“Bu ailələr öz övladının gələcəyinə qara bir xətt çəkir”

Milli Məclisin deputatı Jalə Əliyeva bu yaxınlarda 60 illik yubileyini qeyd edib. Zövqlü görünüşü, enerjisi və ictimai-siyasi fəaliyyəti ilə diqqət çəkən millət vəkili ilə müsahibəmizdə həm 60 yaş təəssüratlarından, həm də uzun illərdir davam edən ictimai-siyasi fəaliyyətindən danışdıq.
Jalə Əliyevanın “Qafqazinfo”ya müsahibəsini təqdim edirik:
- Bu günlərdə 60 illik yubileyinizi qeyd etdiniz. Bu rəqəmə çatanda insan geriyə daha çox baxır, yoxsa qarşıdakı illərə?
- Geriyə...
- Niyə?
- Çünki geridə buraxdığın illər gözlədiyin illərdən daha çoxdur. Həmin illər sənin bu gününə gəlib çatmağında çox əhəmiyyətli olub – dünyaya gəlişin, uşaqlığın, yeniyetməliyin, gəncliyin, bu yaşa gəlib çatana qədərki bütün mərhələlər, həyatın enişləri-yoxuşları, təhsilin, dostların, qohumların, atan, anan... Yəni bütün bunlar o qədər önəmli məhfumlardır ki... Onları nə silib atmaq, nə unutmaq olar. Keçmiş olmasa, geridə qoyduqların olmasa, bu gün də olmaz, gələcək də. Məni həmişə keçmişə çox bağlı olan bir insan kimi qiymətləndirirlər. Həqiqətən də belədir. Uzun illərdən qalmış kiçik bir əşya da mənim üçün əhəmiyyətli bir xatirədir. Mən ondan da vaz keçə bilmirəm. İnsan geriyə baxanda düşünür – mən kiməm, nəyə nail olmuşam, istədiklərimin hamısını edə bildimmi və taleyin bundan sonra yazdığı ömür payında daha nələr edə biləcəyəm?! Bütün bunlar insan həyatında çox əhəmiyyətli məsələlərdir.

- Milli Məclis artıq payız sessiyasına start verib, deputatlar tətildən qayıdıblar. Siz yay tətilinizdə dincələ bildinizmi? Xaricdə oldunuz, ya ölkədə?
- Əslində, Milli Məclisdə sessiya iyun ayında bitir, lakin bizim növbədənkənar sessiyamız davam etdi. Siz bizim parlament müxbirimizsiniz, çox yaxşı bilirsiniz. İyul ayının 15-dən sentyabrın 15-ə qədər Milli Məclis rəsmi tətilə çıxdı. Çalışdım, bu iki ayın ərzində ailəmə vaxt ayırım, yığılıb qalan elmi işlərim var idi, təhvil verməli olduğum bədii kitablar var idi. Onların üzərində işləməyə çalışdım. Eyni zamanda, Azərbaycanın bir neçə rayonuna – Qubaya, Lənkərana səfər etdik. Həmçinin tətil müddətində seçildiyim bölgələrdə - Zərdabda, Kürdəmirdə oldum. Yanılmıramsa, 6 dəfə seçicilərlə görüşdüm. Tətil olsa belə, seçici ilə görüşmək, onların problemlərini dinləmək mütləq vacibdir. Bu məsələlər sənin iki aylıq tətilini gözləmir. Əsas da evimdə istirahət etdim. Yəni il boyu evin həsrətini çəkməyimi bu cür doldurmağa çalışdım, ailəmlə zaman keçirdim.
- Milli Məclisdə yaxın rəfiqəniz, dostunuz varmı? Artıq illərdir parlamentdə təmsil olunursunuz...
