Göyçayda "Qurtuluş günü" qeyd olunub
13-iyn, 17:14 110 GündəmGöyçay rayonunda Heydər Əliyevin 100 illiyi, həm də 15 iyun "Qurtuluş günü" münasibəti ilə tədbir keçirilib. Tədbir rayonun Əli Səmədli adına Arvan Uşaq Gənclər kitabxanasında təşkil olunub. Tədbirdə Göyçay rayon Mərkəzi Kitabxana rəhbərliyi, kollektivi, rayon ziyalıları, aktiv gənclər və istedadlı məktəblilər iştirak edib. İştirakçılar öncə dövlət himnini, daha sonra 44 günlük Vətən Savaşının qəhrəmanlarını qürurla anıb. Ardınca çıxışçılar Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər salıb, xidmətlərindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Həmçinin gənclərə bu tarixi günün əhəmiyyətindən, Azərbaycanın müstəqilliyinə qovuşmasının çətinliklərindən və azadlığın ölkənin inkişafında müstəsna rol oynamasından da bəhs edilib. Məktəblilər şeirlər səsləndirdikdən sonra rayonun 40 illik pedaqoji xidmətə sahib istedadlı rəssamı Ehtiram Kərimov və onun istedadlı yetirmələrinin əl işlərindən ibarət sərgisinə baxış keçirilib. Sərgidə yer alan maraqlı əl işləri münsiflər heyyəti tərəfindən qiymətləndirilib. Gənc istedadlara "Fəxri Fərman" və hədiyyələr bəxş edilib. Sonda tədbir iştirakçıları kollektiv xatirə şəkli çəkdirib.