22 gündür ki, Vətən müharibəsi iştirakçısından xəbər alınmır: Liviyada itib


“Üç həftədən çoxdur ki, oğlumdan xəbər ala bilmirəm”.
Bunu Oxu.Az-a açıqlamasında oğlu itkin düşən Füzuli İsmayılov bildirib.
Onun sözlərinə görə, oğlu Nazir İsmayılov Türkiyədə fəaliyyət göstərən şirkətlərin birində çalışır:
“22 gündür ki, ondan xəbər ala bilmirik. Mən həmin şirkətlə əlaqə saxladım. Bildirdilər ki, oğlum olan gəmi Liviyanın ərazisinə icazəsiz girdiyi üçün saxlanılıb. Cərimə ödənilən zaman sərbəst buraxılacaqlar. Həmin gəmidən kiminsə də nömrəsi verilmir ki, əlaqə saxlayıb, oğlumla danışım”.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Oxu.Az-a bildirib ki, məsələ nəzarətə götürülüb, araşdırma aparılır.
Qeyd edək ki, Nazir İsmayılov Vətən müharibəsi iştirakçısıdır.

İlhamə Əbülfət