil araşdırmaçı.