Yadaşdan silinməyən ilk "Döyüş"


Mən bir çox döyüşlərdə ön sıralarda döyüşmüşəm. 2012-ci ildən 2023-cü ilin antiterror müharibəsinə qədər bir çox tapşırıqlarında və müharibənin iştirakçısıyam. 2016-cı il Aprel döyüşləri, 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2021-ci ildə Kəlbəcər ərazisinin bərpası, 2022-ci ilin Sarsıdıcı zərbə  4 günlük müharibəsi və 2023-cü ilin 24 saatlıq antiterror əməliyyatlarının döyüşləri. Həmçinin 32 ildən sonra antiterror müharibəsindən 7 gün qabaq Xankəndi ərazisinə ilk kəşfiyyata gedən 2 kəşfiyyatçıdan biri mənəm.

Bu döyüşləri görsəm belə, amma ilk döyüş tapşırığı, ilk dəfə düşmənə güllə atmağımız, düşmən arxasında döyüş tapşırığı yerinə yetirmək insanın beynində olduğu qaydada yaddaşda qalır.

Xüsusi Təyinatlı Qüvvələr 13 il idi yaranmışdı. Hərbi hissəmiz o vaxta qədər bir çox snayper tapşırıqları və ölkə daxili müxtəlif fəaliyyətlərdə iştirak etmişdi. Amma XTQ düşmən dərinliyində belə bir döyüş tapşırığı icra etməmişdi.

Səhər işə gəldik. Bölmə komandiri, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev qrup komandirinə (AH) yaxınlaşıb döyüş əmri verdi.

Əmr: Düşmən ön xəttin bəzi istiqamətlərində yerləşən postlarımıza qarşı təxribat xarakterli fəaliyyətlər həyata keçirir. Sanki bizi zəif bilib çirkin əməllərini tez-tez ordumuza qarşı nümayiş etdirir.

Tapşırıq! Dərhal həmin düşmən mövqelərinin canlı qüvvələrini susdurmaq, onların ordumuza qarşı törətdiyi təxribatların qarşısını almalısınız.

Düzdür, biz XTQ-lərin yaranandan bəri  gecə-gündüz ağır təlimlər keçmiş, çoxsaylı kurslarda iştirak etmişdik. Amma buna baxmayaraq, XTQ-lərin heç bir bölməsi o vaxta qədər düşmən dərinliyində real döyüş tapşırığı icra etməmişdi.

Dərhal ön xətdə yerləşən öz hərbi hissələrin birinin ərazisində  yerləşdik. Yeddi gün gecə-gündüz müşahidə apardıq. Açıq-aşkar görünürdü ki, qarşı tərəf təxribat törətməyə çalışır. Təxribat törədən, düşmənin xüsusi təyinatlıları idi. Onlar özlərini rahat və arxayın aparır, ön xətdə tez-tez hərəkət edərək ordumuza qarşı müxtəlif təxribat xarakterli fəaliyyətlər həyata keçirməyə cəhd göstərməyə calışır.

2012-ci ilin may ayının 5-dən 6-na keçən gecə “Canavar” istehkam mütəxəssisləri — Hümətov Qafqaz, Əliyev Eldar və Salhov Usman tərəfindən ön xətt yarılaraq düşmən ərazisinə sızma əməliyyatı həyata keçirildi. 13 nəfərlik heyətlə düşmən postuna daxil olduq.

Düşmən səngərinə ilk daxil olanlan, şəhid Vətən müharibəsi qəhrəmanı Sübhan Cəbiyev, (xidmətdə olduğuna görə adını çəkə bilmədiyim) Q,A. və Ə,İ, həmçinin mən və şəhid Məmmədov Fikrət olduq. Beləliklə, 13 nəfərlik qrup A, H və Fikrət Məmmədovun rəhbərliyi altında düşmən postuna doğru hərəkət etməyə başladıq.

