Bir tele-çıxışda təhrifdən senzura qərarına: Audiovizual Şura TV-ləri tənzimləyir, yoxsa qərarı ilə media azadlığını hədəfə alaraq susdurur?
12-yan, 11:49 7 Gündəm / Cəmiyyət
Hörmətli oxucular, 2025-ci il dekabrın 25-də “Space TV” kanalında yayımlanan “Gəl danış” verilişində aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər ətrafında baş verənlər Azərbaycan media tarixində təhlükəli bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Çünki bu hadisə artıq ayrı-ayrı fikirlərin müzakirəsi deyil, dövlət tənzimləyici qurumunun subyektiv narrativlər əsasında media üzərində cəza mexanizmini işə salmasının açıq nümunəsidir. Belə ki, “Space TV” kanalında yayımlanan “Gəl danış” verilişində aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər bir neçə gün ərzində sosial şəbəkələrin və mediada gedən müzakirələrin əsas mövzusuna çevrildi. Aparıcının axşam saatlarında şəhərdə müşahidə etdiyi bəzi davranışları tənqid etməsi və regionlardan olan valideynlərə qız övladlarını Bakıya deyil, yaşadıqları əraziyə yaxın universitetlərə göndərmələri ilə bağlı tövsiyə xarakterli çağırışı müxtəlif cür yozuldu. Əslində isə Amil Xəlilin çıxışı nə hüquqi qadağa, nə də təhsil hüququnun məhdudlaşdırılması çağırışı idi. Bu, ictimai-sosial müşahidəyə əsaslanan subyektiv fikir, yəni televiziya debatlarının mahiyyətinə uyğun bir mövqedir. Lakin məsələ məhz bundan sonra başqa bir istiqamətə yönəldi. Lakin qeyd edək ki, aparıcının çıxışı ictimai-sosial müşahidəyə əsaslanan, subyektiv və mübahisəli ola biləcək bir mövqedir. Bu mövqe ilə razılaşmaq da olar, razılaşmamaq da. Lakin hüquqi baxımdan burada nə qadınların təhsil hüququnun inkarı, nə hüquqi məhdudiyyət çağırışı, nə də diskriminasiya təşviqi mövcuddur. Buna baxmayaraq, aparıcının bu fikri “GMW – Gender Media Watch” platformasının nümayəndəsi Mələk Hacıyeva tərəfindən yayımlanan müraciətdə süni şəkildə təhrif olunaraq kontekstdən çıxarıldı, aparıcının subyektiv müşahidələri əsasında söylədiyi fərdi fikrini qadınların təhsil hüququna qarşı sistemli hücum kimi, və məqsədli şəkildə təhlükə mənbəyi kimi təqdim edildi. Konstitusiyanın 42-ci maddəsinin pozulduğu iddia olundu, “əxlaq sahibkarlığı” kimi ideoloji terminlərlə süni çərçivə quruldu və daha da irəli gedərək İran İslam İnqilabından sonrakı dövrlə paralellər aparıldı. Bu artıq hüquqi tənqid yox, təhrif olunmuş ictimai rəy istehsalı və qorxu narrativinin formalaşdırılmasıdır.
Məsələnin ən təhlükəli mərhələsi isə bundan sonra başladı. Sosial şəbəkələrdə yaradılan bu emosional və ideoloji təzyiq Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən obyektiv hüquqi qiymətləndirmə aparılmadan birbaşa qərara çevrildi. Şura 09 yanvar 2026-cı il tarixli iclasında “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinə istinad edərək, guya “mənşə ayrı-seçkiliyinin təbliğ edildiyi” qənaətinə gəldi və “Space TV” kanalının yayımını 3 saat müddətinə dayandırdı. Bu qərar hüquqi baxımdan tamamilə əsassızdır. Ayrı-seçkiliyin təbliği anlayışı konkret hüquqi meyarlar tələb edir: açıq hədəf, konkret çağırış və real hüquqi nəticə. Sözügedən verilişdə bunların heç biri mövcud deyil. Audiovizual Şura burada hüququ tətbiq etməmiş, qanunu genişləndirərək öz ideoloji yozumunu hüquqi norma səviyyəsinə qaldırmışdır. Bu isə artıq tənzimləmə yox, səlahiyyət həddinin aşılmasıdır. Daha da ağır olan budur ki, bu qərar Azərbaycan Respublikası Konstitusiyasının birbaşa pozuntusudur. Konstitusiyanın 47-ci maddəsi fikir və söz azadlığını, 50-ci maddəsi isə kütləvi informasiya vasitələrinin azadlığını və senzuranın yolverilməzliyini təmin edir. Televiziya yayımının dayandırılması formal olaraq “inzibati tədbir” adlandırılsa da, mahiyyət etibarilə bu dolayı senzura aktıdır. Dövlət orqanı media məzmununa görə cəza tətbiq edirsə, bu artıq azad media mühitindən deyil, nəzarət olunan informasiya məkanından xəbər verir. Audiovizual Şura bu qərarı ilə son dərəcə təhlükəli presedent yaradıb. Bu presedent göstərir ki, bundan sonra istənilən televiziya verilişi sosial şəbəkələrdə formalaşdırılan narazılıq fonunda, subyektiv ideoloji şərhlər əsasında cəzalandırıla bilər. Bu isə jurnalistlər və aparıcılara açıq təhdid mesajıdır: “İctimai mövzularda sərt danışmayın, əks halda efirdən kənarlaşdırılacaqsınız.”
Burada problem nə Amil Xəlilin fikrindədir, nə də ictimai mübahisənin özündə. Problem fikrin təhrif edilməsi və bu təhrifin Audiovizual Şura tərəfindən real araşdırma aparılmadan hüquqi qərara çevrilməsindədir. Media tənzimlənməsi ifadə azadlığını boğmaq üçün yox, onu qorumaq üçün mövcud olmalıdır. Həmçinin media azadlığı mübahisəli fikirlərin qarşısını almaq üçün yox, onların açıq müzakirəsini təmin etmək üçün mövcuddur. Əks halda tənzimləyici qurum ictimai marağın yox, ideoloji basqının alətinə çevrilir. Bu hadisə bir televiziya proqramının taleyi ilə bitmir. Bu, Azərbaycan media mühitinin hansı istiqamətə getdiyinə dair ciddi siqnaldır. Əgər bu cür qərarlar normal qəbul edilərsə, sabah ölkədə real ictimai debat, plüralizm və azad fikir üçün yer qalmayacaq. Audiovizual Şuranın bu addımı artıq təkcə bir kanalın deyil, bütün media sektorunun susdurulmasına yönəlmiş təhlükəli institusional davranışdır.
Aqil Cəfərov,
Kriteri.az saytının təsisçisi və baş redaktoru
Filologiya üzrə fəlsəfə doktoru, dosent