- Milli Məclisdə 26 xanım deputat var. Onların bəziləri bir neçə dəfə seçilib, təmsil olunur. Hər biri ilə çox xoş, səmimi münasibətimiz var. Biz bir ailəyik. Bayaq sadaladığım “vaxt tapmamaq” məsələsi tək mənə aid deyil. Bu, hər birimizə, xüsusilə qadın millət vəkillərimizə aid məsələdir. Çünki bir qadın həm siyasətlə, həm elmi fəaliyyətlə, bədii yaradıcılıqla məşğul olursa, həm vəzifəsi, həm ailəsi varsa, qarşısında seçiciləri var, mətbuat var – bütün bunları sintez eləmək üçün böyük bir daxili gücü, iradəsi, əzmi, inamı olmalıdır. Mən bizim xanımların hər birində bunu görürəm. Düşünürəm ki, bizi birləşdirən də elə məhz o cəhətimizdir. Qadınların bu kimi ortaq bir nöqtəsinin olması özlüyündə dostluq deməkdir. Yəni sən ancaq səni anlayan insanla dost ola bilərsən və Milli Məclisin bütün xanım deputatları bu mərhələlərin hər birini yaşayırlar. Ona görə də biz bir-birimizi çox yaxşı anlayırıq və dəstəkləyirik.

- Bəs küsülü olduğunuz deputat necə, varmı?
- Yox! Əsla! Əslində həyat insana illər keçdikcə çox şeyləri öyrədir. Həyata daha dərindən və yüksəkdən, geniş baxmağı bacarmaq lazımdır. Kiçik hisslərlə, “mənəm-mənəmlik”lərlə, şəxsi intriqalarla, iddialarla yaşamaq, kimdənsə öc almaq ilk növbədə insanın özünün içini çökdürür. Ona görə də, əsla! Allah eləməsin, indiyə qədər təcrübəmdə kimsəylə küsülülük olmayıb. Belə bir düşüncəm də yoxdur. İnsanıq, bəzən kimdənsə, nədənsə incidiyimiz anlar da olur, heç nədən sığortalanmamışıq. Hətta sənin könlünə dərindən dəyən birini də bağışlaya bilirsən, illər keçdikcə... Çünki düşünürsən ki, dəyməz.
- Seçicilərinizlə görüşlərinizdə sizə daxil olan şikayətlər daha çox nə ilə bağlı olur?
Mən Milli Məclisə ilk dəfə 2005-ci ildə seçilmişəm. Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatıyam. Seçicilərimizlə hər görüşümüzdə bunu dəfələrlə demişəm. Bəlkə təkrar olacaq, amma çoxmilyonlu tamaşaçı bunu bilmir. Mən 2005-ci ildəki görüşlərə bir blaknotla gedirdim. O görüşlərdə qeyd dəftərinə böyük hərflərlə bir neçə kəlməni yazırdım -  su, qaz, işıq, yol, məktəb, bağça, xəstəxana və s. Yəni bunlar qlobal məsələlər idi və insanları düşündürürdü. İl keçdikcə bu müraciətlərin sayı azalmağa başladı. Artıq uzun illərdir qlobal infrastruktur səviyyəli bir müraciət demək olar ki, daxil olmur. Biz o zaman da deyirdik ki, rayonların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar hazırlanır və bütün bu istəkləriniz zamanla həyata keçəcək. Həqiqətən də belə oldu. Bunu bir deputat etmədi, dövlət etdi, dövlətin proqramları etdi. Artıq sözün əsl mənasında böyük problemlər geridə qalıb.
Bu gün daha çox fərdi xarakterli məsələlərlə bağlı müraciətlər daxil olur – ailədaxili məsələlər, məşğulluq, xəstəliyin müalicəsi, məhkəmə işi ilə bağlı və s.
44 günlük müharibə ərəfəsində mən nəyi müşahidə etdim? 27 sentyabr günü ölkə Prezidenti İlham Əliyev çağırış etdi və müharibə başladı. Həmin gündən etibarən, haradasa sentyabrın 29-30-a kimi mənə məktublar gəlib çatdı. Hansı ki, o məktublar sentyabrın 25-26-sı göndərilənlər idi. Amma ondan sonra müharibə bitənə kimi bir müraciət belə daxil olmadı. Bu, böyük bir məsələ idi. Müharibə bitəndən sonra biz öz deputat yoldaşlarımızla danışdıq. Soruşdum ki, sizə müraciətlər gəlirdimi? Deyirdilər, demək olar ki, yox. Bu, xalqın böyük əzmi idi. O günlərdə hər kəsin ağlında, ürəyində sadəcə Qarabağ, müharibə və qələbə var idi. Yəni həmin günlərdə seçici düşünmürdü ki, mən sabah ərazimi sulaya biləcəyəmmi, müalicə ala biləcəyəmmi?. Mən bunu da yaşadım həyatımda. Nə vaxtsa memuar yazmalı olsam, düşünürəm ki, bunlar qırmızı xəttlə keçməlidir.

