“Başqa çıxış yolu yoxdur, sonda razılaşmağa məcbur olacaq”
06-iyn, 10:56 3 Dünya
“İranın başqa çıxış yolu yoxdur, sonda razılaşmağa məcbur olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində deyib.
O, İranla aparılan danışıqlara münasibət bildirib və Tehranın sonda Vaşinqtonla razılığa gəlmək məcburiyyətində qalacağını söyləyib.
Tramp İran rəhbərliyinin hələlik razılaşmaya getməməsini ölkənin “güclü və qürurlu” olması ilə əlaqələndirib.
“Onlar güclüdürlər, qürurludurlar. Heç vaxt edəcəklərini düşünmədikləri şeyləri etməli olacaqlar. Başqa çıxış yolları yoxdur və bu proses müəyyən vaxt tələb edir”, – deyə ABŞ Prezidenti bildirib.
İranla bağlı prosesin niyə uzandığı barədə sualı cavablandıran Tramp belə məsələlərin qısa müddətdə həll olunmadığını vurğulayıb.
“Bu cür proseslər illərlə davam edə bilər. Mən isə cəmi üç aydır bu məsələnin içindəyəm. Vyetnam müharibəsi 19 il davam etmişdi. İndi isə məndən soruşurlar ki, nə vaxt qalib gələcəksən”, – deyə o qeyd edib.
ABŞ lideri həmçinin İranın hərbi potensialı ilə bağlı iddialar səsləndirib. Trampın sözlərinə görə, ABŞ-nin həyata keçirdiyi əməliyyatlar nəticəsində İranın hərbi infrastrukturuna ciddi zərbə vurulub.
O iddia edib ki, İranın dron istehsal müəssisələrinin, raket istehsalı obyektlərinin və buraxılış meydançalarının böyük hissəsi fəaliyyətini dayandırıb.
“Onların hələ də müəyyən imkanları qalır. Bəzi raketləri və pilotsuz uçuş aparatları var. Hesab edirəm ki, əvvəlki potensiallarının təxminən 21-22 faizi qalıb. Bu hələ də böyük rəqəmdir, lakin əvvəlki vəziyyətlə müqayisə oluna bilməz”, – deyə Tramp bildirib.




