Kəlağayı — sadəcə örtük deyil, Mədəniyyətdir, Zəriflikdir, Kimlikdir!
07-apr, 18:05 12 Gündəm / Sosial
Kəlağayı bu gün birdən-birə “kəşf olunmuş” bir dəyər deyil…
O, nənələrimizin nəfəsi, analarımızın sükutu, qadınlarımızın zərifliyidir.
Biz o örtüklərlə böyüdük.
Rəngli yaylıqlar, saçaqlı örpəklər, butalı şallar…
Hərəsinin öz yeri, öz zamanı vardı.
Yayda yüngül, nazik parçalar başlara kölgə salardı,
qışda isti şallar çiyinləri sarardı.
Bəzisi ləçək bağlayardı, bəzisi sadəcə kəlağayı ilə kifayətlənərdi.
Amma hamısında bir şey ortaq idi — təbiilik.
Toyda qırmızı kəlağayı ümid idi, arzu idi.
Analar onu sandıqda illərlə qoruyardı.
Gəlinin başına bağlanan ağ örtük isə təmizlik, yeni başlanğıc demək idi.
Bu, bizim həyatımız idi.
Səssiz, amma mənalı…
Sonra yad formalar gəldi.
Qadını ya qaraldan, ya da tanınmaz hala salan örtüklər…
Özümüzə aid olmayan, amma bizə “doğru” kimi təqdim edilən tərzlər.
Unutduq ki, bizim örtüyümüz heç vaxt ağır olmayıb.
O, qadını gizlətmək üçün yox, tamamlayıb gözəlləşdirmək üçün olub.
Kəlağayı sadəcə parça deyil.
O, bir baxışdır.
Bir duruşdur.
Bir mədəniyyətin incə ifadəsidir.
Başqasının formasına bürünmək asandır…
Amma öz kökünü yaşatmaq cəsarət istəyir.
Və biz o cəsarətin varisləriyik.
Yaşasın zərifliyi ilə seçilən, kökü ilə güclü olan Azərbaycan qadını…
Yaşasın onun kəlağayısı
Şəfəq Ağacan