Ən irəlidə İ. Ə. və şəhid Sübhan Cəbiyev irəliləyirdi. Düşmən postuna daxil olduğumuz anda erməni dilində Dur, kimdi gələn? deyə qışqırıq eşidildi. Dərhal  İ. Ə. tərəfindən təxminən 5 metr məsafədə olan düşmən əsgəri zərərsizləşdirildi. Bundan sonra şiddətli atışma başladı. Güllələr yağış kimi yağırdı.

Q, A. dərhal düşmənin mərkəzinə əl qumbarası atdı. Partlayışdan sonra düşmən bir anlıq susdu. Ardınca atılan 7 əl qumbarası ilə düşmən mövqeyində olan şəxslər zərərsizləşdirildi.

Düşmənin bizə qarşı təxribat törətdiyi postu məhv edib geri qayıdarkən, onların digər mövqelərindən üzərimizə güclü atəş açıldı. Atəş dəstək mövqemizdən olan bölməmiz dərhal cavab atəşi ilə düşmənin atış nöqtələrini susdurmağa nail oldular.

Düşmən postundan təxminən 100-150 metr uzaqlaşmışdıq ki, başqa bir mövqedən yenidən üzərimizə güllə yağışı başladı. 13 nəfərlik şəxsi heyət açıq və düzənlik ərazidə yerə uzanaraq düşmən atəşindən qorunmağa çalışırdıq. Düşmən əsgəri bizə atdığı mərmilər yan-yörəmizə düşür, başımızın üzərindən keçirdi.

Həmin an qrup komandiri (A H) və Fikrət Məmmədov mənə əmr verdi:

Xankişiyev, “Muxa” ilə həmin mövqeni məhv et!

Artıq səhər açılır, ətraf aydın görünürdü. Nişan alıb atdığım “Muxa” qumbaraatanı düz düşmən mövqeyinə dəyərək güclü partlayış yaratdı. Partlayışdan sonra düşmənin atəşi dərhal susdu.

Elə həmin an sanki Uca Yaradanın mərhəməti bizim üzərimizə endi. Ağ bir bulud gəlib bizimlə düşmənin arasını örtdü. Sanki Allah-Təala o buludu bizə sipər etmişdi ki, düşmən bizi görə bilməsin. Bu, bizim üçün ilahi bir yardım, unudulmaz bir möcüzə idi.

13 nəfərlik heyət düşmən arxasına necə səssiz və peşəkar şəkildə sızmışdısa, eləcə də heç bir itki vermədən, sağ-salamat geri qayıtdıq. Əgər əlimdəki həmin birdəfəlik “Muxa” qumbaraatan olmasaydı, bəlkə də bu əməliyyat ağır itkilərlə nəticələnə bilərdi.

Bu tapşırıq Xüsusi Təyinatlı Qüvvələrin tarixində düşmən arxasında icra olunan ilk və ən uğurlu döyüş əməliyyatlarından biri kimi yadda qaldı. 

06 may 2012-ci il tarixi, XTQ-nin düşmən arxasında həyata keçirdiyi ilk döyüş tapşırıqlarından biri olaraq şanlı tariximizə həkk olundu.

Ən unudulmaz və qürurverici an isə tapşırığı uğurla yerinə yetirib sağ-salamat geri qayıtdığımız vaxt idi. Düşmən arxasında həyata keçirilən çətin və təhlükəli əməliyyatdan sonra bizi qarşılayan rəhbərliyin sevincini görmək bütün yorğunluğumuzu unutdururdu.

Xüsusilə də general rütbəli komandirin hər birimizi bağrına basaraq təbrik etməsi, alnımızdan öpməsi və "Mən sizinlə fəxr edirəm, deməsi bizim üçün ən böyük mükafat idi. Həmin sözlər və göstərilən qiymət bütün risklərə, çəkdiyimiz əziyyətlərə dəyirdi.


PS. Hər biriniz bir tarix, bir əfsanəsiniz. Sizin kimi qəhrəmanları olan Vətən basılmaz…

Qəhrəmanın xatirəsini təqdim etdilər.


Hürü Hacızadə

Yazıçı-publisist

“Qızıl qələm” mükafatçısı


Fərid Səfərov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin fəxri üzvü