“Xamenei ilə görüşməyim mümkündür, şərəf duyardım”

xamenei-ile-gorusmeyim-mumkundur-seref-duyardim
“İranla mümkün razılaşma çərçivəsində Ali lider Müctəba Xamenei ilə görüşə bilərəm”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə, Oval Ofisdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, İranla bağlı danışıqların müsbət istiqamətdə davam etdiyini bildirib.
Tramp qeyd edib ki, tərəflər razılığa yaxınlaşır və belə bir saziş İranın nüvə silahına malik olmamasını təmin edə bilər.
ABŞ Prezidenti həmçinin bildirib ki, razılaşma əldə olunacağı təqdirdə Hörmüz boğazı gəmiçilik üçün tam şəkildə açılacaq. Onun sözlərinə görə, boğazdakı minaların böyük hissəsi artıq təmizlənib.
Tramp Xamenei ilə görüş ehtimalına münasibət bildirib: “Onunla görüşməkdən şərəf duyardım. Razılığa gəlib-gələ bilməyəcəyimizi görmək istərdim. Əgər razılaşma əldə olunarsa, belə bir görüş mümkündür”.
Tramp ABŞ və İran arasında mümkün görüşün Ağ Evdə keçirilib-keçirilməyəcəyi barədə suala isə bu məsələnin hələ müzakirə olunmadığını bildirib.
ABŞ Prezidenti çıxışında İranın hərbi və siyasi imkanlarının ciddi şəkildə zəiflədiyini iddia edərək, Vaşinqtonun məqsədlərinə istənilən halda nail olacağını vurğulayıb.
“Ya razılaşma yolu ilə, ya da hərbi baxımdan bu və ya digər şəkildə qalib gələcəyik”, – deyə Tramp bildirib.
O, İranı Venesuela ilə müqayisə etməyin düzgün olmadığını qeyd edərək, İran məsələsinin daha mürəkkəb və hərbi baxımdan daha çətin olduğunu vurğulayıb.
Tramp həmçinin İranın ABŞ hərbçilərinə qarşı hücum təşkil edəcəyi təqdirdə Vaşinqtonun cavab tədbirlərini davam etdirəcəyini bildirib.
ABŞ Prezidenti Livandakı vəziyyətə də toxunaraq, həm “Hizbullah”, həm də İsrail tərəfi ilə təmasların davam etdiyini deyib. Onun sözlərinə görə, bölgədə sülh istiqamətində müəyyən irəliləyişlər müşahidə olunur.
Tramp bildirib ki, bu məsələ ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə də müzakirələr aparıb və yaxın zamanda müsbət nəticələrin əldə olunacağına ümid edir.
ABŞ lideri əlavə edib ki, İran ərazisində zənginləşdirilmiş uranın çıxarılması üçün ABŞ hərbçilərinin göndərilməsi variantı da nəzərdən keçirilib. Lakin bu ssenari yüksəkriskli hesab edildiyi üçün qəbul edilməyib.
Tramp İranın nüvə proqramının qalıqlarının aradan qaldırılması prosesində ABŞ ilə əməkdaşlıq edə biləcəyinə inandığını bildirib.