- Əmək və sosial siyasət komitəsinin üzvü kimi cəmiyyətin əsas sosial problemini nə ilə əlaqələndirirsiniz?
- Həssas təbəqəni əhatə edən bütün məsələlər bu komitədə müzakirə edilir. Çox fərqli məsələlər gündəmə gəlir. Sosial sahə birbaşa cəmiyyətin bütün fərdlərini əhatə etdiyi üçün bu məsələləri birdəfəlik olaraq həll etmək imkansızdır. Hamımız bilirik ki, Azərbaycanda sosial sahədə nə qədər böyük addımlar atılıb, layihələr həyata keçirilir. Müavinətlərin, pensiyaların, maaşların artması, şəhid ailələrinə diqqət-qayğı, hamısı dövlətin nəzarətindədir. Yəni bir deputatın bu sahədə təşviş keçirməyinə ehtiyac yoxdur. Çünki bütün bunlar qatar relsi kimi yolun üzərinə düzülüb və dövlət tərəfindən tənzimlənir.
Dövlət ailələrin məcmusudur. Hər bir ailədə nə qədər müsbət cəhətlər, balans olsa da, bir də baxırsan ki, hansısa gözlənilməzlik narahatlığa səbəb olur. Təbii ki, bütün problemləri bir anda həll etmək mümkün deyil. Gündəlik yaşantıdan, problemlərdən doğan hər məsələ artıq sosiallıq qazanır. Ümumilikdə sosial sahəni əhatə edən bütün məsələlər hər zaman diqqətimizdədir.
- Bildiyiniz kimi, “uşaq pulu” və pensiya yaşının azaldılması məsələsi illərdir hələ də aktual mövzulardandır, amma qanunvericilik müstəvisində öz həllini tapmır. Sizcə, niyə?
- Bununla bağlı cəmiyyət artıq kifayət qədər məlumatlıdır. Həm aidiyyəti qurumlar, həm parlament üzvləri bu məsələyə aydınlıq gətiriblər. Burada söhbət təkcə bir ailənin təmin edilməsindən getmir, ümumi yanaşmadan gedir. Bu, institusional bir məsələdir. Bu, bir şəxsin istəyi ilə, qanunverici orqanın bir üzvünün irəli atdığı təşəbbüslə həll edilə bilməz. Bunun üçün proqram, layihə hazırlanmalıdır, ölkənin maliyyə qurumları, büdcə sistemi bir-birinə cavab verməlidir. Ona görə də “bu məsələlər bir anda niyə həllini tapmır?” demək düzgün deyil, amma davamlı olaraq sosial sahədə həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, daha sonrakı mərhələlərdə bu məsələlər gündəmə gələcək.
- Siz həm də Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavinisiniz. İllər keçsə, qanun sərtləşdirilsə də, hələ də bəzi bölgələrdə qızlarını erkən evliliyə yönəltməyə çalışan valideynlər var. Yəni qanunu kənara qoysaq, cəmiyyətdə bu təfəkkür, düşüncə niyə dəyişmir?
