AHİK-in V Məclisi keçirilib
28-dek, 17:41 193 Gündəm / CəmiyyətDekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Məclisi keçirilib.
Öncə Məclis iştirakçıları Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məclisin gündəliyinə “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu”, “AHİK-in Nizamnaməsinə əlavə və dəyişikliklər haqqında” və təşkilati məsələlər daxil edilib.
Gündəliyə çıxarılan məsələlərin müzakirəsi aparılıb, təşkilati və gündəlikdə duran digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Məclisdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda məruzəsi dinlənilib.
AHİK sədri qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına xüsusi əhəmiyyət verir: “2016-cı ildə dövlətimizin başçısı BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalayıb. Eyni zamanda Azərbaycan MAPS (2030 Gündəliyi naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdən biri olaraq 2018-ci ildə keçirilən Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda ölkə təcrübəsini təqdim edib. Digər məsələlərlə bərabər, regional forumda Dayanıqlı İnkişaf Məqsədlərinin inteqrasiyası və onların icrasını sürətləndirmək məqsədilə fəaliyyətləri müəyyən edən Bakı Prinsipləri qəbul edilib. Azərbaycan DİM-i həyata keçirən keçmiş sovet respublikaları arasında yeganə ölkədir ki, BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda üç dəfə (2017, 2019 və 2021-ci illərdə) Könüllü Milli Hesabat təqdim edib. Bu göstəriciyə görə ölkəmiz ilk onluqda yer alır. AHİK də ötən il DİM-in öhdəliklərini yerinə yetirmək üçün Azərbaycanda həyata keçirilən tədbirlərə dair öz könüllü qiymətləndirmə hesabatını hazırlayıb. Burada 5 il ərzində görülən işlər və əldə olunan nailiyyətlər barədə ətraflı məlumatlar verilib”.
Onun sözlərinə görə, həmkarlar ittifaqları işçilərin nümayəndələri olaraq dayanıqlı inkişafın təşviqində ən vacib qüvvələrdəndir: “Onların sənaye sektorunda dəyişikliklərə uyğunlaşma təcrübələrini nəzərə alsaq, görərik ki, əsas diqqət istehsal mikroiqliminin və ətraf mühitin qorunmasına, balanslaşdırılıb sosial-iqtisadi inkişaf uğrunda mübarizəyə yönəldilib. Həmkarlar ittifaqları, onların çoxsaylı üzvləri arasındakı mövcud əməkdaşlıq sistemi dayanıqlı inkişaf konsepsiyaları və tətbiqlərinə dəstək verə biləcək mühüm kanallardır. Mövcud sosial tərəfdaşlıq prinsipləri işçilərin, onların nümayəndələrinin, hökumətlərin və işəgötürənlərin davamlı inkişafa keçiddə əməkdaşlığının gücləndirilməsinin əsasını təşkil edir”.
“AHİK beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından maraq göstərib. DİM-in daha yaxşı mənimsənilməsi və milliləşdirilmə prosesinə töhfə vermək məqsədilə “Dayanıqlı İnkişaf Məqsədləri Gündəliyi 2015-2030-cu illər” mövzusunda 2016-cı ildən başlayaraq BƏT ilə birlikdə beynəlxalq, regional, subregional maarifləndirici seminar və konfranslar keçirib. Eləcə də AHİK-in mütəxəssisləri mövzu ilə əlaqədar BƏT-in dəstəyi ilə digər ölkələrdə keçirilən bir sıra beynəlxalq təlim kursları, seminarlar və plenar iclaslarda iştirak ediblər. Konfederasiyanın tərkibində DİM-lə bağlı komissiya yaradılıb. Komissiyanın üzvləri tərəfindən “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri 2015-2030-cu illər Gündəliyi-Həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası” sənədi hazırlanıb”, - S.Möhbalıyev vurğulayıb.
Konfederasiya sədri deyib ki, DİM-in həyata keçirilməsində sülhün və əmin-amanlığın müstəsna rolu vardır: “Məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması prosesi artıq başlayıb. Şərqi Zəngəzurda və Qarabağda açılacaq iş yerlərində məşğul əhalinin sosial, iqtisadi və əmək hüquqlarının müdafiəsini təmin etmək məqsədilə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına çalışacağıq. Azad olunmuş ərazilərimizdə işğaldan əvvəl fəaliyyət göstərən pansionat, sanatoriya və istirahət mərkəzlərinin, idman qurğu və müəssisələrinin bərpası da bizim gələcək işlərimizin siyahısındadır”.
“Hesab edirəm ki, bizim fəaliyyətimizin əsasını BƏT-in müvafiq konvensiyalarının ratifikasiyasının dəstəklənməsi və bunun üçün normativ aktların qəbul edilməsi, Təhlükəsizlik, səhiyyə və dayanıqlı inkişaf məsələlərini həll edən ikitərəfli və üçtərəfli mexanizmlərin yaradılması, Dayanıqlı inkişafa nail olmaq üçün toplu ekoloji sazişlərin sayının artırılması, Sənaye qəzalarına, zədələnmələrə və peşə xəstəliklərinə yol verilməməsi üçün mübarizə aparılması, İşçilərin təhsilinin, xüsusilə də işçi təhlükəsizliyi, sağlamlığı və iş mühitinin yaxşılaşdırılması sahəsində maarifləndirmənin təşkili, peşə hazırlığı və yenidən hazırlıq işlərinin genişləndirilməsi təşkil etməlidir”, - AHİK sədri əlavə edib.
Məclisdə Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hüseyn Kərimov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rəşad Səfərov və Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı rəhbərlik etdikləri qurumların fəaliyyətindən danışıblar.
Ardınca AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı Məclis üzvlərinə bəzi tövsiyələr verib.
S.Möhbalıyev həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılsın, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq, vaxtında həll edilsin, vətəndaş məmnunluğu tam təmin olunsun.
Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.
Sonda S.Möhbalıyev Məclis iştirakçılarını, həmçinin Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, növbəti ildə onlara yeni-yeni uğurlar və səadət dolu günlər arzulayıb. Geridə qoyduğumuz 2022-ci ildə ölkəmizin qazandığı uğrlara və əldə etdiyi nailiyyətlərə görə, dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edən S.Möhbalıyev dövlətimizin daha da inkişafı, xalqımızın firavanlığı və xoşbəxt gələcəyi naminə onlara qarşıdan gələn ildə də böyük nailiyyətlər arzulayıb.
AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi