“Flydubai”da insident törədən pilotun - Terrorla bağlı videoları yayılıb
03-okt, 11:11 2 Dünya
“Flydubai” təyyarəsinin pilotuna hücum etmiş ikinci pilotun adı açıqlanıb.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, həmin şəxs 29 yaşlı Oman vətəndaşı Həmam əl-Həmmanidir.
Araşdırmaya görə, əl-Həmmaninin silinmiş “LinkedIn” profilində onun təxminən yeddi il, 2025-ci ilin fevralına qədər “Oman Air” aviaşirkətində işlədiyi bildirilir. Həmin ilin iyununda o, Mərakeşin “Royal Air Maroc” aviaşirkətində işə başlayıb, 2026-cı ilin yanvarında isə oradan ayrılıb. Profildə “Flydubai” haqqında heç bir məlumat olmasa da, vəziyyətlə tanış olan mənbə səhifənin məhz Həmam əl-Həmmaniyə aid olduğunu təsdiqləyıb.
Profilə görə, əl-Həmmani həmçinin Böyük Britaniyada “Buckinghamshire New University”də təhsil alıb. Onun 2023-cü ilədək üç il ərzində distant formada “Aviasiya menecmenti” ixtisası üzrə təhsil aldığı bildirilir.
Məlumata görə, hücum cəhdindən sonra onun “Instagram” hesabında iki video paylaşılıb. Onlardan biri “Əl-Qaidə”nin keçmiş lideri Ayman əz-Zəvahirinin və Əfqanıstanda terror aktı törətmiş Humam Xəlil Əbu-Mulal əl-Bəlavinin fotoşəkilləri ilə başa çatır. Digər videoda isə Məkkə, Mədinə və Qüdsün süni intellektlə yaradılmış təsvirindən istifadə edilib.
Lakin daha sonra Həmam əl-Həmmaninin “X” və “Instagram” hesabları silinib.
Xatırladaq ki, sentyabrın 30-u səhər saatlarında BƏƏ-dən İsrailə uçan 174 nəfərlik “Flydubai” laynerində ikinci pilot birinci pilota bıçaqla hücum edib. Sərnişinlər və digər pilot sayəsində təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib. İsrail tərəfi bu hadisəni rəsmən terror aktına cəhd kimi qiymətləndirib. Faktla bağlı araşırma aparılır.





