HİRKAN MİLLİ PARKININ YAŞIL TƏNTƏNƏSİ: EKOSİSTEMİN MÜHAFİZƏSİNDƏ YENİ DÖNƏM

Son illər ölkəmizin ən nadir təbiət incilərindən olan Hirkan Milli Parkında ekoloji tarazlığın qorunması, zəngin fauna və floranın inkişaf etdirilməsi istiqamətində fundamental və olduqca zəruri addımlar atılmışdır. Görülən sistemli tədbirlərin qanunauyğun nəticəsidir ki, bu gün parkın ərazisində çoxdankı ağrılı problemlərə — xüsusilə də qanunsuz olaraq köküstü ağac kəsilməsi hallarına demək olar ki, tamamilə son qoyulmuşdur. Hirkanın bənzərsiz relikt və endemik meşə örtüyü artıq bərpa və sabit inkişaf dövrünü yaşayır.

Bu uğurun arxasında duran ən mühüm amil isə mühafizə işinin sadəcə inzibati qaydalarla məhdudlaşmamasıdır. İndi Hirkan meşələrinə diqqət və qayğı yalnız parkın fədakar əməkdaşları tərəfindən deyil, həm də parkın daxilində və ətrafında yerləşən kəndlərin sakinləri tərəfindən yüksək səviyyədə hiss olunmaqdadır. Park mütəxəssislərinin vətəndaşlarla mütəmadi olaraq keçirdiyi maarifləndirici tədbirlər sayəsində yerli icmalarda təbiətə qarşı daxili bir məsuliyyət və doğmalıq hissi formalaşmışdır. Eyni zamanda, park ərazisinin təmiz saxlanılması üçün bütün zəruri və qabaqlayıcı tədbirlər görülür, hazırda Hirkan Milli Parkının nizamnamə tələblərinə ciddi riayət olunur.

XANBULAQ GÖLÜ ƏTRAFINDA EKOLOJİ YENİLƏNMƏ VƏ ABADLIQ

Park rəhbərliyinin son dövrlərdə həyata keçirdiyi ən uğurlu, genişmiqyaslı və təqdirəlayiq addımlardan biri də həm yerli sakinlərin, həm də bölgəyə axın edən çoxsaylı yerli və xarici turistlərin sevimli istirahət məkanı olan Xanbulaq gölü və onun ətrafındakı ekoloji mühitlə bağlıdır. Füsunkar relyefi və bənzərsiz mənzərəsi ilə seçilən bu geniş rekreasiya zonasında, əvvəllər kütləvi insan axını səbəbindən yaranan və ciddi narahatlıq doğuran antisanitar vəziyyət park rəhbərliyinin şəxsi təşəbbüsü və qətiyyətli idarəçiliyi sayəsində tamamilə aradan qaldırılmışdır.

Bu çərçivədə göl yatağı və ətraf meşəlik ərazilər tullantılardan tamamilə təmizlənmiş, ərazidə ekoloji tarazlığın qorunması və təmizliyə mütəmadi nəzarət olunması üçün xüsusi sanitar-mühafizə rejimi tətbiq edilmişdir. Həmçinin, ekoturizmin inkişafı məqsədilə təbiətə heç bir zərər vurmadan infrastruktur yenilənmiş, gələnlərin ekoloji mədəniyyət qaydalarına riayət etməsi üçün maarifləndirici lövhələr quraşdırılmışdır. Hazırda Xanbulaq gölü ətrafında həm bioloji müxtəlifliyin qorunması, həm də sivil, təmiz və nümunəvi bir istirahət mühitinin saxlanılması üçün parkın xüsusi briqadaları tərəfindən mütəmadi reydlər və təmizlik işləri həyata keçirilir.

ƏSASSIZ İDDİALARA CAVAB VƏ GƏLƏCƏYƏ BAXIŞ

Son günlər sosial mediada Hirkan Milli Parkının ərazisində qanunsuz ağac qırıntısı ilə bağlı böhtan xarakterli məlumatlar yayımlanmışdır. Lakin diqqətçəkən və təəssüf doğuran məqam odur ki, bu iddialarda qanunsuz ağac kəsiminin hansı tarixdə, hansı ərazidə, hansı kvartalın hansı dolayında törədilməsinə dair konkret heç bir fakt, foto-video sübut və ya hüquqi arqument göstərilmir.

Hirkan Milli Parkı rəhbərliyindən bildirilir ki, yayımlanan bu növ məlumatlar tamamilə əsassızdır, heç bir real fakta söykənmir, qərəzlidir və ictimaiyyətdə qəsdən yanlış rəy formalaşdırmağa yönəlmişdir.

Azərbaycan mətbuatının baniləri olan Həsən bəy Zərdabi və Mirzə Cəlil Məmmədquluzadə kimi nəhəng şəxsiyyətlərin bizə miras qoyduğu jurnalistika yolu subyektiv maraqlardan uzaq, obyektiv, şərəfli və ləyaqətli bir yoldur. Təəssüf ki, müəyyən dar çərçivəli maraqlara xidmət edən, kiçik maddi qazanclar müqabilində sifarişli yazılarla çıxış edən bəzi qeyri-peşəkar şəxslərin bu cür uydurma materiallar yayması, ilk növbədə ölkəmizdə fəaliyyət göstərən vicdanlı, obyektiv və öz peşəsinə sadiq mətbuat işçilərinin nüfuzuna kölgə salır. Heç bir araşdırma aparmadan, qarşı tərəfin rəyini öyrənmədən reytinq xatirinə böhtan tirajlamaq jurnalistika etikasına tamamilə ziddir.

Hirkan Milli Parkının kollektivi olaraq bəyan edirik ki, bu cür süni şou yaratmaq cəhdləri park əməkdaşlarının fədakar əməyinə, meşələrimizin qorunması yolundakı qətiyyətimizə heç bir halda təsir edə bilməz. Biz həm yerli icmalarla, həm də təbiətsevər ekoloqlar və media nümayəndələri ilə şəffaf əməkdaşlığa hər zaman açığıq. Ölkəmizin bu unikal biosfer ehtiyatını qorumaq, gələcək nəsillərə daha yaşıl və zəngin bir Hirkan irsi ötürmək üçün fəaliyyətimizi daha da gücləndirilmiş rejimdə davam etdirəcəyik.

Gecə-gündüz demədən, hər cür hava şəraitində Hirkan meşələrinə keşik çəkən, bu bənzərsiz təbiət irsinin qorunması naminə fədakarlıqla, vicdanla və böyük məsuliyyətlə çalışan Hirkan Milli Parkının bütün əməkdaşlarına, mühafizəçilərinə və mütəxəssislərinə çətin və şərəfli işlərində dərin təşəkkürümüzü bildiririk! Sizin əməyiniz təbiətimizin gələcəyidir.


Müəllif: Mirzə Cənublu

Ulusestv.az