Hacı Ruslan Həsənov : İkinci Qarabağ müharibəsi Şuşa zəfəri ilə başa çatdı
07-noy, 11:55 600 Cəmiyyət102xeber.az saytının Təsisçisi Baş Redaktoru, 102xeber.com saytının Rəhbəri, Beynəlxalq ictimai.az Saytının Təsisçisi və Baş Redaktoru Məxfi Fikir.az Saytının Təsisçisi, Məxfi Fikirlər Qazetin Təsisçisi Baş Redaktoru, 102xeber.tv-nin Təsisçisi Hacı Ruslan Həsənov - Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz Ermənistanın yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı qəsbkardan azad etmək məqsədi ilə 2020-ci il sentyabrın 27-dən başladığı və 44 gün ərzində həyata keçirdiyi Zəfər yürüşündə möhtəşəm tarixi qələbə qazandı.
Azərbaycan bu qələbəyə, bu uğura çatmaq üçün 30 il ərzində çox iş gördü. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu ordumuz dahi şəxsiyyətin müdrik varisi cənab İlham Əliyev tərəfindən modernləşdirilən Silahlı Qüvvələrə çevrildi. Dövlətimizin başçısı münaqişənin davam etdiyi illərdə uzaqgörənlik və təmkinlə diplomatik sahədə də təxirəsalınmaz tədbirlər reallaşdırdı, ən yüksək beynəlxalq mərasimlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan etdi, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğalçıdan təmizlənməsinin labüdlüyünü çatdırdı. Ən əsası isə respublikada möhkəm, sarsılmaz xalq-Prezident-ordu birliyinin yaradılmasına nail oldu.
Xatırladım ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərindən etibarən Qarabağ probleminin həllində sülh danışıqlarına üstünlük verdi. Birinci Qarabağ müharibəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz torpaqlarımızdan çıxarılmasını nəzərdə tutan dörd qətnaməsinin icrası üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində Ermənistanla diplomatik danışıqlar apardı. Lakin bu sülh təşəbbüslər 2018-ci ildə Ermənistanda baş verən inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyanatları və respublikamızın işğal olunan ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri səbəbindən uğursuzluqla nəticələndi.
Vətən müharibəsi ərəfəsində Ermənistanın təxribatçı əməlləri gündən-günə güclənirdi. İşğalçı ölkənin müdafiə naziri David Tonoyanın 2019-cu ilin mart ayında ABŞ-a rəsmi səfəri zamanı “yeni torpaqlar uğrunda yeni müharibə” çağırışı etməsi də bu ölkənin Azərbaycana qarşı hədə-qorxusunun növbəti ifadəsi idi.
Yeri gəlmişkən, o zaman Tonoyanın bəyanatından bir neçə gün sonra təmas xəttində bir sıra hərbi təxribatlar törədildi, düşmən 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərdi. Bundan bir ay keçdikdən sonra, avqustda Goranboy rayonu istiqamətində Ermənistan ordusunun diversiya-kəşfiyyat qrupu növbəti təxribatını davam etdirdi. Azərbaycan Ordusu bütün bu təxribatlara layiqincə cavab verdi. Lakin bu cür işğalçı hərəkətlərin kəskin şəkildə qarşısının alınmasından Ermənistan nəticə çıxarmadı.
Vəziyyət 2020-ci ilin avqust ayının sonlarında Ermənistan baş nazirinin həyat yoldaşı Anna Hakopyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal təşkil olunan hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı. Əslində, bu, işğalçı ölkənin danışıqlar prosesindən tamamilə imtinası demək idi.
Yeri gəlmişkən, onu da xatırladım ki, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 25-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan barədə məlumat verdi. O cümlədən, dövlətimizin başçısı 2020-ci il iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə işğalçı ölkəyə min tondan artıq silah-sursat və hərbi avadanlığın daşındığını bildirdi. Sözügedən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxış etdi.
Beləliklə, Ermənistan 2020-ci il sentyabrın 27-də növbəti təxribat törədərək, atəşkəs rejimini kobud şəkildə pozdu. Buna cavab kimi, Azərbaycan Silahlı Qüvvələri bu işğal əməllərinin qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başladı və respublika ərazisində hərbi vəziyyət elan olundu.
Bununla da ordumuzun başladığı əks-hücum əməliyyatları 44 gün davam etdi və bu müddətdə işğal altındakı ərazilərimiz düşməndən geri alındı. Bununla da Azərbaycan “Dağlıq Qarabağ münaqişəsi”nin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsinə nail oldu. Nəticədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Ağdam və Hadrut azad edildi. Bütövlükdə, 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kəndin ərazisi hərbi yolla düşmən qruplaşmalarından təmizləndi. Ağdam, Laçın və Kəlbəcər rayonları isə kapitulyasiya aktına əsasən işğalçıdan boşadıldı.
İkinci Qarabağ müharibəsi Şuşa zəfəri ilə başa çatdı. Azərbaycan Ordusunun dünyada hərbi əməliyyatların planlaşdırılmasının, həyata keçirilməsinin və yekunlaşdırılmasının yeni texnologiyalara əsaslanan ilk praktik nümunəsini bütün dünyaya göstərdi. Bu savaş xalqımızın mətin iradəyə malik olduğunu, milli ideya ətrafında sıx birləşmək gücünü və işğala boyun əyməmək əzmini təsdiqlədi. Dövlət-xalq-ordu birliyi tarixi qələbənin əldə olunmasını şərtləndirdi. Prezident İlham Əliyev isə diplomatik məharəti və yenilməz sərkərdəlik qabiliyyəti ilə qazanılan uğurlarla xalq sevgisini daha da gücləndirdi.
Vətən müharibəsindən ötən iki ilə yaxın bir müddətdə işğaldan azad edilən ərazilərimizə Böyük Qayıdışın reallaşması üçün mühüm layihələr həyata keçirilir. Zəngilanın Ağalı kəndinin bir qrup sakininin 30 ilə yaxın ayrılıqdan sonra doğma yurduna dönməsi dövlətimizin bu torpaqlara həyatı yenidən qaytarması üçün əzm və qətiyyətindən xəbər verir.
Hazırda düşməndən təmizlənən yaşayış sahələrində ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər sürətlə gerçəkləşdirilir. Bu çərçivədə görülən layihələr isə həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini, həmçinin iqtisadi inkişafını şərtləndirir.