- Çox təəssüflər olsun ki, biz – yəni sadəcə qanunverici orqan yox, dövlət, dövlətin əlaqədar qurumları, ziyalılar bu məsələnin üzərində işləməyimizə baxmayaraq, bəzi yerlərdə bu düşüncələr hələ də dəyişmir. Biz treyninqlər keçiririk, dərslər deyirik, nəyin yaxşı və ya pis olduğunu izah etməyə çalışırıq. Bu ailələr öz övladının gələcəyinə qara bir xətt çəkir. Mən uşaq olanda yadıma gəlir ki, belə bir dəb var idi, rayonda ən ucqar yerlərdə ata çalışırdı ki, məhz qız uşağına təhsil versin. Hətta belə bir deyim var idi ki, rayonda diplomsuz qızı almırlar. Bu, müsbət bir məsələ idi. Düzdür, mütləq ki, hər qız diplom alacaq deyə qayda yoxdur. Amma hər şeyin bir həddi var. Elə məsələlər var ki, orada həddi aşmaq olmaz, eləcə də bu məsələlərdə. Bir ailə öz övladının gələcəyini düşünmədən, hələ o, oyuncaq oynayacaq dövrdəykən onu məktəbdən uzaqlaşdırır, çox vaxt da üzünü görmədiyi, yaşca böyük bir kişi ilə evləndirir. Sonra məlum olur ki, heç bu, həmin kişinin ilk nikahı da deyil. Bildiyiniz kimi, qanun sərtləşib, yaş həddinə, qohum evliliyinə görə evlənə bilməyəndə imam nikahına baş vururlar. Artıq bunun da qarşısı alınır. Daha yaş həddi çatmırsa, molla kəbini də qadağandır. Buna baxmayaraq, belə hadisələr yenə baş verir.
Keçən il qohum evlilikləri qadağan edilərkən, bir seçicim müraciət etdi. İki qohum ailədir. Səhv etmirəmsə, iki bacının uşaqları ailə qurmalıdır. Nişanlanıblar, sonra qanun qüvvəyə minib deyə toylarını edə bilmirlər. Baxmayaraq ki, qanun qüvvəyə minmədən bir il müddət verilmişdi ki, bu vəziyyətdə olan ailələr varsa, nikahlarını kəssinlər. Amma bu ailə ona çata bilməmişdi. Qızın yaşı çatmadığına, məktəbli olduğuna görə nikaha girə bilməmişdi və məktəbi bitirənə qədər də qanun qüvvəyə mindi. Beləliklə, onlar rəsmi nikaha girə bilmədi. Hər iki tərəf qəbuluma gəlib kömək istəyirdi. İzah edirsən ki, qanun imkan vermir, tibbi tərəfini, qanuni tərəfini izah edirsən və s. Deyir ki, yol göstərin, bəlkə gedib başqa ölkədə nikaha girsinlər. Deyirəm ki, bu qədərmi vacibdir?! Çünki əminəm ki, o iki gəncin arasında heç dərin sevgi bağı da yoxdur. Sırf ailə bağı var. Çünki dedi ki, mən o biri ailənin üzünə necə baxacağam, qızım nişanlıdır axı. Yəni belə stereotiplər olduqca, bu problemlər davam edəcək. Amma bu məsələni ümumi cəmiyyətə aid etmək olmaz, lakin hə, belə problemlər var.
Çalışmalıyıq ki, yetişən nəsli başqa ruhda böyüdək. Amma bu ruh nə deməkdir? Ənənələrdən uzaqlaşmaq yox, kökümüzə, milliliyimizə sadiq, eyni zamanda dünyəvi yeniyetmələr yetişdirək. Yəqin o zaman bu problemlər öz həllini tapacaq.

- Əslində zaman keçdikcə, bir çox gənclərimizin bu istiqamətdə fikirləri dəyişir. Bəziləri bildirirlər ki, hər insan evlənmək məcburiyyətində qalmamalı, bu məsələdə ailə basqısı olmamalıdır. Gənclərin bu kimi fikirləri gələcəkdə ailə institutunun sıradan çıxmasına gətirib çıxara bilərmi?
- Biz elə bir inkişaf mərhələsində yaşayırıq, bu gün dünya o qədər kiçilib ki, bütün dünyanı əlimizdəki 10-15 smm-lik cihazdan anında izləyə bilirik. Dünyanın min bir bucağında baş verən müsbət və ya mənfi hadisə bizim cəmiyyətə də daxil ola bilirsə, təbii ki, o haradasa öz təsirini göstərəcək. Bizim edə biləcəyimiz odur ki, uşaqlarımızı, gənclərimizi lazımsız ənənələrin ailəmizə daxil olmasından qoruya bilək. Nəyin yaxşı, nəyin pis olduğunu dərindən izah edə bilək. Nənəmizin, babamızın necə xoşbəxt olduğunu, böyük-kiçik sözünün olduğunu, bütün bunları izah etməli, göstərməliyik. Yəni keçmişimizdən ayrılmadan gələcəyimizə baxmaq lazımdır. Əlbəttə, gənclərimizə müstəqillik də verilməlidir. Elə düşünməsinlər ki, deputat mühafizəkarlıqdan, yaxud keçmişin ənənələrinə bağlılıqdan danışır. Xeyr! Yəni biz uşağımızı gələcəyimizin təməli kimi yetişdiririk. Öz sonramızı uşağımızın sonrasında görürük. Hər birimizə böyük rol düşür. Müəyyən həyat təcrübəsi olan təbəqə yetişməkdə olan nəsillə daha dərindən məşğul olmalıdır. Burada məktəbə də böyük rol düşür.
