Ekspertdən bayram alış-verişi ilə bağlı tövsiyə: “Bazarda bir az çox gəzin”


İlaxır çərşənbəyə, Novruz bayramına az bir müddət qalıb. Bayram süfrəsi açmaq üçün insanlar indidən bazarlara üz tuturlar. Bayrama yaxın qiymətlərin artacağından narahat olduqlarından öncədən alış-verişə başlayıblar. Güman edirlər ki, bayrama az bir müddət qalmış əsas məhsulların qiymətlərində kəskin bahalaşma müşahidə olunacaq.
Bəs görəsən, hansı məhsulların qiymətində artım müşahidə olunur?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, sahibkarlar tələbin artmasını nəzərə alaraq qiymətləri qaldırırlar:

“Bizdə bayram adətlərinə görə, süfrəmizin daha bol və çeşidli olması ənənədir. Bu da insanların bayram ərəfəsində daha çox ərzaq almalarına tələb yaradır. Ənənəvi olaraq sahibkarlar, ticarətlə məşğul olan insanlar tələbin artmasını əsas götürərək qiymətləri artırırlar. Yəni tələb artdıqca qiymət də artır”.
E.Kərimli qeyd edib ki, bayram yarmarkaları təşkil olunsa, bahalaşmanın qarşısı alınar:
“Bayramda bəzi qida məhsulları üzərində qiymət artımı müşahidə olunacaq. Meyvə-tərəvəz və quru meyvələrdə daha çox müşahidə olunacaq. Yəni bayram süfrəsində istifadə olunan əsas ərzaq məhsulları üzərində bahalaşmanı müşahidə edəcəyik. Bu səbəbdən də əvvəlcədən tədarük görülməlidir.
Hökumət bununla bağlı bayram yarmarkalarını təşkil etsə, yaxşı olar. Bununla daha ucuz və keyfiyyətli ərzaq əldə etmək olar. Daha məqsədəuyğun olar. Nəticədə bahalaşmanın qarşısı alınar”.
İqtisadçı-ekspert Fuad İbrahimov qeyd edib ki, bahalaşma ticarət dünyasının fəndidir:

“İstənilən bayram ərəfəsində müəyyən məhsulların qiymətində bahalaşma olur. Bu, ticarət dünyasının irəli sürdüyü fəndlərdən biridir. Xüsusən də bayram süfrəsində daha çox istifadə olunan ərzaq və ya qeyri-ərzaq məhsullarında bahalaşma müşahidə oluna bilər. Bu proseslərə artıq təəccüblənmir, təbii hal kimi qəbul edirik”.
F.İbrahimov əlavə edib ki, bayram ərəfəsində hər zaman bahalaşma müşahidə edəcəyik:
“Dünya bazarında da bahalaşma gedir. İnflyasiya öz təsirini göstərir. Bahalaşma təkcə bizdə yox, digər ölkələrdə də müşahidə olunur. Bayram ərəfəsində istifadə olunacaq məhsulların qiymətində artım müşahidə olunur. Çünki sahibkarlar başa düşürlər ki, hər bir ailəyə həmin məhsul lazımdır. Bundan istifadə edirlər. Bu nöqteyi-nəzərdən ticarət fəndini irəli sürürlər”.
İqtisadçı bazarlarda kəskin bahalaşma müşahidə olunacağını söyləyib:
“Alıcılar diqqətli olmalıdırlar. Bazarı təhlil etsək, yolumuzu artırsaq, ucuz məhsullar tapa bilərik. Bazarda qiymət diapazonu genişdir. Ümumilikdə bayram ərəfəsində, əsasən, bayramda istifadə olunan məhsulların qiymətində artım müşahidə olunacaq”.
Nəzrin Vahid