Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi oldu

Müstəqilliyini itirmək və dörd yerə parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanın tarixində, 15 iyun Milli Qurtuluş Günü, ölkəmizi yeni uğurlara və zəfərə aparan yolun başlanğıcı oldu. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasının, yenicə dövlət müstəqilliyini qazanmış ölkənin tamamilə məhv olmaq təhlükəsindən xilas olmasının əsasını qoyuldu. Müstəqilliyimizin ilk illəri Azərbaycanın müasir tarixində ən çətin və ziddiyyətlərlə dolu olan dövr kimi xalqımızın yaddaşında silinməz iz buraxdı.

Ölkədə getdikcə dərinləşən özbaşınalıq, dövlət idarəçiliyi prinsiplərinin pozulması, ayrı-ayrı siyasi partiyalar arasında hakimiyyət uğrunda mübarizə və sosial-iqtisadi tənəzzül Azərbaycanı ağır böhran vəziyyətinə salmışdı. Hakimiyyəti zor gücünə zəbt etmiş AXC-Müsavat cütlüyünün bacarıqsız və yarıtmaz fəaliyyəti ölkədə acınacaqlı vəziyyətin yaranmasına səbəb olmuşdu.

Həmin dövrlərdə ordu quruculuğunun olmaması, mövcud olan silahlı dəstələrin ayrı-ayrı siyasi partiyaların maraqlarına uyğun xidmət etməsi ölkəmizin müdafiə qabiliyyətinə ağır zərbə vurmuşdu. Bu səbəbdən də, erməni silahlı qüvvələri torpaqlarımızın biri-birinin ardınca işğal edir və həmin ərazilərdə yaşayan azərbaycanlıları doğma el-obasından zorla qovulub çıxarırdı. Xüsusilə AXC-Müsavat hakimiyyətinin səriştəsiz idarəçiliyi nəticəsində Gəncədə hərbçilər arasında baş vermiş silahlı toqquşma ölkədə vəziyyəti daha da gərginləşdirmişdi.

Möhtərəm Prezident, Müzəffər ali baş komandan İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümündə həmin dövrü belə xarakterizə etmişdir:

“Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik – iki il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərilmişdi. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır. 1993-cü il dönüş ili oldu.”

Ulu Öndər Heydər Əliyev 1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti kimi ölkədə sabitliyin təmin olunması, cəbhədə atəşkəsin əldə olunması, ordu quruculuğu sahəsində əhəmiyyətli tədbirlərin keçirilməsində, iqtisadiyyatın inkişafı ilə bağlı mühüm tədbirlərin görülməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi və digər sahələrdə ciddi nailiyyətlərin qazanılması naminə müdrik və cəsarətli addımlar atmışdır.

Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Möhtərəm Prezident İlham Əliyev onun siyasətini uğurla davam etdirərək, əsası 15 iyun 1993-cü ildən qoyulmuş dövlət quruculuğu sahəsində möhtəşəm nailiyyətlər əldə edilmiş və Azərbaycan zəfər qazanmış dövlət kimi dünyada öz mövqeyini daha da möhkəmləndirmişdir.


Yeni Azərbaycan Partiyası

Səbail rayon təşkilatının sədri: Muxtar Nağıyev