Bildiyiniz kimi, mən 40 ilə yaxındır Bakı Dövlət Universitetində dərs deyirəm, pedaqoqam. Bizim elə layiqli gənclərimiz var ki, baxıb fəxr edirsən. Onların nümunəsini daha çox təbliğ etmək lazımdır. Öz istəyini, seçimini edən gənclərə də hörmətimiz böyükdür, ehtiramla yanaşıb onlara qol-qanad verməliyik. Söhbət təkcə ailə qurmaqdan getmir, ixtisas seçimi, dost seçimindən də gedir. Biz demirik ki, qılınc kimi dayanaq onların başı üzərində və deyək ki, mən böyüyəm və mənim dediyim olmalıdır. Yox, əsla! Biz onda vətəndaş yetişdirə bilmərik. Amma kənardan izləyərək onu düzgün relsin üzərinə qoymalıyıq. Haradasa ləngərləyirsə, o zaman yaxınlaş, sözünü de, düzgün yola çəkməyi bacar. Həmin əxlaqla böyüyən uşaq gənc yaşında da səhv etməyəcək. Belə olduqda, nə ixtisasını, sənətini, iş yerini, yaşayış yerini, nə də nə ailə həyatını seçəndə səhv edəcək.
- Özünüz də qeyd etdiniz ki, artıq 40 ilə yaxındır çalışırsınız. Yəni daim tələbələrin, gənclərin arasındasınız. Maraqlıdır, bu 40 ildə dəyişən gəncliyi necə qiymətləndirirsiniz?
- 40 il bundan əvvəlki gənc kim idi? Mən və yaşıdlarım. Müqayisə edəndə görürük ki, bugünkü gənclərimizin resursları həddindən artıq çoxdur. İstər informasiya resursu olsun, istər seçim resursları olsun. Onların öz “mən”ini ortaya qoymaq imkanları var. Biz fərqli nəsil idik.
O gün internetdə qarşıma bir şey çıxıb. Deyir, biz necə yazıq nəsilik ki, o vaxt valideynlərimizdən, indi isə uşaqlarımızdan qorxuruq (gülür). Bu, zarafatdır təbii ki.
Biz sovet uşaqları olmuşuq. Tamamilə başqa təbliğat maşınının işlədiyi zamanda böyümüşük. Biz həyata mavi və çəhrayı rənglərlə baxırdıq, sanki həyat elə oxuduğumuz nağıllardan ibarət idi. Amma bugünkü uşaqlarımız müstəqilliyin uşaqları, gəncləridir. O, artıq nəyin yaxşı və pis olduğunu yaxşı başa düşür. Gənclərin artıq müqayisə etmək bacarığı var.
Bizim dövrümüzdə bu imkanlar olmadığına görə daha sakit yeniyetmələr idik. Bugünkü gəncimizin isə çılğınlığı, tələblərini ortaya qoymaq bacarığı da var, öz sözünü deyib və o sözün arxasında durmağı da var. Bütün bunlar da dövrün tələbləridir. Biz bunu da xoş görməliyik.

- Tıxaclarla nə edirsiniz? Ünvan başına vaxtında çata bilirsinizmi?
- Tıxaclar... Bir az çətindir. Dünyanın bütün böyük şəhərlərində, meqapolislərdə vəziyyət eyni cürdür. Tıxaclar böyük şəhərlərə xas bir məsələdir. Azərbaycanda da təbii ki, bu problem var. Çalışıram ki, evdən tez çıxım. Gedəcəyim yer üçün ən azından yarım saat və ya 40 dəqiqə tez çıxmağa çalışıram. Bəzən də piyada gedirik.
