5 May – “Xalça Günü”: Milli kimliyimizin naxışlara həkk olunmuş tarixi
06-may, 17:04 9 Gündəm
Hər bir xalqın zəngin mədəni irsi onun keçmişindən gələcəyə uzanan mənəvi körpüsüdür. Azərbaycan xalqı üçün bu körpünün ən parlaq və dərin məna daşıyan elementlərindən biri xalçaçılıq sənətidir. Əsrlər boyu formalaşan, nəsildən-nəslə ötürülən bu sənət növü təkcə məişət əşyası deyil, xalqımızın tarixinin, dünyagörüşünün, estetik zövqünün və ruhunun canlı ifadəsidir. Məhz bu səbəbdən hər il 5 may tarixinin “Xalça Günü” kimi qeyd olunması milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymətin bariz nümunəsidir.Azərbaycan xalçaları öz zəngin ornamentləri, rəng harmoniyası və dərin fəlsəfi məzmunu ilə dünya miqyasında böyük şöhrət qazanmışdır. Hər bir xalça bölgəsinə, tayfasına və dövrünə görə fərqli xüsusiyyətlər daşıyır. Qarabağ, Quba, Şirvan, Gəncə və Təbriz xalça məktəbləri bu sənətin müxtəlif istiqamətlərini əks etdirərək, bütövlükdə Azərbaycan xalçaçılıq sənətinin zənginliyini nümayiş etdirir. Bu xalçalarda istifadə olunan naxışlar təkcə estetik element deyil, eyni zamanda müəyyən simvolik məna daşıyır – sevgi, həyat, təbiət, qəhrəmanlıq və ailə dəyərləri kimi anlayışlar ilmə-ilmə xalçalara köçürülür.
Xalçaçılıq sənəti tarix boyu xüsusilə qadınların zəhməti, səbr və yaradıcılıq qabiliyyəti ilə inkişaf etmişdir. Azərbaycan qadını öz hisslərini, arzularını və həyat təcrübəsini xalça üzərində əks etdirərək, bir növ səssiz, lakin dərin mənalı bir dil yaratmışdır. Bu baxımdan xalça həm də milli kimliyimizin, ailə ənənələrimizin və mənəvi dəyərlərimizin qoruyucusudur.
Bu gün xalçaçılıq sənəti yalnız ənənəvi sənət növü kimi deyil, həm də elmi və bədii tədqiqat sahəsi kimi inkişaf etməkdədir. Bu istiqamətdə fəaliyyət göstərən alim və sənətkarların rolu xüsusilə böyükdür. Onlardan biri də Atatürk Universitetinin Güzel Sanatlar Fakültəsi, Geleneksel Türk Sanatları Bölümünün dosenti, Dr. Ümbülbanu Həmidovadır. O, türk və Azərbaycan xalçaçılıq sənətinin araşdırılması, tədrisi və təbliği sahəsində mühüm xidmətlər göstərən ziyalılarımızdandır.
Dr. Ümbülbanu Həmidova uzun illərdir ki, xalçaçılıq sənətinin incəliklərini elmi əsaslarla araşdırır, bu sahədə əldə etdiyi bilik və təcrübəni tələbələrə ötürür. Onun fəaliyyəti yalnız akademik çərçivə ilə məhdudlaşmır – o, həm də milli sənətimizin beynəlxalq səviyyədə tanıdılması istiqamətində əhəmiyyətli işlər görür. Onun tədqiqatları xalça ornamentlərinin semantikası, rənglərin fəlsəfəsi və ənənəvi texnikaların qorunması kimi vacib mövzuları əhatə edir.
Eyni zamanda, Dr. Ümbülbanu Həmidova gənc nəsildə milli irsə marağın artırılması, ənənəvi sənət növlərinə sevginin aşılanması istiqamətində də mühüm rol oynayır. Onun pedaqoji fəaliyyəti nəticəsində bir çox gənc bu sənətə yiyələnərək, xalçaçılıq ənənələrini yaşatmaq və inkişaf etdirmək yolunda addımlar atır. Bu isə gələcək nəsillərin milli köklərinə bağlı böyüməsində mühüm əhəmiyyət kəsb edir.
Xalçaçılıq sənətinin qorunması və inkişafı yalnız sənətkarların deyil, bütövlükdə cəmiyyətin və dövlətin də diqqət mərkəzindədir. Bu gün Azərbaycanda xalça muzeylərinin fəaliyyəti, sərgilərin təşkili və beynəlxalq tədbirlərdə iştirak bu sahəyə verilən önəmin göstəricisidir. Xalçaçılıq sənəti artıq dünya mədəni irsinin ayrılmaz hissəsinə çevrilmişdir və bu, xalqımız üçün böyük qürur mənbəyidir.
“Xalça Günü” yalnız bir bayram deyil, həm də keçmişimizə ehtiramın, sənətkarlarımıza hörmətin və milli dəyərlərimizə bağlılığımızın ifadəsidir. Bu gün biz xalça ustalarının zəhmətini, onların yaratdığı sənət incilərini bir daha xatırlayır və qiymətləndiririk. Hər ilmədə bir tarix, hər naxışda bir həyat hekayəsi gizlənən xalçalarımız bizim milli sərvətimizdir.
5 may – “Xalça Günü” münasibətilə Atatürk Universitetinin Güzel Sanatlar Fakültəsi, Geleneksel Türk Sanatları Bölümünün dosenti, Dr. Ümbülbanu Həmidovanı ürəkdən təbrik edir, ona elmi və pedaqoji fəaliyyətində yeni uğurlar arzulayırıq. Onun milli sənətimizin inkişafına verdiyi töhfələr yüksək dəyərləndirilir və böyük ehtiramla qarşılanır.
Eyni zamanda, bütün xalçaçıları, bu sənəti yaşadan ustaları, sənətkarları və bu sahəyə könül verən hər kəsi “Xalça Günü” münasibətilə səmimi qəlbdən təbrik edirik. Qoy ilmə-ilmə toxunan bu gözəl sənətimiz daim yaşasın, inkişaf etsin və gələcək nəsillərə ötürülsün!
Gülnara Həmidova
AYB və AJB-nin üzvü,
“Qızıl Qələm” mükafatçısı
“Merhemet.tv”-nin rəhbəri







