Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu


             Bu gün Azərbaycan Jurnalistlər Birliyinə kollektiv qəbul olunan yeni üzvlərə vəsiqələrin təqdimat mərasimi baş tutub. 
Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlının iştirakı ilə keçirilən tədbirdə bir çox tanınmışlar iştirak edirdi. Tədbiri açaraq qonaqları salamlayan Elçin Şıxlı AJB tarixi haqqında qısaca məlumatlar verdi, qarşıda planlaşdırdıqları fəaliyyət istiqamətləri haqqında danışdı.
İctimai və mədəniyyət xadimi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri,  www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, “Ədəbiyyat” qəzetinin şöbə redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov rəhbərlik etdiyi analitik beyin mərkəzi haqqında məlumat verəndən sonra yeni üzvləri AJB sədrinə təqdim etdi.
 Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı yeni üzvlərə – tanınmış jurnalist və sayt rəhbərləri, ictimai fəallar, publisist və televiziya verilişlərinin ekspertlərindən Aydın Xan Əbilov, Fəridə Nizamiqızı, Rahim İsmayılov, Ramal Əliyev, İradə Həsənova, Bəxtiyar Kazımlı, Əfsanə Nəbiyeva – Familqızı, Ülkər Piriyeva, İlhamə Mustafayeva – Laçın, Ceyhun Süleymanov, İsmayıl Zalov və Ramilə Eminli  – Sultana üzvlük vəsiqələrini təqdim etdi. 
Tanınmış media üzvləri AJB və onun sədrinə minnətdarlığını çatdırdılar, hər zaman jurnalist imicini qoruyacaqlarına söz verdilər.
Qeyd olundu ki, yeni üzvlər uzun illərdir ki, mətbuat, media, yeni media və televiziya sahələrində  fəaliyyət göstərir, cəmiyyət üçün aktual olan ictimai-sosial problemləri araşdırır, neo-maarifləndirmə işləri aparır və ictimaiyyətə obyektiv məlumatlar, analizlər, ekspert rəyləri təqdim etməklə informasiya çağının aktivistləri kimi tanınırlar. Onlar uzun illərdir televiziya kanallarında — AZ TV, Xəzər TV, ARB TV, Kanal S TV, Space TV, Dünya TV, Reaksiya TV, Biznes TV, YeniMedia TV və başqa telekanallarda sosial-ictimai, mədəni-kütləvi, analitik-informativ verilişlərin ekspertləri kimi də fəal iştirak edirlər.
Sonda xatirə fotoiları çəkildi, yeni üzvlərə uğurlar arzulandı.
P.S. YYSİB və YeniMedia.net portalı olaraq bu əlamətdar hadisə münasibəti ilə bütün həmkarlarımızı səmim-qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Elmar Kazımov