- Çox gözəl, baxımlı və zövqlü xanımsınız. Gözəllik yaşla əlaqələdirmi, sizin gözəlliyinizin sirri nədədir?
- Əvvəla, belə qiymətləndirdiyinizə görə təşəkkür edirəm. Bəlkə də bu, şablon bir fikir kimi səslənə bilər, amma həqiqətdir ki, insanın daxili gözəlliyi hər zaman daha vacibdir. İnsanın daxili düzgün olarsa, xarici fizionomiyası daxilindən gələn tarazlığı özündə əks etdirərsə, o zaman yəqin ki, gözəlliyin sirrini də orada axtarmaq lazımdır. Artıq bu, sınanmış bir fikirdir ki, insanın daxili onun üzünə vurur. Hətta biz telefonda danışanda, mən sizinlə bağlı bu fikri dedim.
İnsan böyüdükcə, yetkinliyə, ahıllığa çatdıqca, üz cizgilərində keçirdiyi illər özünü daha çox büruzə verir.
Mən haşiyəyə çıxacağam. Mərhum anam, Azərbaycan ədəbiyyatının görkəmli qadın şairəsi Nurəngiz Günə sual vermişdilər ki, siz estetik əməliyyat etmək istərdinizmi? Dedi ki, əsla, mənim üzümdəki cizgilərin hər birində ömür yolum var – yaşadığım sevinc, kədər, xoş günlərim, qayğılarımın izləri var. Dedi ki, mən hansısa müdaxiləni etsəm, o illəri üzümdən silmiş olacağam, mən isə o illəri özümlə yaşatmaq istəyirəm.
Yəni eyni fikirləri təkrarlamaq istəmirəm, amma düşünürəm ki, ilk növbədə insan daxilini gözəl saxlamalıdır. Daxildə mərhəmət, insanları, dünyanı sevmək, yaxşılıq etmək arzusu ilə yaşamaq – bütün bunlar formalaşır və insanın xarici simasını ortaya çıxarır.
- Nurəngiz xanımın estetik əməliyyatlarla bağlı fikirlərini gözəl vurğuladınız. Amma bugünkü qadınlarımızın bir çoxu gözəllik anlayışını elə süni prosedurlarda görür. Sizcə, gözəllik anlayışı niyə dəyişib?
- Təbii ki, hər insanın öz həyatı, fizionomiyası ilə bağlı qərar vermək haqqı var. Biz dünyəvi cəmiyyətdə yaşayırıq, bunu kimsəyə qadağan edə bilmərik, tənbeh edə bilmərik. Hər kəsin öz seçimidir, hörmətlə yanaşmaq lazımdır. Amma hər şeyin də həddi var! Hər insan öz-özünə hesabat verərək yaşamağı bacarmalıdır. İstər onun xarici görünüşü olsun, istər daxili, istər cəmiyyətdə tutduğu yer. Hər şeyin ifratı yaxşı deyil. “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da” deyir Nizami. Ona görə də yaxşı olar ki, qızlarımız gənclik təravətlərini mümkün olduqca daha çox saxlasınlar. Kiminsə üzündə nəsə problemi ola, xarici görünüşü estetikadan kənara çıxa bilər. Bəli, o insana heç kim heç nəyi irad tuta bilməz. Amma gözəl olan bir şeyi mütləq ki, dəyişdirib “daha da super nöqtəyə gətirəcəyəm, Hollivud aktrisasına bənzəyəcəm” kimi bir düşüncə xoş deyil.
- Aktiv siyasətlə məşğul olan xanım kimi, ailənizə, nəvələrinizə zaman ayıra bilirsinizmi?
