Bağlanmış bankın əmanətçilərinə kompensasiya verilməsinə başlanılır

19 iyun 2023-cü il tarixindən etibarən müflis elan edilmiş “Günay Bank” əmanətçilərinə kompensasiyaların verilməsi prosesinə başlanılır.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 18 may tarixli qərarı ilə “Günay Bank” Açıq Səhmdar Cəmiyyəti müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib. Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının qərarına əsasən, “Günay Bank” ASC-də qorunan əmanətlərin kompensasiyalarının verilməsi üçün agent bank qismində “Bank Respublika” ASC seçilib.
Əmanətçilər kompensasiyaların alınması üçün adıçəkilən bankın müvafiq filial və şöbələrinə müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və əmanətin sahibliyini təsdiq edən digər sənədləri (hesabdan cıxarışların), habelə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Qeyd edək ki, “Bank Respublika”nın xidmət şəbəkəsinə 33 filial və üç şöbə daxildir. Bunların 18-i müvafiq olaraq Bakı və Abşeronda yerləşir. Əmanətçilər bankın iş qrafikinə uyğun olaraq saat 09:00-dan 17:30-dək bankın istənilən filial və şöbəsinə müraciət edə bilərlər. Müvafiq sənədlərin yoxlanılmasından sonra onlar kompensasiyalarını ala biləcəklər.
Bankın xidmət şəbəkəsi yerləşdiyi ünvanlar haqda ətraflı məlumatı www.bankrespublika.az rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
Məlumat üçün qeyd edək ki, əmanətlər "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya məbləği 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödəniləcəkdir.
Daha ətraflı məlumatı bankın rəsmi internet səhifəsində, eləcə də facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.