- Təəssüf ki, ürəyim istədiyi kimi yox. Yalan olar, desəm ki, günümün böyük hissəsini ailəmə həsr edirəm... İstəyirəm, amma mümkün olmur. Yay tətilindən bir şəkildə istifadə etdim, evdə olmağa çalışdım. Bəzən olur ki, evin divarları üçün də darıxırsan. Elə olur ki, günlərlə səfərlərdə, tədbirlərdə olursan. Xüsusilə, axşam saatlarında, ailənin toplaşdığı vaxtda ailədən kənarda olmaq çətin olur. Bir an öncə can atırsan ki, gəlib uşaqları görəsən. Vaxt ayırmağa çalışıram, amma bu, kifayət edirmi, etmirmi, bunu uşaqlar deyə bilər. Amma iş hər nə qədər çox olursa-olsun, ailə hər birimiz üçün vacib faktordur. Ailələrin yaşamağı, qorunmağı çox vacibdir. Ona görə mən evimizdə böyüməkdə olan balacalarımıza vaxt tapdıqca, nələrisə təlqin etməyə çalışıram, maarifləndirici olmağa çalışıram. Düzdür, indi onları maarifləndirən resurs çoxdur, nənənin-babanın sözündən çox, əllərindəki planşetlərə baxır, onlara inanırlar. Çox istərdim ki, ənənəvi kitab oxunuşuna qayıtsınlar.
- Sizin ananız, mərhum şairimiz Nurəngiz Gün də ictimai şəxs olub. Nə vaxtsa ananızın sizə vaxt ayıra bilməməyi ilə bağlı narazılığınız olubmu?
- Yox! Tam əksinə, mən özümdən narazıyam ki, dünyalar qədər sevdiyim, aşiq olduğum, sevgim olan anama vaxtsızlıqdan istədiyim qədər vaxt ayıra bilməmişəm (ağlayır). Ən yaralı yerimə toxundunuz. 60 yaşında qadın anası üçün belə ağlayarmı? Bu məndən asılı deyil.
Mənim üçün hər şeyin əzəli olan bir insana bəzən zamansızlıqdan vaxt ayıra bilməmişəm. Ona görə yox ki, mən ona əhəmiyyət verməmişəm və ya sevməmişəm, yox. O, mənim üçün əzəli idi, əbədi idi, bu gün də belədir, mən ölənə qədər də belə olacaq. Amma peşmanam ki, o mənə zəng edib deyəndə ki, “Jaliçka, bilirsən nə olub?”, deyirdim “Ana, qurban olum, indi yox, zəng edəcəyəm, danışarıq”. O zəngi saatlar keçirdi, edə bilmirdim. Bəzən zəng edib deyirdi ki, gəl, yaxşı xörək bişirmişəm. Deyirdim “ay ana, mənim yemək yeməyə vaxtımmı var?” İndi özümü o qədər danlayıram ki, Jalə, gərək o işi kənara qoyub, gedib ananla o xörəyi yeyərdin, könlü xoş olaydı.
Mənim eşqim, aşiq olduğum bircə şəxs olub, o da anam idi. Müsahibələrimin birində də demişdim, mən 6 yaşlı qızımın maraqlarını 60 yaşlı anamın maraqlarına qurban verirdim. Ona deyirdim ki, sən gözləyə bilərsən, mən birinci nənəyə qaçmalıyam.
Anam mənə kifayət qədər vaxt ayırıb, məni şeirlərlə, laylalarla böyüdüb. O, mənə yalandan, riyadan uzaq, sadə bir həyatı, azı qəbul edib o şəkildə də həyatı davam etməyi təlqin edib. Davamlı yanımda olub, mən də onun.
Anam televiziya diktoru idi. Hətta deyim ki, mən verilişlərə anamla birlikdə gedirdim. Studiyaya da onunla birlikdə girmişəm. 5 yaşında uşaq, anasından ayrılmayıb və məcbur gətirib oturdub yanında. Amma xahiş edib ki, səsini çıxartma, veriliş gedir, xəbər oxuyuram. Kameranı quraşdıran şəxs otaqdan çıxıb, studioda bir anam olub, bir də mən. Anam 15 dəqiqəlik xəbər mətni səsləndirirmiş. Mən birdən oturmaqdan yoruluram və ayağa qalxıram. Anam xəbəri oxuya-oxuya mənə işarə edib ki, dayanım, ona yaxınlaşmayım. Mən isə dözə bilməyib yaxınlaşmışam və canlı efirdə mikrofona səsimi çıxarmışam. Bilmirəm sumu istəmişəm, ya başqa nəsə. Təbii ki, o zaman yəqin ki, yazıq anam onun problemini yaşayıb. Yəni bu qədər anama bağlı olmuşam ki, hətta işə gedəndə də özündən ayıra bilməyib məni.
- Ananız Nurəngiz Gün yox, təhsilsiz, evdar bir xanım olsaydı, siz bugünkü Jalə Əliyeva ola bilərdinizmi? 
- Çox düşündürücü sualdır. Ana olmaq elə özlüyündə bir elmdir, təhsildir. Ananın elmlisi, elmsizi, gözəli, çirkini olmur. Mütləq deyil ki, ana alim olsun. Qadın özünü bir səviyyəyə gətirib çıxara bilibsə və onu övladına ötürə bilirsə, bu, elə onun elmi deməkdir. Burada elmsiz qadını nədəsə günahandırmaq düz deyil. Belə bir deyim də var ki, Üzeyir Hacıbəylini, Nizami Gəncəvini elmli anamı doğmuşdu?! Amma bu o demək deyil ki, qadınımız oxumasın, təhsil almasın, özünü inkişaf etdirməsin. Yox, söhbət başqa şeydən gedir, qadının ana kimi yetişməyindən gedir. O qadın elmlər doktoru, professor da ola bilər, orta təhsilli xanım da ola bilər. Amma həmin qadının bir dünyagörüşü varsa, öz yaxşı və pisinin həddi varsa və bunu övladına təlqin edə bilirsə, uşağı da elmi, təhsilli, topluma lazımlı adam olacaq.
- Siz sağlam qidalanır və ya idman edirsinizmi?
- İdman – yox, yalan demiş olaram. Sadəcə yürüş edirəm. Vaxtım olanda gün ərzində 10-15 min addım atmağa çalışıram. Günün işinin çoxluğu sənin idmanına, sərbəst vaxtına qənaət etməyin sayəsində baş verir. Yəni o proqrama çatmaq üçün məcbursan ki, həmin idmanı və digər işləri ikinci-üçüncü plana qoyasan. Amma təmiz havada gəzmək müəyyən bir yaşdan sonra xüsusilə vacibdir.
Çalışıram ki, sağlam qidalanım. Amma yenə deyirəm iş rejimi, vaxt məhdudluğu qidanı da idman kimi iki və ya üçüncü plana atır.
- Sizi mədəniyyət tədbirlərində tez-tez görürük. İşlərinizin də çox olduğunu bilirik. Maraqlıdır, mədəni axşamlara necə vaxt ayıra bilirsiniz? Ümumiyyətlə, Jalə Əliyeva nəyə baxır, nə dinləyir?
- Mədəni tədbirlərə dəvətlər olur, iştirak etməliyik. Bəzən say o qədər çox olur ki, çətinlik yaranır. Elə olur, bir axşamda 2-3 tədbir dəvəti birdən gəlir. Amma mənə zövq verən özümün özümlə keçirdiyim vaxtdır. Lakin sutkanın 24 saatı buna kifayət eləmir. Gecə saat 12-dən sonra, bütün əl-ayaq çəkiləndən, evdə tam sakitlik çökəndən sonra özümlə baş-başa qalmağa çalışıram. Çox sevdiyim musiqilər var, onları dinləyirəm. Duyğusal, instrumental musiqilər dinləyirəm. Televiziyada ancaq xəbərlərə baxıram. Gözəl verilişlər olur, istəyirəm izləyim, bir hissəsinə baxa bilirəmsə, bu da böyük iş olur. Sonra baxıram ki, saat 02:00-02:30 olub. Səhər yenidən ayaq üstə qalmaq üçün gecənin səssizliyinə çəkilirəm.
- O zaman çox az yatmış olursunuz...
- Bəli. 5 saata kimi yatıram. Çünki həqiqətən, vaxt məhfumu çox dardır. Məncə, 21-ci əsr insanının hər birində belədir.
- Doğrudan da, sanki dünyada zaman daralıb, hər kəs bir yerə tələsir və heç kim özünə vaxt tapa bilmir...
- Həqiqətən də belədir. Hansısa görmək istədiyin qohumunu, dostunu görə bilmirsən. Sanki dünya böyüyür və eyni zamanda kiçilir. İnsanlar da sanki bir-birlərindən uzaqlaşırlar.
Nuranə Daxilqızı
Foto-video: Xəyal Vəlizadə